Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb

Məlum olduğu kimi, koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq, dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi sentyabr ayınadək təxirə salınmışdı.

Son günlər vergi xidmətinə işə qəbulla bağlı imtahanların nə zaman keçiriləcəyi barədə suallar daxil olmaqdadır. Məsələyə Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi vəzifələrini icra edən Elməddin Süleymanov aydınlıq gətirib.

O qeyd edib ki, koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırmalar və digər zəruri tədbirlər, həmçinin Ermənistan Respublikası silahlı qüvvələrinin mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 27.09.2020-ci il tarixli Fərmanına əsasən ölkədə elan olunmuş Hərbi vəziyyət vergi xidmətinə işə qəbulla bağlı müsabiqə üzrə müəyyən olunmuş iş planının dəyişdirilməsinə zərurət yaradıb.

E.Süleymanov elektron ərizələri təsdiq edilmiş namizədlərin nəzərinə çatdırıb ki, müsabiqənin keçirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Lakin mövcud vəziyyəti nəzərə alaraq, müsabiqənin keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.

Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdirələcək.