Aksizsiz tütün məmulatları aşkar olunub
Saxta yolla istehsal olunmuş tütün məmulatlarının istehsalı, satışı və saxlanılmasının qanunazidd olması, inzibati və cinayət məsuliyyəti yaratması ilə bağlı aparılan maarifləndirmə işlərinə, həmçinin belə hallara qarşı mübarizə tədbirlərinə baxmayaraq, hələ də ölkə ərazisində aksizsiz tütün məmulatlarının qanunsuz dövriyyəsi hallarına rast gəlinir. Bu cür hallarla bağlı müvafiq tədbirlərin görülməsi və qanunazidd əməllərin qarşısının alınması hüquq-mühafizə orqanlarının, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qarşısında duran əsas vəzifələrdəndir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən vergi ödəyicisi Abbasov Xəzər Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayi yolu ünvanda yerləşən “Xəzər market”də operativ vergi nəzarəti tədbiri həyata keçirilib.
Tədbir zamanı obyektdə külli miqdarda - dəyəri 14.400 manat olan 7.000 qutu aksiz markası ilə markalanmalı olan, lakin həmin markalarla markalanmayan tütün məmulatları aşkar edilib. Müəyyən olunmuş faktlar protokollaşdırılıb və vergi ödəyicisi barəsində materiallar hüquqi qiymət verilməsi üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinə təqdim olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşlara bir daha müraciət edərək bildirir ki, aksiz markası ilə markalanmalı olan, lakin həmin markalarla markalanmayan tütün məmulatlarının istehsalı, satışı və saxlanması ilə məşğul olan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq məsuliyyət tədbirləri görüləcəkdir.
Vətəndaşlar belə hallarla rastlaşdıqları təqdirdə, Dövlət Vergi Xidmətinin “195-1” Çağrı Mərkəzinə və yerli vergi orqanlarına məlumat verə bilərlər.