Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sahibkarlar üçün “Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda seminar təşkil edilib

Martın 16-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.

“Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda təşkil olunmuş tədbirdə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də öz biznesini qurmaq istəyən şəxslər iştirak ediblər.

Tədbirdə DVX-nın şöbə rəisi Hüsniyyə Abdullayeva sahibkarlığın təşviqi və biznesə başlamaq üçün yaradılmış müasir qeydiyyat sistemlərinin əhəmiyyətini vurğulayaraq dövlət qurumları tərəfindən biznesin elektronlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, onlayn qeydiyyat sisteminin həyata keçirilməsində məqsəd biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Bu sistemə əsasən qeydiyyat sənədləri vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sənədlərin kağız daşıyıcılarda saxlanılmasına zərurət yaranmır.

2018-ci ilin sonundan vergi ödəyicisinin qeydiyyatı yeni üsulla (FİN-kod və mobil nömrə vasitəsilə) və cəmi bir prosedurla (qeydiyyat, ƏDV qeydiyyatı və bank hesabının açılması birlikdə) həyata keçirilir. Yeni üsulla qeydiyyat zamanı əmək müqavilələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə e-imza tələb olunmadan, elektron qaydada ötürülür, qeydiyyat sənədləri elektron dövriyyə edir. Nəticədə qeydiyyat prosesi tam sadələşib, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd tələb olunmur, bütün informasiyalar vahid mərkəzdə toplanır, qeydiyyat məlumatları dərhal aidiyyəti orqanlara göndərilir. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədlərinin bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Beləliklə, qeydiyyat sahəsində aparılmış son islahatlar yerli investisiyalı MMC-nin dövlət qeydiyyatının maksimum elektronlaşdırılmasına imkan yaradıb.

Tədbir zamanı müvafiq sahədə aparılan islahatlar, qeydiyyat üzrə ləğv olunan prosedurlar, hüquqi şəxslərin bir prosedurla onlayn dövlət qeydiyyatı, elektron sistem və ondan istifadə qaydaları ilə bağlı proseslər əyani şəkildə izah edilib. Bundan əlavə, təkmilləşdirilmiş elektron müraciət sisteminin üstünlükləri, ondan istifadə qaydaları ilə bağlı məlumat verilib, müvafiq təlimat videoçarxı nümayiş olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.