Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Metodiki Təlimat
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin 03 iyul 2020-ci il tarixli
2017040100660100 nömrəli əmri ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. “Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Metodiki Təlimat” (bundan sonra – Metodiki Təlimat) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanına, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-cı il 23 fevral tarixli 1256 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına və digər aidiyyəti hüquqi aktlara uyğun hazırlanmışdır.
1.2. Bu Metodiki Təlimat sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün vergi orqanlarının operativ vergi nəzarəti strukturunun əməkdaşları (bundan sonra - əməkdaşlar) tərəfindən görüləcək tədbirləri müəyyən edir.
2. Xüsusi karantin rejimi tətbiq edilən dövrdə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün əməkdaşlar tərəfindən görüləcək tədbirlər
2.1. Əməkdaşlar sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin fəaliyyət göstərdiyi əraziyə (bundan sonra – təsərrüfat obyekti) daxil olarkən ilk növbədə özlərini təqdim etməli, xidməti vəsiqələrini göstərməli və xüsusi karantin rejiminə əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə gəldiklərini bildirməlidirlər.
2.2. Əməkdaşlar keçirilən tədbirin vergi nəzarət tədbiri olmadığını və xüsusi karantin rejiminə əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə aparıldığını sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin diqqətinə çatdırmalıdırlar.
2.3. Əməkdaşlar tədbir zamanı aşağıdakıları müəyyən etməlidirlər:
2.3.1. sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olub-olmadığını;
2.3.2. Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilmiş sahələrdə fəaliyyət göstərən hüquqi şəxs olan sahibkarlıq fəaliyyəti subyektlərinin işçiləri və fiziki şəxs olan sahibkarlıq fəaliyyəti subyektləri və onların işçilərinin barəsində məlumatların işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilib-edilməməsi;
2.3.3. Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin say həddinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən tələblərə uyğun olub-olmaması;
2.3.4. Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə günün müəyyən saatlarında icazə verilən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin həmin tələbə əməl edib-etməmələrini.
2.4. Əməkdaşlar keçirilən tədbir zamanı fəaliyyətinə icazə verilən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən aşağıdakılara əməl edib-etmədiklərini müəyyənləşdirməlidirlər:
2.4.1. Təsərrüfat obyektində təmizlik və dezinfeksiya işlərinə riayət edilməsi, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska və əlcəklə təmin edilməsi, işçi heyəti arasında xəstəlik əlamətləri (yüksək hərarət, öskürək, halsızlıq və s.) olan şəxslərin evdə qalmasının təmin edilməsi, o cümlədən ictimai iaşə obyektlərində işçilərin iş geyimi ilə təmin edilməsi, işçilərin tibbi maska və əlcəkdən istifadə etmələrinə, habelə tibbi maska və əlcəklərin təmiz vəziyyətdə olmasına nəzarət edilməsi;
2.4.2. Təsərrüfat obyektinin giriş-çıxış qapılarında, rahat görünən digər yerlərdə koronavirus infeksiyasının profilaktikası üzrə məlumatların yerləşdirilməsi, obyektin girişində, kassalarda və satış sahələrində sosial ara məsafəsinə əməl olunması, sıxlığın yaranmaması məqsədilə müvafiq stikerlərin yapışdırılması, digər xəbərdarlıq işarələrinin yerləşdirilməsi və istehlakçıların maarifləndirilməsi;
2.4.3. Təsərrüfat obyektinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanının təmin edilməsi, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması;
2.4.4. İri təsərrüfat obyektinin giriş-çıxışlarında istehlakçıların əllərinin xüsusi məhlulla dezinfeksiya edilməsi, xəstəlik əlamətləri (yüksək hərarət, öskürək, halsızlıq və s.) müşahidə olunan, tibbi maskalardan istifadə etməyən və ya düzgün istifadə etməyən şəxslərin obyektə daxil olmasının qarşısını almaq məqsədilə əməkdaşların ayrılması;
2.4.5. Təsərrüfat obyektinin daxilində şəxslərin tibbi maskadan istifadə etmələrinə nəzarət edilməsi;
2.4.6. Təsərrüfat obyektinin daxilində obyektin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməsi, bu məqsədlə obyektin ölçülərinə uyğun sayda (hər 10 kvadrat metrə1 nəfər) şəxsin ticarət obyektinə daxil olmasına icazə verilməsi;
2.4.7. İri təsərrüfat obyektində daxili rabitə qovşağı vasitəsilə müntəzəm olaraq istehlakçıların koronavirus infeksiyasının profilaktikası üzrə məlumatlandırılması;
2.4.8. İctimai iaşə obyektlərində qida qəbulu zallarında məsafənin oturacaqlar arasında 1 metr, yemək masaları arasında isə 2 metrdən az olmaması;
2.4.9. Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sisteminin tətbiq edilməsi;
2.4.10. Turizm və otelçilik fəaliyyəti göstərən obyektlərdə qapalı hovuzların ventilyasiyası, hava mübadiləsi, nəm alma cihazının düzgün işləməsinin təmin edilməsi;
2.4.11. Turizm və otelçilik fəaliyyəti göstərən obyektlərdə 10 kvadrat metr ərazidə 4 nəfərin olmamasının, ərazidə oturacaqların ara məsafəsinin 1 metrdən az olmamasının və masaların arasındakı məsafənin 2 metrdən az olmamasının təmin edilməsi;
2.4.12. Çimərlik, kiçik istirahət məkanları və su idman obyektlərində xidmətlərə görə nağdsız ödəniş infrastrukturunun işlək olması;
2.4.13. Təsərrüfat obyektlərində işçi heyətinin sağlamlığından əmin olunması, heyət arasında xəstəlik əlamətləri (yüksək hərarət, öskürək, halsızlıq və s.) olan işçilərin evdə qalması ilə bağlı maarifləndirmənin həyata keçirilməsi.
2.5. Bu Metodiki Təlimatın 2.3-cü və 2.4-cü bəndlərində (2.4.2, 2.4.3, 2.4.7, 2.4.9, 2.4.10, 2.4.12-ci və 2.4.13-cü yarımbəndlər istisna olmaqla) qeyd olunan pozuntulara yol verildiyi aşkarlanarsa, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunmalıdır.
2.6. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki və vəzifəli şəxslərin inzibati qaydada həbsi və 211.1-211.3-cü maddələrinə əsasən hüquqi şəxslərin inzibati qaydada cərimə edilməsi məhkəmə qərarı ilə həyata keçirilir. Qeyd edilən maddələr üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə göstərilən inzibati tənbehlərin tətbiq edilməsi məqsədilə əməkdaşlar tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunaraq zəruri sənədlərlə birlikdə aidiyyəti rayon (şəhər) məhkəmələrinə göndərilməsi təmin edilməlidir.
2.7. Bu Metodiki Təlimatın 2.6-cı bəndində qeyd edilən hallar istisna olmaqla qalan bütün hallarda sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin inzibati qaydada cərimə edilməsi Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.
2.8. Bu Metodiki Təlimatın 2.3.1-ci və 2.3.4-cü yarımbəndlərinin tələblərinin pozulması faktı aşkar edilərsə 2.5-2.7-ci bəndlərdə təsbit olunmuş tədbirlərin görülməsi ilə yanaşı əməkdaş dərhal təsərrüfat obyektinin bağlanmasını tələb etməli və onun bağlanmasını nəzarətdə saxlamalıdır.
2.9. Bu Metodiki Təlimatın 2.3.2-2.3.3-cü yarımbəndlərində və 2.4-cü bəndində qeyd olunan pozuntulara yol verildiyi aşkarlanarsa, 2.5-2.7-ci bəndlərdə təsbit olunmuş tədbirlərin görülməsi ilə yanaşı sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərindən bu pozuntuların dərhal aradan qaldırılması tələb edilməlidir. Yol verilən pozuntuların aradan qaldırılması mümkün olmazsa, əməkdaş təsərrüfat obyektinin bağlanmasını tələb etməli və onun bağlanmasını nəzarətdə saxlamalıdır.
2.10. Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri əməkdaşların tələblərinə əməl etmədiyi halda əməkdaşlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət etməlidirlər.
2.11. Tədbir zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1-ci maddəsinin (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) pozulması faktı aşkar edilərsə bu barədə məlumat dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim edilməlidir.
3. Yekun müddəalar
3.1. Əməkdaşlar tərəfindən inzibati hüquq pozuntusunun aşkar edilərək rəsmiləşdirilməsi və bununla bağlı digər məsələlər İnzibati Xətalar Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş aidiyyəti normativ hüquqi aktlar ilə müəyyən edilir.
3.2. Əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə protokol və müvafiq səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar “pdf” formatında Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə daxil edilir və şəxsi hesab vərəqəsinə inzibati cərimənin işlənilməsi üçün Bəyannamə strukturuna icra üçün göndərilir.
3.3. Bu Təlimatın 3.2-ci bəndinə uyğun olaraq inzibati cərimələrin şəxsi hesab vərəqəsinə işlənilməsi Bəyannamə strukturu tərəfindən həyata keçirilir.
3.4. Bu Təlimatın tələblərinin əməkdaş və səlahiyyətli vəzifəli şəxs tərəfindən pozulması intizam məsuliyyətinə səbəb olur.