Vergi orqanlarına işə qəbul üzrə test imtahanı keçirilib
Martın 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarına işə qəbulla bağlı sayca 17-ci test imtahanını keçirib. Dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin 2020-ci ilin aprel ayında keçirilməsi planlaşdırılsa da, əvvəlcə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələri nəzərə alınmaqla, daha sonra isə ölkədə elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar test imtahanları təxirə salınmışdı. 2021-ci ilin yanvar ayında isə müsabiqə çərçivəsində əlavə sənəd qəbulu elan edilib və bu gün keçirilən test imtahanlarında həm əlavə sənəd qəbulu zamanı müraciət etmiş, həm də təxirə salınmış müsabiqə üçün sənəd vermiş namizədlər iştirak edib.
Müsabiqə üzrə ilkin sənəd qəbulu Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə aparılıb. Həm ilkin sənəd qəbulu mərhələsi, həm də müsabiqə təxirə salındıqdan sonra elan edilmiş əlavə sənəd qəbulu üzrə ümumilkdə 1868 vətəndaş müraciət edib, onlardan 1721 nəfəri vakant vəzifələrin tələblərinə uyğun olduğu üçün müsabiqədə iştiraka buraxılıb. Namizədlər, əsasən, iqtisadiyyat, hüquqşünaslıq və digər ixtisas istiqamətlərini əhatə edir.
Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə vergi və digər sahələri əhatə edən (məntiq sahəsi üzrə suallar istisna olunmaqla) ədəbiyyat siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilib. İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 80 və məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Ümumilikdə 3 sааt dаvаm edən imtаhаn nəticəsində 70 və dаhа аrtıq test tapşırığına düzgün cavab verən nаmizədlər növbəti mərhələyə – müsahibəyə buraxılmaq hüququ əldə edəcəklər. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytı vasitəsilə ictimaiyyətə elan ediləcək.
Müsabiqənin hər iki mərhələsində uğur qazanan namizədlər Dövlət Vergi Xidmətinin kadr ehtiyat bazasına daxil ediləcək və mütəmadi qaydada vakant vəzifələrə təyin edliləcəklər.