Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının təqdimatı keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının təqdimatına dair videokonfans formatında işgüzar görüş keçirilib.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkəmiz Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verir və AHK bu istiqamətdə fəaliyyəti təqdirəlayidir. Vurğulanıb ki, AHK tərəfindən “KPMG Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının pandemiyanın iqtisadiyyata təsirlərinin müəyyənləşdirilməsi və təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən institusional islahatların qiymətləndirilməsində faydalı platformadır.

İqtisadiyyat naziri ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığını, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətləri, qarşılıqlı investisiya qoyuluşlarının artmasında önəmi diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayan Mikayıl Cabbarov xarici investorları işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.

"AHK Azərbaycan"ın İdarə Heyətinin sədri Fərid İsayev Almaniya ilə tərəfdaşlığın inkişafı üçün "AHK Azərbaycan”-nın fəaliyyətini genişləndirəcəyini diqqətə çatdırıb.

İclasda “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının təqdimatı keçirilib, ekspertlərin rəyləri dinlənilib. Hesabata əsasən, xarici investorlar Azərbaycandakı siyasi və makroiqtisadi sabitliyi xüsusi vurğulayıb, respondentlərin 69 faizi ölkəmizdə aparılan vergi islahatlarını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, hesabat Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri arasında keçirilən Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır.