Dövlət Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulunu elan edir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir.
Müsabiqəyə sənəd qəbulu Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə cari ilin yanvar ayının 25-i, saat 10.00-dan fevral ayının 8-i, saat 24.00-dək aparılacaq. Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanı vasitəsi ilə məlumat verilir. Sənədlər qəbul edildikdən sonrakı beş gün ərzində müvafiq işçi qrup tərəfindən yoxlanılır və ərizəsinin qəbul edilməsi barədə namizədin elektron poçt ünvanına onun iş nömrəsi göndərilir.
Elektron ərizənin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edildiyi barədə elektron poçt ünvanına bildiriş göndərilmiş namizəd həmin bildirişdə Dövlət İmtahan Mərkəzinin elektron ərizə bazasında ərizənin namizədin özü tərəfindən təsdiq edilməsi üçün qeyd olunmuş müvafiq linkə daxil olmaqla 17 fevral 2021-ci il saat 09:00-dək elektron ərizəsini təsdiq etməlidir. Elektron ərizəsini təsdiq etmiş namizədlər 06.03.2021-ci il tarixdən imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.
Müsabiqənin test imtahanı mərhələsi 13 mart 2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. İmtahana daxil olmaq üçün namizəd şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir. Test imtahanı mərhələsinin suallarını əhatə (məntiq sahəsi üzrə suallar istisna olunmaqla) edən ədəbiyyat siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir.
Mövcud vakant vəzifələrin tələblərinə uyğun olaraq müsabiqədə iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər, yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə müvafiq Komissiya tərəfindən baxılaraq yaş həddi tətbiq edilməyə bilər. MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.
Müsabiqədə uğur qazanan şəxslərə vakant vəzifələr üzrə iş təklif ediləcək. Təklifdən imtina edən şəxslər Dövlət Vergi Xidmətinin kadr ehtiyatından çıxarılacaq.