Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Aksiz dərəcələrinin artması sosial maraqlara xidmət edir

Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra mühüm dəyişiliklər edilib. Məcəllədə aksiz marka və dərəcələrinə də geniş yer verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sözügedən dəyişiklikləri AZƏRTAC-a şərh edib.

Rəis müavini qeyd edib ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır. Beynəlxalq təcrübədə də aksizli mallara tətbiq edilən aksiz vergisinin bir qismi məhz əhalinin sağlamlığının qorunması məqsədlərinə yönəldilir. Ölkəmizdə də məqsəd eynidir və bu artımın iqtisadi təsirləri nəzərə alınır.

O bildirib ki, aksiz dərəcələrinin artırılmasının istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır. Dəyişikliyə əsasən, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər aksizli malların siyahısına daxil edilmiş və hər kiloqramına 30 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib. Aksizli malların siyahısına daxil edilmiş digər bir məhsul qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarıdır ki, bu məhsulların da hər 1000 ədədinə 12,9 manat aksiz dərəcəsi müəyyən edilib. Mövcud aksizli mallardan siqarilla (nazik siqarlar) üzrə aksiz dərəcəsi 1000 ədədinə 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üzrə aksiz dərəcəsi 1000 ədədinə 31 manatdan – 35 manata, elektron siqaretlər üçün maye üzrə aksiz dərəcəsi isə hər litrinə 20 manatdan 100 manata qaldırılıb.

S.Musayevanın sözlərinə görə, aksiz dərəcələrinin artımının bu bazarın inkişafına mənfi təsiri müşahidə olunmur. Ölkəmizdə aksizli mallar bazarı son illər daha çox ixracyönümlü xarakter almağa başlayıb. Vergi orqanları tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur. 2020-ci ildə qeyri-neft sektoru üzrə aksiz daxilolmaları (397,2 milyon manat) 2017-ci ilin müvafiq göstəricisindən 18 dəfə (22,4 mln manat) çox olub.

“İnsan sağlamlığına zərərli məhsullara aksiz dərəcələrinin artması daha çox sosial xarakter daşıyır və bu addım son illər müsbət nəticələrə yol açıb. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Azərbaycanda ümumiyyətlə tütün çəkmə son illər azalma tendensiyası ilə müşahidə olunur. Kişilər arasında siqaret çəkmənin dəqiq statistikasına gəldikdə isə demək olar ki, 20 yaşdan 44 yaşa qədər kişilərin 26 faizə qədəri siqaret çəkir. Bu baxımdan, qanunvericilik səviyyəsində tədbirlərin görülməsi effektiv nəticələr əldə etməyə imkan verir. Bu tendensiya dünya təcrübəsində də geniş tətbiq olunur: bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sağlamlıq üçün zərərli sayılan məhsullara tətbiq edilən vergilər üzrə daxil olan vəsait, əsasən əhalinin sağlamlığının təmin olunması ilə bağlı səhiyyə proqramlarına yönəldilir. Aksiz vergilərindən gələn gəlirlərin piylənmə, şəkər və başqa xəstəliklərdən əziyyət çəkənlərin müalicəsinə cəlb edilməsi təcrübəsi Türkiyədə, ABŞ-da və əksər Avropa ölkələrində mövcuddur”, - deyə o qeyd edib.