Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın hərracda satış mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar Vergi Məcəlləsində dəyişiklik edilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli Qərarı qəbul edilib. Həmin Qərarda ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilib.

Bununla əlaqədar “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 may 2021-ci il tarixli Qanunu qəbul edilib və 22 iyun 2021-ci il tarixdən qüvvəyə minib.

Dəyişikliyə əsasən, verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı, hesablanmış sadələşdirilmiş verginin hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulması müəyyən edilib.

Verilmiş borcun təminatı kimi fərdi sahibkarın əmlakı çıxış etdikdə isə ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı hərracın nəticələrini təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergi tutmaq öhdəliyindən azad edilib və verginin hesablanması, dövlət büdcəsinə köçürülməsi və bəyannamənin təqdim edilməsi vəzifəsi fərdi sahibkarın üzərinə qoyulub.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində ƏDV tutulan əməliyyat hesab edilməyəcək. Dəyişiklik bankların fəaliyyəti ilə bağlı olmayan balansına keçmiş girov əmlakların satışının tam şəkildə ƏDV-yə cəlb edilməməsi məqsədilə qəbul olunub.

Beləliklə, ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın baş tutmayan hərrac üzrə ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı ipoteka ilə yüklü edilmiş əmlak fərdi sahibkara məxsus olduqda sadələşdirilmiş vergini fərdi sahibkarlar özləri ödəyəcək, əmlak vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə məxsus olduqda isə sadələşdirilmiş vergi hərrac təşkilatları tərəfindən ipoteka saxlayandan tutulacaqdır.