“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297; 2009, № 6, maddə 419; 2011, № 3, maddə 182; 2017, № 5, maddə 802) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Preambula üzrə:
1.1.1. “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin və” sözləri çıxarılsın;
1.1.2. “müddəalarına” sözündən əvvəl “və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin” sözləri əlavə edilsin;
1.2. 2-ci hissədə “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;
1.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə” üzrə:
1.3.1. 1.1-ci bənddə “2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin” sözləri “2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin” sözləri ilə əvəz edilsin;
1.3.2. 1.3-cü bəndə “Test imtahanı” sözlərindən sonra “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) təklifi əsasında” sözləri əlavə edilsin;
1.3.3. 1.4-cü bənd ləğv edilsin;
1.3.4. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.5. Dövlət vergi orqanlarında vakant vəzifələr olduqda, Xidmət, işə qəbulla əlaqədar sənədlərin təqdim edilməsi üçün müəyyən olunmuş son müddət göstərilməklə, kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında müsabiqə elanı verir. Müvafiq elan müsabiqənin başlamasına ən azı bir ay qalmış verilir.”;
1.3.5. 2.1-ci bənd üzrə:
1. birinci cümlədə “Vergilər Nazirliyi” sözləri “Xidmət” sözü ilə əvəz edilsin;
2. ikinci cümlədə “vergilər nazirinin” sözləri “Xidmət rəisinin” sözləri ilə, “Vergilər Nazirliyinin Kollegiyasında baxılır və” sözləri “Xidmət rəisinin əmri ilə” sözləri ilə əvəz edilsin;
1.3.6. 2.4-cü bənd ləğv edilsin;
1.3.7. 3.1-ci bəndə “üçün” sözündən sonra “keçirilən” sözü əlavə edilsin və həmin bənddə “ərizə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri “forması Xidmət tərəfindən müəyyən edilən ərizə ilə Xidmətə” sözləri ilə əvəz edilsin;
1.3.8. 3.2-ci bənddə “bir ay” sözləri “10 iş günü” sözləri ilə, “Vergilər Nazirliyi tərəfindən yoxlama aparılır” sözləri “Xidmət tərəfindən yoxlama aparılır və nəticəsi barədə namizədə məlumat göndərilir” sözləri ilə əvəz edilsin;
1.3.9. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.3. Vergi orqanlarına işə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:
3.3.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
3.3.2. tərcümeyi-hal;
3.3.3. kadrlar uçotunun şəxsi vərəqəsi;
3.3.4. 4x6 sm ölçüdə dörd ədəd, 9x12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;
3.3.5. ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti;
3.3.6. əmək kitabçasının surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
3.3.7. sağlamlıq haqqında arayış;
3.3.8. narkoloji dispanserdən müayinə aktı və arayış;
3.3.9. məhkumluğun olmaması barədə arayış;
3.3.10. hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla).”;
1.3.10. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
“3.3-1. Tərcümeyi-halı və kadrlar uçotunun şəxsi vərəqəsini müraciət edən şəxs özü əllə yazır və imzalayır. Müraciət edən şəxs tərcümeyi-halda və kadrlar uçotunun şəxsi vərəqəsində göstərilən məlumatların doğruluğuna görə cavabdehdir.”;
1.3.11. 3.4-cü və 3.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“3.4. Namizəd aşağıdakı hallarda müsabiqəyə buraxılmır:
3.4.1. bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə təhrif olunmuş məlumatlar aşkar edildikdə;
3.4.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3.4.3. məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;
3.4.4. çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla).
3.5. Ərizələri qəbul edilmiş namizədlər Mərkəzin internet portalında qeydiyyatdan keçir.”;
1.3.12. 3.6-cı bənd ləğv edilsin;
1.3.13. 3.7-ci bənddə “Vergilər Nazirliyi” sözləri “Xidmət” sözü ilə əvəz edilsin;
1.3.14. 3.9-cu, 3.11-ci və 3.13-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“3.9. Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin internet portalında yerləşdirilir. Namizədin müraciəti əsasında test imtahanında topladığı bal barədə 2 gün müddətində ona Xidmət tərəfindən yazılı məlumat verilir.”;
“3.11. Test imtahanının nəticələri Xidmətə təqdim edildiyi gündən 14 iş günü müddətində müsahibənin keçirilmə vaxtı barədə Komissiya qərar qəbul edir. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə ən azı 5 gün əvvəl məlumat verilir. Müsahibə zamanı videoçəkiliş aparılır. Videoçəkiliş müsahibənin keçirilməsinə, eləcə də Komissiyanın normal fəaliyyətinə maneə törətməməlidir.”;
“3.13. Hər bir namizədlə müsahibə fərdi qaydada aparılır. Müsahibə başa çatdıqdan sonra Komissiyanın üzvləri arasında namizədin iştirakı olmadan onun barəsində fikir mübadiləsi aparılır.”;
1.3.15. 3.14-cü bəndin birinci cümləsindən “0, 1,” rəqəmləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Müsahibənin yekun nəticəsi protokolla rəsmiləşdirilir.”;
1.3.16. 4.1-ci bəndin ikinci cümləsinə “əldə etmiş şəxslərdən” sözlərindən sonra “ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə” sözləri əlavə edilsin;
1.3.17. 4.2-ci bənd ləğv edilsin;
1.3.18. 4.3-cü bənddə “elan olunur və mətbuatda dərc etdirilir” sözləri “Xidmətin rəsmi internet saytında yerləşdirilir” sözləri ilə əvəz edilsin;
1.3.19. 4.4-cü bəndin birinci cümləsində “vergilər nazirinə” sözləri “Xidmət rəisinə” sözləri ilə əvəz edilsin;
1.3.20. 4.5-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasının vergilər nazirinə” sözləri “Xidmət rəisinə” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “Vergilər naziri” sözləri “Xidmət rəisi” sözləri ilə əvəz edilsin;
1.3.21. 4.6-cı bənddə “Vergilər Nazirliyinin cari ildəki” sözləri “Xidmətin” sözü ilə əvəz edilsin, həmin bənddən “və bərabər nəticələr əldə edən” və “il ərzində” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Namizədlərin kadr ehtiyatında saxlanılma müddəti iki ildir.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. dövlət vergi orqanlarına işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2021-ci il.