“Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclası keçirilib
Noyabrın 2-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyilə Türk Ticarət və Sənaye Palatasının (TCCI) növbədənkənar görüşü keçirilib. Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türk Ticarət və Sənaye Palatasının və Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Mustafa Rifat, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Qazaxıstan Sahibkarlarının Milli Palatasının sədri Ablay Mirzahmedov, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev və digər rəsmi şəxslər iştirak edib.
Türk Ticarət və Sənaye Palatasının və TOBB-un prezidenti Mustafa Rifat giriş nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Azərbaycan torpaqları işğaldan azad olunur. “Azərbaycana hər sahədə dəstək verməyə hazırıq və torpaqların işğaldan azad olunması ilə bağlı Azərbaycanın apardığı mübarizədən qürur duyuruq”, - deyən M.Rifat Azərbaycanın istehsal, ticarət, logistika imkanlarının geniş olduğunu vurğulayaraq türkdilli ölkələrin iş adamlarını bu potensialdan daha fəal istifadə etməyə çağırıb. Onun sözlərinə görə, Türkiyənin türkdilli ölkələrdə 20 milyard dollar həcmində investisiyası mövcuddur və qarşıdakı dövrdə uğurlu birgə layihələrə də start veriləcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov əvvəlcə Türkiyənin Egey bölgəsində baş verən zəlzələ nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib. Nazir həmçinin, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa arzulayıb.
Çıxışına davam edən Nazir bildirib ki, Azərbaycanın regionun davamlı inkişafa nail olunmasında göstərdiyi səylərə və əldə etdiyi mühüm uğurlara baxmayaraq, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı siyasəti regional iqtisadi əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr yaradır, iqtisadi potensialın tam istifadə olunmasını məhdudlaşdırır. Tədbir iştirakçılarına Ermənistanın bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlaması, günahsız mülki əhalini və mülki obyektləri artilleriya və raket sistemlərindən atəşə tutaraq törətdiyi terror və müharibə cinayətləri, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik boru kəmərlərini zədələmək cəhdləri barədə məlumat verilib.
Müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə konvensiyalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutmaqda davam edir. “Bildirməliyəm ki, Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatlar beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Azərbaycan bu gün hər hansı dövlətin deyil, öz ərazilərində əməliyyatlar keçirir və yalnız legitim hərbi obyektləri hədəf alır.
Bu xüsusda mən Türk Şurasına, cənab Amreyev, Sizə Azərbaycanın ədalətli mövqeyinə verdiyiniz davamlı dəstəyə görə dərin təşəkkürümü bildirir, üzv ölkələr tərəfindən göstərilən mənəvi dəstəyə görə dərin minnətdarlığımı ifadə edirəm. Türkiyə dövləti isə bu günlərdə Azərbaycana xüsusi dəstək ifadə edir, həm beynəlxalq platformalarda, həm siyasi və ikitərəfli münasibətlərdə çox ciddi dəstək verir. Fürsətdən istifadə edərək, türk birliyinə, bizim üçün həyati önəmli olan dövrdə qardaşlığımıza verilən yüksək dəyərə görə qardaş Türkiyəyə dərin təşəkkürümü bildirirəm” – deyə M.Cabbarov vurğulayıb.
Nazir qeyd edib ki, Türk Ticarət və Sənaye Palatasının üzvü olan Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir, Avrasiyanın mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu və 25 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyət göstərir. Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətlilik İndeksi”nə görə Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 141 ölkə arasında 11-ci, hava nəqliyyatı xidmətləri üzrə 12-ci, dəniz limanı xidmətləri üzrə 25-ci, yol infrastrukturunun keyfiyyətinə görə isə 27-ci yerdədir.
İnvestisiyaların stimullaşdırılması məqsədilə dövlət tərəfindən logistik mərkəzlər və güzəştli şərtlərlə fəaliyyət imkanları verən sənaye zonaları yaradılıb. Azərbaycanda xarici investisiyalara yerli investisiyalarla bərabər hüquqlu rejim tətbiq olunur, investisiya fəaliyyətinə dövlət tərəfindən təminatlar verilir. Nazir bildirib ki, işğaldan azad olunan ərazilər üzrə Vahid Tədbirlər Planı hazırlanıb və bu sahədə Azərbaycan Türk Ticarət və Sənaye Palatasına üzv ölkələrlə əməkdaşlıq etməyə hazırdır.
Türk Şurasının Baş katibi Bağdad Amreyev bildirib ki, ötən müddətdə TCCI-yə üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. Özəl sektoru təmsil edən iş adamları arasında əlaqələrin qurulması üçün üzv dövlətlərdə biznes-forumlar keçirilib və Ticarət Evlərinin açılması ilə bağlı uğurlar əldə olunub. Ölkələrimiz arasında qarşılıqlı investisiya yatırımının artırılması üçün Türk Şurasının da öz imkanlarından istifadə edəcəyini söyləyən B.Amreyev türk iş dünyasının haqq işində Azərbaycanın yanında olduğunu vurğulayıb.
Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, Ermənistan döyüş bölgəsindən çox uzaqda yerləşən rayonların dinc əhalisinə qarşı kasetli bombalardan istifadə edir, bu isə müharibə cinayətləridir. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə sərvətlərimizi talan edib, dövlətə və mülki əhaliyə külli miqdarda ziyan vurub. “İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması üçün işlərə artıq başlanılıb və bu istiqamətdə gələcək fəaliyyətimizdə dost və qardaş türkdilli ölkələrin iştirakından məmnunluq duyarıq”, - deyə R.Həsənov qeyd edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, Prezident İlham Əliyev tərəfindən son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, bu islahatların əsas məqsədi ölkə iqtisadiyyatının şaxələnməsinin təmin olunması, yeni iş yerlərinin yaradılması, əhalinin rifahının daha da yaxşılaşdırılması, ölkəmizin iqtisadi potensialının gücləndirilməsidir. Qeyd edilib ki, Azərbaycan dövləti öz iqtisadiyyatının strukturunu təkmilləşdirir və investisiya mühitinin əlverişliliyinin artırılmasını təmin edir. M.Musayev bildirib ki, Azərbaycanda koronavirusla mübarizədə adekvat addımlar atılıb. Pandemiyanın iqtisadiyyata təsirinin azaldılması ilə bağlı pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərə dövlət tərəfindən böyük dəstək göstərilir. M.Musayev Azərbaycanın valyuta ehtiyatlarının və makroiqtisadi sabitliyin qorunması üçün mövcud iqtisadi alətlərin ölkəmizin iqtisadi inkişafına dayanıqlı zəmin yaratdığını vurğulayıb. Bütün bunlar isə, Türk Ticarət və Sənaye Palatasına üzv ölkələrin qarşılıqlı investisiyalar qoymasına münbit şərait yaradır. M.Musayev bildirib ki, türkdilli dövlətlər arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni və güclü mexanizm olan Türk Ticarət və Sənaye Palatasının fəaliyyəti ölkələrimiz arasında iqtisadi əlaqələrin və sərmayə yatırımları üçün imkanların genişləndirilməsinə, ticarət dövriyyəsinin artmasına yönəlib. “Biz çox istərdik ki, Türk Ticarət və Sənaye Palatasına üzv dövlətlər yeni investisiya imkanlarını bir daha dəyərləndirərək, Azərbaycanda birgə fəaliyyətə qoşulsunlar. Biz qardaşlarımızın burada fəaliyyət göstərməsindən çox məmnun olardıq”, - deyə ASK prezidenti qeyd edib.
İclasda digər çıxış edənlər Türk Ticarət və Sənaye Palatasının türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafında rolundan, bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən danışıblar.
Tədbirin sonunda “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasının iştirakçıları adından Bəyanat qəbul olunub.
Tədbir Türk Ticarət və Sənaye Palatasının Azərbaycanın cəbhə bölgəsində yaşayan və Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkən mülki əhali üçün humanitar yardımının yola salınması ilə başa çatıb.