Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüş keçirilib
Martın 3-də Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (ARGTMŞ) üzv olan gənclər təşkilatlarının nümayəndələri ilə videoformatda görüşü keçirilib.
Tədbirdə çıxış edən ARGTMŞ-nin sədri Azər Əliyev ölkədə aparılan gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu bildirib, gənclər təşkilatlarının inkişafı və şaxələnməsində böyük rolu olan Milli Şuranın fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Milli Şura yarandığı gündən öz ətrafında 133 gənclər təşkilatını sıx birləşdirməklə ölkə gəncləri və təşkilatlarının vahid koordinasiya və əməkdaşlıq mərkəzinə çevrilib. Şuraya üzv olan gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi və dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində qurum rəhbərləri ilə mütəmadi görüşlər keçirilir, bu və ya digər sahədə karyera qurmaqla bağlı fikir mübadiləsi aparılır.
Görüşdə çıxış edən Dövlət Vergi Xidmətinin rəisi müavini Samirə Musayeva Xidmətin fəaliyyət mexanizmi barədə iştirakçılara geniş məlumat verib. Bildirilib ki, vergi orqanlarında çalışanların böyük əksəriyyətini müsabiqə yolu ilə işə qəbul olunmuş gənclər təşkil edir. Rəis müavini Dövlət Vergi Xidmətinin fəaliyyətinin ölkə həyatındakı əhəmiyyətli rolunu qeyd edib və bu məsuliyyətli vəzifənin gənclər tərəfindən uğurla icra olunduğunu xüsusi vurğulayıb. Son dövrlərdə aparılan ardıcıl iqtisadi, o cümlədən vergi islahatları barədə məlumat verən S.Musayeva gənc sahibkarların müasir və innovativ həllərə əsaslanan inzibatçılıq islahatlarına çevik reaksiyasını, məsafədən sahibkar-vergi orqanı münasibətlərinin inkişafına və bununla da şəffaflaşma prosesinə töhfəsini qeyd edib. Dövlət Vergi Xidmətinin həyata keçirilən islahatların mahiyyəti və məzmunu barədə gənclərin maarifləndirilməsi işinə metodoloji dəstəyin verilməsinə hazır olduğu diqqətə çatdırılıb.
Sual-cavab sessiyasında Dövlət Vergi Xidmətinin həyata keçirdiyi layihələrdə gənclər təşkilatlarının iştirakı, vergi sahəsində onların əldə edə biləcəyi güzəştlər, vergi islahatlarının inkişafında gənclərin rolu, gənclər təşkilatlarının fəal üzvləri üçün təcrübə və ya könüllülük imkanları və digər mövzularda geniş müzakirələr aparılıb.