Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin iştirakı ilə panel müzakirəsi keçirilib.

Panel müzakirəsində çıxış edən təhsil naziri Emin Əmrullayev təhsil nəticələrinin uzun müddətdə iqtisadi artım tempini müəyyən edən əsas element olduğunu vurğulayıb. Nazir bununla bağlı beynəlxalq qiymətləndirmə tədqiqatlarından nümunələri diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın son illər ərzində uğurlu nəticələrini qeyd edən təhsil naziri eyni zamanda ümumi təhsil müəssisələrində rəqəmsal əhatəni təmin edəcək fiber-optik şəbəkələşmə layihəsindən danışıb. 2021-2025-ci illəri əhatə edəcək bu şəbəkə nəticəsində ölkə üzrə şagirdlərin 75 faizi fiber-optik qoşulma ilə genişzolaqlı internet xidmətindən istifadə edə biləcək ki, bu da təhsildə rəqəmsal əlçatanlılığı artıracaq.

Nazır çıxışında “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilərək növbəti tədris ilində bu layihəyə 200 min məktəblinin cəlb olunacağını deyib. Həmçinin təhsil naziri kibertəhlükəsizlik üzrə qısamüddətli kursların effektiv nəticə verdiyini bildirib.

Təhsil naziri növbəti tədris ilindən fəaliyyətə başlayacaq SABAH magistraturasında müasir əmək bazarının tələblərinə cavab verən yeni nəsil ixtisas imkanlarından da söz açıb.

Təhsil naziri Emin Əmrullayev hər iki həmkarına bu əhəmiyyətli tədbirə qatıldıqları üçün təşəkkür edib və birgə əməkdaşlığın ümumi məqsədlərə çatmaq istiqamətində vacib həlqə olduğunu vurğulayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında dövlət başçısının rəqəmsallaşma, innovasiya sahəsinə xüsusi önəm verdiyini vurğulayıb və bu baxımdan müzakirə olunan layihənin əhəmiyyətini qeyd edib. İnsan kapitalı və müasir innovasiyalar məkanının yaradılması “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas istiqamətlərindəndir. İqtisadiyyat naziri yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün həm dövlət qurumlarının, həm də biznesin Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşmalı olduğunu diqqətə çatdırıb. Bu baxımdan rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, dövrün tələblərinə uyğun kadr potensialının formalaşdırılması vacib amillərdəndir. İqtisadiyyatın bütün sahələrində rəqəmsal bilik və bacarıqlara tələb getdikcə artır. Mikayıl Cabbarov innovativ inkişaf üçün nazirliyin üç istiqamətdə fəal iş aparacağını bildirib. Birinci istiqamət dövlət resurslarının bu və digər sahələrə istiqamətləndirilməsinə dəstək verilməsidir. Digər istiqamətlər isə biznes dünyası ilə dialoqun aparılması və özəl sektora dəstəyin göstərilməsi, vergi güzəştlərindən tutmuş, müxtəlif təşviqlərə qədər sistemli yanaşmalar olacaq.

Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, innovasiyalara aparan yol yalnız təhsil və elmdən keçir. Rəhbərlik etdiyi İnnovasiya İşçi Qrupu çərçivəsində həyata keçirilən işlərdən danışan nazir Azərbaycanda innovasiyaya baxış mövzusunda fikirlərini bölüşüb. “Biz innovativ mühiti üç qatdan ibarət bir piramida kimi təsəvvür edirik. Piramidanın alt, ən zəruri qatını ölkədə sağlam dövlət idarəetmə sistemi təşkil edir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu təməlin möhkəmləndirilməsini təmin etmişdir və bu sahədə islahatlar davam edir. Piramidanın orta təbəqəsi elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır”. Nazir bu baxımdan iki məsələnin vacibliyini vurğulayıb.

“Birincisi, elmi tədqiqatların inkişafıdır. İnnovasiyaya aparan yol ixtiralarla zəngindir” deyən Rəşad Nəbiyev qeyd edib ki, tədqiqatlara qoyulan sərmayə sürətli şəkildə artmalıdır. “Təhsil təkliflərini elmi araşdırmalarla gücləndirmək lazımdır – universitetlərin burada oynayacağı rol əhəmiyyətlidir. İkincisi, elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır. Davamlı startap ekosistemi piramidanın üst qatını təşkil edir”.

Rəşad Nəbiyev Milli İnnovasiya Strategiyasında bu məsələlərin nəzərə alındığını diqqətə çatdırıb.

Müzakirədə aidiyyəti dövlət qurumları ilə birgə özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.

Tədbirin ikinci hissəsi sual-cavab sessiyası ilə davam edib.