Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Sahibkarlar Klubu təlimləri” təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında imzalanmış “Əməkdaşlığa dair anlaşma Memorandumu”na əsasən, bankın “Sahibkarlar Klubu”na üzv olan bir qrup iş adamı üçün Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında təlimlər keçirilib. 60-dan çox iş adamının qatıldığı təlimlərə Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, AMEA-nın İqtisadiyyat İnstitutu və ABB-nin əməkdaşları cəlb olunublar.

Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov, həmin institutun şöbə rəisi, AMEA-nın müxbür üzvü, professor Akif Musayev, habelə Beynəlxalq Bankın baş direktoru Nərgizxanım Biləndərli, bankın Kiçik və Orta Sahibkarlarla İş Departamentinin direktoru Nuru Xəlilov, Marketinq Departamentinin direktoru Zara İbrahimzadə və digərləri çıxış ediblər. İştirakçılara sahibkarlığın inkişafına dövlət dəstəyi, mühasibat uçotu, biznes fəaliyyətinin təkmilləşdirilməsi, regionlara investisiyaların təşviqi mexanizmləri və yeni biznes imkanları barədə məlumat verilib.

Təlim zamanı kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün müxtəlif imtiyazlı bank və qeyri-bank xidmətləri, sahibkarlığın inkişafı istiqamətində müsbət təcrübələrin öyrənilməsi və tətbiqi, ixracyönümlü sahibkarların sayının artırılması, güzəştli tariflər ilə bank xidmətlərinin göstərilməsi, bu sahədə vergi qanunvericiliyinin müddəaları müzakirə edilib.

Tədbirin xüsusi müzakirə mövzularından biri dövlət-özəl biznes münasibətləri olub. Bu münasibətlər çərçivəsində dövlətin layihələr şəklində özəl sektor üçün görə biləcəyi işlər, özəl sektorun fərqli üsullar, o cümlədən satınalmalar şəklində bu prosesə cəlb olunması, özəl biznesin müstəqil şəkildə öz maliyyə vəsaiti hesabına dövlət layihələrində iştirak etməsi, bu zaman dövlətdən vergi güzəşti, imtiyazları, güzəştli bank krediti və s. şəkildə gözləntiləri ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarların sualları peşəkar mütəxəssislər tərəfindən cavablandırılıb.