Tədris Mərkəzinin əməkdaşları KOICA Azərbaycan Nümayəndəliyinin “CIAT Paylaşımdır” Proqramının qalibi olub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi sahibkarlıq fəaliyyəti subyektləri arasında vergi savadlılığının artırılması sahəsində mütəmadi tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində növbəti addım Mərkəzin əməkdaşlarının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Nümayəndəliyinin “CIAT Paylaşımdır” Proqramında iştirakı olub.
Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Ülkər Kazımova və həmin şöbənin müəllimi Tural Abbasovun KOICA Azərbaycan Nümayəndəliyinə “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda təqdim etdikləri layihələr “CIAT Paylaşımdır” Proqramının ilk qalibi olub. Proqramın əsas məqsədi KOICA məzunlarının Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə vermələri üçün onların fəaliyyətlərinin dəstəklənməsi və KOICA ilə məzunlar arasında əməkdaşlığın daha da genişləndirilməsindən ibarətdir.
Layihə çərçivəsində Azərbaycanın Qusar, Zaqatala, Gəncə, Sabirabad və Şamaxı bölgələrində 1 ay müddətində sahibkar qadınların vergi mövzusunda maarifləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, sahibkar qadınlara vergi qanunvericiliyi tədris olunmaqla yanaşı, onlara vergi hesabatlarının tərtibi qaydası praktiki şəkildə izah ediləcək.