Azərbaycanda Amerika Ticarət Palatası və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə onlayn konfrans keçirilib
Martın 10-da Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azerbaijan) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə “Qlobal pandemiya və postmüharibə dövründə iqtisadiyyatın vergi tənzimlənməsi – dayanıqlı iqtisadi artım və münbit investisiya mühiti” mövzusunda onlayn konfrans keçirilib.
Konfransda Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli, DVX-nın digər vəzifəli şəxsləri, AmCham-ın rəhbərliyi və təşkilata üzv şirkətlərin, habelə diplomatik korpusun nümayəndələri iştirak ediblər. Tədbirdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Tədbiri giriş sözü ilə açan AmCham prezidenti Nuran Kərimov konfransın təşkili üçün göstərdiyi dəstəyə görə DVX rəhbərliyinə təşəkkürünü bildirib, təşkilatın Azərbaycanın dövlət qurumları ilə apardığı konstruktiv dialoqdan məmnunluğunu ifadə edib. Vurğulanıb ki, AmCham ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlıdır. Qeyd edilib ki, vergi orqanları ilə əməkdaşlığın nəticəsi olaraq, qurum tərəfindən artıq uzun illərdir ki, vergilər mövzusunda konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan məsələlər üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür. N.Kərimov bugünkü tədbirdə məqsədin ölkənin investisiya mühitinin təkmilləşdirilməsində vergi sisteminin rolu, onun birbaşa xarici investisiyaların cəlb edilməsinə təsiri, bu istiqamətdə mövcud faydalı beynəlxalq təcrübə nümunələri və s. məsələləri müzakirə etmək olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən DVX rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli Azərbaycan iqtisadiyyatının inkişafına verdikləri töhfələrə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. Qeyd olunub ki, DVX vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, sahibkarlıq subyektləri ilə açıq, fəal dialoq qurmağa çalışır. O.Nəzərli AmCham-la birlikdə keçirilən vergi konfranslarının artıq ənənə halını aldığını qeyd edərək, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletməsi səviyyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən “AmCham Azerbaijan” ilə DVX-nın münasibətləri səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslanır. AmChama üzv olan şirkətlər ölkəmizin inkişafında mühüm rola malikdir. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrində geniş təmsil olunurlar. Bu il təşkil edilən vergi konfransının mövzusunun da müasir çağırışlara söykəndiyini vurğulayan O.Nəzərli DVX-nın ölkəmizdə dayanıqlı iqtisadi artımı təmin edəcək münbit investisiya mühitinin yaradılmasında və bu məqsədlə vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə tərəfdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. DVX rəisi qarşıdakı dövrdə vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində əsas tendensiyalar barədə tədbir iştirakçılarına məlumat verib.
“AmCham Azerbaijan”ın Vergi və gömrük komitəsinin sədri Ceyhun Məmmədovun moderatorluğu ilə keçirilən konfrans “İnvestisiya mühitinin təkmilləşdirilməsi ölkənin iqtisadi inkişafının lokomotivi rolunda”, “Vergi idarəetməsində müasir texnologiyadan istifadə”, “Vergi yoxlamalarında yeniliklər – qanunvericilik istiqamətləri, effektivlik və apellyasiya imkanları” və “Faydalı beynəlxalq praktika nümunələrinin ölkəmizdə tətbiqi” adlı dörd paneldən ibarət olmaqla təşkil edilib. İlk paneldə “NEQSOL” şirkətinin təmsilçisi Rəşad Abbasov “Vergi sisteminin birbaşa xarici investisiyaların cəlb edilməsinə təsiri” və DVX-nın Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov “İnvestisiya mühitinin əlverişliliyi üçün gələcək hədəflər” mövzularında çıxış ediblər. İkinci panel çərçivəsində “Deloitte” şirkətinin nümayəndəsi Nərmin Aslanova “Qlobal hədəflər və istiqamətlər” və DVX-nn Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fuad Aslanov “Dövlət Vergi Xidməti orqanlarının rəqəmsal texnologiyaya dair planları” mövzularında təqdimat ediblər. Konfransın üçüncü panelində “EY” şirkətinin təmsilçisi Arzu Hacıyeva və “KPMG” şirkətinin təmsilçisi Rizvan Qubiyev, müvafiq olaraq, “Kameral vergi yoxlamaları” və “Vergi yoxlamalarının praktiki aspektləri” mövzularında çıxış ediblər. Son paneldə isə “PwC” şirkətinin təmsilçisi Günel Sadiyevanın “Biznesin stimullaşdırılması sahəsində tətbiq edilən faydalı beynəlxalq praktikalar” və DVX-nın Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Musayevin “Transfer qiymətləndirmə sahəsində perspektivlər və hədəflər” mövzularında təqdimatları dinlənilib.
Konfransın sonunda biznes strukturlarının nümayəndələrini maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.