Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi güzəştləri tətbiq edilmiş sahələr üzrə yeni bəyannamə formaları istifadəyə verilib

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir. Tədbirlər çərçivəsində vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib. Belə ki, bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri əldə ediblər. Bundan əlavə, fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, onlar üçün daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilib. Zərər çəkmiş sahələrdə çalışan vergi ödəyiciləri və mikro sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət vergisi üzrə hesablanmış vergilərin ödəmə müddətləri 1 sentyabr 2020-ci il tarixə kimi uzadılıb. Eyni zamanda, mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına təqdim etməli olduqları sadələşdirilmiş vergi bəyannaməsinin verilmə müddəti 2020-ci il sentyabrın 1-nə kimi uzadılıb və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilib.

Bu güzəşt və azadolmaların bəyannamə formalarında əks etdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları təsdiqlənib.

19 avqust tarixindən “Bəyannamə Tərtibatı Proqramı”nın (BTP) növbəti yeni versiyası istifadəyə verilib. Burada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən müvafiq güzəşt və azadolmaları özündə ehtiva edən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Torpaq vergisi bəyannaməsi” və “Gəlir vergisi bəyannaməsi”nin elektron formada tərtib edilərək vergi orqanına təqdim olunması imkanı yaradılıb. Hazırda digər tədiyyələr üzrə, o cümlədən əlavə dəyər vergisi, mənfəət və əmlak vergisi üzrə bəyannamələrin elektron qaydada tərtibatı zamanı güzəşt və azadolmaların nəzərə alınması istiqamətində işlər aparılır. Yaxın vaxtlarda həmin bəyannamələrin də elektron forması vergi ödəyicilərinin istifadəsinə veriləcək.