Sərtləşdirilmiş karantin rejiminin tələblərinə tam əməl olunmalıdır
Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxanların ümumi sayının artım dinamikası nəzərə alınaraq, ölkədə xüsusi karantin rejimi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilir.
Artıq xeyli müddətdir ki, həmin ərazilərdə müxtəlif dövlət qurumları tərəfindən fəaliyyətinə icazə verilmiş sahələrdə xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vəziyyəti ilə bağlı monitorinqlər keçirilir.
Monitorinqlər zamanı bir çox istehsal sahələrində, ticarət və xidmət obyektlərində müəyyən olunmuş karantin qaydalarına əməl edilməməsi hallarına rast gəlinir, sahibkarlıq subyektləri tərəfindən müvafiq tələblərə etinasız, bir çox hallarda formal yanaşıldığı aşkarlanır.
İqtisadiyyat Nazirliyi fəaliyyətləri zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsi, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması, obyekt daxilində müştərilər arasında 2 metrlik məsafənin qorunmasına ciddi nəzarət edilməsi, maskasız alıcıların obyektə daxil olmasına icazə verilməməsi, obyekt daxilində mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, ticarət obyektində alıcıların sayına nəzarət olunması və zərurət yarandıqda istehlakçıların növbə ilə girişinin təmin edilməsi, müxtəlif sektorlar üzrə koronavirus infeksiyasının profilaktikasına dair təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə tam riayət olunmasının vacibliyini bir daha vurğulayır.
İstər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalı, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir. Sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığın bərpa olunmasında önəmlidir.
Karantin rejimi ilə əlaqədar müəyyən edilən qayda və tələblərin pozulması hallarına yol verilməməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, icazə sistemindən sui-istifadə edilməməsi və işçilərin müəyyən edilmiş zəruri həddən artıq sayda işə çıxarılmaması məqsədilə sahibkarlıq subyektlərinə nəzarət daha da gücləndirilmişdir. İstehsal, ticarət və xidmət obyektlərində monitorinqlər davam etdiriləcək, müəyyən olunmuş qayda və tələblərin pozulması hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcəkdir.