Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin əməkdaşları beynəlxalq dəyirmi masada iştirak ediblər

Aprelin 16-da Ukrayna Dövlət Fiskal Xidmət Universiteti tərəfindən “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə effektiv mütəxəssis hazırlığı sisteminin qurulması” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktiki dəyirmi masa təşkil olunub.

Dəyirmi masada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin, eləcə də Azərbaycanın dövlət fiskal siyasətini həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər.

Tədbir dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə yüksək ixtisaslı kadr hazırlığı mövzusunda aktual məsələlərin müzakirə olunması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi daşıyıb.

Dəyirmi masada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, həmçinin Mərkəzin əməkdaşları İmran Qarayev və Nazim Əliyev təmsil ediblər. M.Kazımov Tədris Mərkəzində dövlətin iqtisadi təhlükəsizliyi və hüquq-mühafizə fəaliyyəti üzrə kadr hazırlığı, bu sahədə mövcud imkanlar və qarşıda duran vəzifələr, İ.Qarayev isə dövlətin iqtisadi təhlükəsizliyinin milli təhlükəsizliyinin tərkib hissəsi olması mövzularında çıxış ediblər. Azərbaycanda həyata keçirilən çoxvektorlu iqtisadi siyasət çərçivəsində qanunvericilik bazasının təkmilləşməsi, icra edilən dövlət fiskal siyasəti və iqtisadi təhlükəsizliyin dayanıqlılığının təmin olunması qeyd edilib.

Dəyirmi masada həmçiin Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məzahir Əfəndiyev iştirak edib və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər milli ordumuzun ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda apardığı, 44 gün davam edən Vətən müharibəsində qazandığı şanlı qələbə aspektində dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çıxış edib.