Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirilib
Aprelin 5-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Vətən Müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib. Əvvəlcə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun şücaəti nəticəsində topraqlarımız işğaldan azad olunub, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazanıb. 44 günlük müharibədə tarix yazan rəşadətli Ordumuz, qəhrəman əsgər və zabitlərimiz qələbə əzmini, hərb meydanında yüksək döyüş məharətini və vətənə ülvi məhəbbətini bütün dünyaya nümayiş etdiriblər. Rəis müavini Ordumuzla, qəhrəman əsgər və zabitlərlə bütün Azərbaycanın fəxr etdiyini, Dövlət Vergi Xidmətin döyüşdə xüsusi şücaət göstərən bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə medallarla təltif olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Vətən müharibəsində iştirak etmiş əməkdaşlara iqtisadiyyat naziri tərəfindən təşəkkür elan edilib.
Görüşdə tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs edilib. Əməkdaşlar müharibə barədə xatirələrini danışıb, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə ediblər.
Görüşün sonunda rəis müavini İlkin Vəliyev iştirakçılara təşəkkürnamələri təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.