Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İlin ilk 5 ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının sayı ötən illə müqayisədə 27,2 faiz artıb

2021-ci ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1.260.629 vergi ödəyicisinin 87,7%-i fiziki, 12,3%-i faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb ki, bunun da 94,3%-i fiziki, 5,7%-i isə hüquqi şəxslərin hesabına baş verib.

2021-ci ilin son üç ayında (mart, aprel və may ayları) ardıcıl olaraq qeydə alınan vergi ödəyicilərinin sayında artım müşahidə edilməkdədir.

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (97,9%) kommersiya qurumlarının hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 7,7% artaraq 138.803, qeyri-kommersiya qurumlarının sayı isə 1,4% artaraq 15.793 vahid təşkil edib. Cari ilin 5 ayında 4.573 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,2% çoxdur. Yanvar-may aylarında kommersiya qurumlarının dövlət qeydiyyatının 83,3%-i elektron qaydada, 16,7%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında həyata keçirilib.

Bu ilin ötən dövrü ərzində ilkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 910 hüquqi şəxsin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib ki, bu da ümumi qeydiyyatın 20%-i deməkdir. Yanvar-may aylarında qeydiyyatdan keçmiş 4.573 kommersiya qurumundan 4.214-ü yerli investisiyalı, 359-u isə xarici investisiyalı qurumlardır. Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 56,1% artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91,7% təşkil edib.

Bu ilin ilk 5 ayında fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 4.676 vahid təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 9,8% artıb. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayında isə müvafiq olaraq 14,8%-lik artım müşahidə edilir. Hesabat dövründə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayında ötən illə müqayisədə 1% azalma qeydə alınıb. Bu azalma, həmçinin, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayında da (4,6 faiz) müşahidə edilir.

2021-ci il iyunun 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,2%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyəti, 1,3%-i kooperativ və s. formalarda yaradılıb. Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,6%-i kommersiya qurumlarıdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 14,3% artıb, xüsusi çəkisi isə 59% olub. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,3% artaraq 24.574 vahid təşkil edib.

Cari ildə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 746 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 313 vahid və ya 72,3% çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,3%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.

2021-ci il iyunun 1-dək 16.121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 10.787-nin fəaliyyəti aktivdir, 4.472-nin fəaliyyəti dayandırılıb, 862-si isə ləğv edilib. Hesabat dövründə fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb. Qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,2%-i xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliyi və ya filialı, 78,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyəti və kooperativ, 2,6%-i isə digər təşkilati-hüquqi formalardadır. Bu ilin yanvar-may aylarında dövlət qeydiyyatından keçmiş 359 xarici investisiyalı kommersiya hüquqi şəxsin 29%-i ticarət, 27%-i xidmət, 13,1%-i tikinti, 30,9%-i digər sahədə fəaliyyət göstərir.

Bu ilin may ayında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 35-i Türkiyə, 7-i İran, 6-sı Pakistan, 3-ü Rusiya investisiyalı hüquqi şəxslərdir.

2021-ci il iyunun 1-nə 285 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.