Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının yayılması ilə bağlı mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsiidir. Fondun vəsaitlərinin xərclənməsinə nəzarət məqsədilə aprel ayının 11-də Baş Nazirin müvafiq Sərəncamı ilə İctimai Nəzarət Şurası yaradılıb və Fondun vəsaitinin sərəncamçısı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilib. İctimai Nəzarət Şurasının əsas fəaliyyəti Fonda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığa və maliyyə hesabatlılığına nəzarət etmək, həmçinin ictimaiyyətin bununla bağlı mütəmadi məlumatlandırılmasını təmin etməkdir.
Mayın 5-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib. İclasda Fondun fəaliyyəti, toplanmış maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsi zamanı şəffaflıq və hesabatlılıq məsələləri müzakirə olunub.
Bildirilib ki, ianələrin məbləğindən və ödənişi həyata keçirənin sosial statusundan asılı olmayaraq Fonda toplanan vəsaitlər haqqında məlumat ictimaiyyətə açıqdır və gündəlik olaraq rəsmi internet saytında (http://covid19fund.gov.az/az/) yerləşdirilir. İctimaiyyətin bütün təbəqələrindən olan vətəndaşlar, hüquqi və fiziki şəxslər, sahibkarlar ölkə üçün hazırkı çətin sınaq dövründə həmrəylik nümayiş etdirərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirirlər. 4 may 2020-ci il tarixinə Fonda edilən ianələrin ümumi məbləği 113 milyon manat, 157 min ABŞ dolları, 87,5 min avro və 150 min rubl təşkil edir.
Qeyd edək ki, Fonda toplanan vəsaitlərin koronavirusla mübarizəyə - xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə yönəldilməsi nəzərdə tutulur. Fonda vəsaitlərin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılıb və bu vəsaitlərdən istifadə edilməsi Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir. İndiyədək Fonda toplanmış vəsaitlərdən hər hansı formada istifadə edilməyib.
Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.