Xidmətdə fərqlənən əməkdaşlar üçün tədbir keçirilib
Dövlət Vergi Xidməti tərəfindən əməkdaşların stimullaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi və motivasiyanın gücləndirilməsinə nail olmaq məqsədilə onların iş fəaliyyətinin qiymətləndirilməsi və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Obyektiv qiymətləndirmə metodları əsasında xidməti fəaliyyəti zamanı fərqlənən əməkdaşlar üçün təlim-tədris proqramı, sosial və mədəni tədbirlər təşkil edilir.
Mayın 1-2 tarixlərində DVX-nin ayrı-ayrı strukturlar üzrə fərqlənmiş əməkdaşları üçün Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında iki günlük mədəni istirahət proqramı təşkil olunub. Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov iştirakçıları salamlayaraq, onları Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun qəhrəmanlığı sayəsində erməni işğalçıları üzərində qazanılmış şanlı qələbə münasibəti ilə təbrik edib, bu tarixi hadisənin hər kəsdə, o cümlədən dövlət vergi orqanlarının əməkdaşlarında yüksək əhval-ruhiyyə yaratdığını qeyd edib. Sonra Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının müdiri Alış Qasımov, tanınmış təlimçi Fəxri Ağayev əməkdaşlar üçün maraqlı mövzularda çıxış ediblər.
Tədbir çərçivəsində iştirakçıların Şamaxı rayonunun Dəmirçi kəndinə səfəri təşkil olunub. Onlar Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi emalatxanası və “Dəmiçi Məscidi”ni ziyarət ediblər. Əməkdaşlar Şamaxı Astrofizika Rəsədxanasında da olublar. Tədbir zamanı şahmat, nərd, dama və stolüstü tennis oyunları üzrə idman turnirləri keçirilib. Turnirlərin qaliblərinə Tədris Mərkəzinin rəhbərliyi tərəfindən sertifikat və hədiyyələr təqdim edilib.
DVX-nin əməkdaşları onlar üçün yaradılmış təkmil işgüzar mühiti, stimullaşdırıcı alətləri, təlim və tədris proqramlarını, o cümlədən asudə vaxtın təşkili istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Belə tədbirlərin onların fəaliyyətinə və işdə məhsuldarlığın daha da artmasına töhfə verdiyini bildiriblər.