AİİB-in Müdirlər Şurasının 5-ci İllik Toplantısı keçirilib
İyulun 28-də Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının videokonfrans formatında 5-ci İllik Toplantısı keçirilib.
"AİİB-in 2030-cu ilədək orta və uzunmüddətli perspektivdə üzvlərinə dəstəkvermə yanaşması" mövzusunda təşkil edilmiş Toplantıda Asiya regionun inkişafı üzrə uzunmüddətli tendensiyalar və qısamüddətli makroiqtisadi dəyişikliklər, AİİB-in Covid-19 pandemiyası ilə mübarizə məqsədilə həyata keçirdiyi tədbirlər, üzv ölkələr üçün Bank tərəfindən təklif olunan dəstək və digər məsələlər müzakirə edilib.
İllik Toplantının fəxri qonağı olan Çin Xalq Respublikasının prezidenti Si Tsinpin çıxış edib, Asiya infrastrukturunun inkişafı məqsədilə regional əlaqələndirmə istiqamətində yaradılan AİİB-in hazırda 6 materikin 102 üzv ölkəsini birləşdirməklə, beynəlxalq səviyyəli maliyyə institutuna çevrildiyini qeyd edib, AİİB-in uğurlu fəaliyyətindən, koronavirus pandemiyası dövründə üzv ölkələrə göstərdiyi dəstəkdən məmnunluğunu və Bankın qarşıdakı dövrdə fəaliyyəti üzrə tövsiyələrini bildirib.
Tədbirdə çıxış edən AİİB-də Azərbaycandan müdir, İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin AİİB-lə əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb, birgə həyata keçirilən layihələr və qarşıdakı 10 il ərzində korporativ strategiyanın inkişafı barədə məlumat verib. Bildirilib ki, regional ticarəti və Avropada enerji təhlükəsizliyini dəstəkləyən TANAP layihəsi AİİB-lə əməkdaşlığın uğurlu nümunələrindəndir. Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu qeyd edən İqtisadiyyat naziri ölkəmizin müasir infrastruktur yaratmaqla beynəlxalq nəqliyyat qovşağına çevrildiyini, Asiya və Avropanı birləşdirən ən qısa nəqliyyat yolu olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Limanının region ölkələri arasında əməkdaşlığın genişləndirilməsində rolunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın bütün regional inkişaf səylərinə baxmayaraq, Ermənistanın təzavüzkar siyasəti bölgədəki iqtisadi əməkdaşlığın genişlənməsinə ciddi maneələr yaradır və iqtisadi potensialın tam reallaşdırılmasını məhdudlaşdırır. Mikayıl Cabbarov Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20%-nin son üç onillikdə Ermənistanın işğalı altında olmasını, 1 milyon əhalinin qaçqın və məcburi köçkünə çevrildiyini, iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində deyil, Azərbaycanın iki dövlət arasındakı sərhəddə yerləşən mövqelərinə artilleriya silahlarından atəş açaraq hərbçi və mülki şəxsləri öldürməsini və yaralamasını, Ermənistanın təxribatının məqsədyönlü şəkildə münaqişə ətrafında vəziyyəti gərginləşdirdiyini, qonşu ölkənin işğalçılıq siyasətinin bölgədəki meqa enerji və nəqliyyat layihələrini ciddi risk altına aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
COVID-19 pandemiyasının neqativ təsirlərindən danışan Mikayıl Cabbarov bu təsirlərin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verib, Azərbaycanda əlverişli biznes mühitinin yaradıldığını və özəl sektorun inkişafına istiqamətlənmiş innovativ islahatların davam etdirildiyini vurğulayıb. Bildirilib ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin Azərbaycanda filialının təşkilinə başlanılıb və bu Mərkəz qlobal çoxtərəfli əməkdaşlıq üçün önəmli platforma rolunu oynayacaq. İqtisadiyyat naziri Azərbaycanın postpandemiya trendləri barədə danışıb, rəqəmsal iqtisadiyyat, İKT, aqrobiznes, tikinti, dağ-mədən, neft-kimya və turizm sektorlarınının prioritet istiqamətlərdən olduğunu və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.
AİİB prezidenti Jin Liqun Bankın fəaliyyəti, Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə AİİB-in 2019-cu il üzrə hesabatı təqdim edilib, yeni üzvlərin qəbulu, növbəti ildə keçiriləcək illik toplantısı barədə fikir mübadiləsi aparılıb.