Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"ƏDV-ni geri al" "İlin innovasiya layihəsi" seçilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Innoweek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı"nın nəticələri açıqlanıb. Mükafatlar bu dəfə 7 nominasiya üzrə təqdim edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiinin 2020-ci ildə praktiki tətbiqinə başladığı “ƏDV-ni geri al” layihəsi “İlin innovasiya layihəsi” nominasiyasında müsabiqənin qalibi seçilib. Mükafat dekabrın 30-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayevaya təqdim olunub.

Qeyd edək ki, cari ilin may ayından etibarən ölkədə pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi işə salınıb. Alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərini qeydiyyata almaq məqsədilə ayrıca "www.edvgerial.az" portalı hazırlanıb. Portalın əsas əhəmiyyəti təkcə ƏDV-nin geri qaytarılmasında deyil, həm də pərakəndə ticarət və ictimai iaşə sektorunda real dövriyyələrin müəyyən olunmasına xidmət etməkdir. Bu portalın yaradılması həm biznes ictimaiyyəti, həm də vətəndaşlar tərəfindən Dövlət Vergi Xidmətinin 2020-ci ildə uğurlu layihələrindən biri kimi qiymətləndirilir.

Sayca 2-ci dəfə keçirilən "Azərbaycan İnnovasiya Mükafatı" 2019-cu ildə təsis olunub. “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə yaradılan mükafatlandırma proqramıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti innovativ layihələrin tətbiqini bundan sonrakı fəaliyyətində də davam etdirəcəkdir.