“Azərlotereya”nın idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb
Məlum olduğu kimi, dövlət başçısı “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi barədə Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb.
İmzalanma mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin, “Demirören Holdinq” şirkətinin və “Azərlotereya” ASC-nin rəhbərləri iştirak ediblər.
Tədbirdə Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şücaəti nəticəsində Vətən Müharibəsində böyük Zəfəri vurğulayaraq, qardaş Türkiyənin həmişə olduğu kimi, 44 günlük müharibə dövründə də Azərbaycana siyasi və mənəvi dəstəyini qeyd edib. İqtisadiyyat naziri bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə sürətlə inkişaf edir. Qardaş ölkə Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli iri enerji, nəqliyyat və logistik layihələrin fəal iştirakçısıdır və bu transmilli layihələr regionun inkışafında mühüm amillərdəndir. Ölkələrimiz arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşları artır. İqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın inkişafı imkanları genişdir.
Nazir vurğulayıb ki, “Azərlotereya” ASC-nin idarəyəetməyə verilməsi Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində daha bir əməkdaşlıq layihəsidir. Qeyd edilib ki, prosesə xarici investorların cəlb edilməsi “Azerlotereya”nın fəaliyyətini əsaslı şəkildə dəyişəcək, Səhmdar Cəmiyyətdə qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunmasını sürətləndirəcək, iqtisadi səmərəni əhəmiyyətli şəkildə artıracaqdır. Müasir texnologiya və yanaşmaların tətbiqi sayəsində gəlirlər artacaq və “qara bazar”ın payı azalacaqdır. Bu müqavilənin imzalanması ölkəmizdə dövlət müəssisələrinin fəaliyyət səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması, “kölğə iqtisadiyyatı”nın azaldılması istiqamətində atılan növbəti addımdır.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Vətən Müharibəsində Azərbaycanın böyük qələbəsi münasibətilə təbriklərini ifadə edib. İki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün həyata keçirilən işlərdən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs edən səfir həyata keçiriləcək layihənin iqtisadi əhəmiyyətini vurğulayıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərinin icraçısı Mətin Eynullayev “Azərlotereya”nın xarici investora idarəetməyə verilməsinin dövlət şirkətlərinin sağlamlaşdırılmasında əhəmiyyətini, layihənin uğurlu təcrübə yaradacağını qeyd edib.
“Demirören Holdinq” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Demirörən bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. Bu gün imzalanan layihə ikitərəfli iqtisadi əməkdaşlığa daha bir töhfədir. Holdinqin çoxsahəlı fəaliyyəti barədə məlumat verən Yıldırım Demirörən “Demirören Holdinq”in digər sahələrə də investisiya qoyuluşunda maraqlı olduğunu bildirib.
Sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya”nın idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb. Sənədi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərinin icraçısı Mətin Eynullayev və “Demirören Holdinq” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Dəmirören imzalayıblar.
“Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu həmçinin, Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtalyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören Holding” 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.
“Demirören Holding” həmçinin, Türkiyənin ən böyük media qruplarından birinin sahibidir. Media qrupa CNNTürk, Kanal D kimi məşhur televiziya və radio kanalları , Milliyət, Hürriyyət, Vətən, Posta və s. qəzetlər daxildir.