Vətən torpaqlarını qoruyan igidlərimiz...
Vətən Müharibəsində zəfər tarixi yazan, döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş yüzlərlə əsgər və zabitimiz dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qürur və şərəf tariximizi yazan, təltif edilən igid oğullarımız arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Araz Ağayev də var. Baş leytenant Araz Ağayev “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Araz ehtiyatda olan zabit kimi ilk günlərdən Qarabağın azadlığı uğrunda döyüşlərə qatılıb. O, Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Hazırda Xankəndi ətrafında mövqelərdə xidmət edir.
Təltif xəbəri ona elə mövqedə çatdırılıb. Üç övlad atası olan Araz Vətən uğrunda gedən döyüşlərin iştirakçısı olduğu üçün özünü xoşbəxt sayır. Döyüşlərə yollanmamışdan əvvəl sosial şəbəkədə yazdığı son status belə idi: “Uca millətimizin birlik tarixi, bütün ümidsizliklərdən qurtuluş tarixidir. Bu tarixi olduğu kimi, hər anını, hər saniyəsini sevə-sevə yazmaq lazımdır ki, gələcək nəsillər geriyə boylananda ürəkləri dağa dönsün”.
Zəfər tarixinin yazılmasında iştirak edən həmkarımızı təbrik edirik.
Tanrı bütün hərbçilərimizi qorusun!
Qarabağ Azərbaycandır!