Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”in təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planı”nın I hissəsinin 2-ci və 3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.5.13-cü yarımbəndini rəhbər tutaraq

əmr edirəm:

1. “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilsin (əlavə 1).

2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın:

2.1. bu əmrin icrası ilə əlaqədar pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə işçilərə əmək haqqının ödənilməsi və maliyyə dəstəyinin alınması məqsədilə elektron qaydada müraciət etmək imkanının yaradılmasını;

2.2. bu əmrlə təsdiqlənmiş Metodiki Göstəriş barədə vergi ödəyicilərinin şəxsi elektron kabinetləri vasitəsilə məlumatlandırılmasını;

2.3. Maliyyə Nazirliyi tərəfindən açılmış tranzit xəzinə hesabından vəsaitlərin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi barədə gündəlik məlumatların İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu əmrin 1-ci bəndinin icrası ilə bağlı “Maliyyə dəstəyi çərçivəsində qurumlararası məsələlərin əlaqələndirilməsi üzrə İşçi qrupu” yaradılısın.

4. Bu əmrin 3-cü bəndi ilə yaradılmış İşçi qrupuna tapşırılsın ki, maliyyə dəstəyinin göstərilməsi ilə bağlı aidiyyəti qurumlarla səmərəli əlaqələndirməni, eləcə də daxil olmuş müraciətlərə (ərizə, təklif və şikayət) operativ qaydada baxılmasını, müvafiq köməklik göstərilməsini və müraciət etmiş şəxslərə əsaslandırılmış cavabların verilməsini təmin etsin.

5. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri-mətbuat katibi Abbas Əliyevə tapşırılsın ki, bu əmrin İqtisadiyyat Nazirliyinin internet saytında yerləşdirilməsini və kütləvi infromasiya vasitələrində işıqlandırılmasını təmin etsin.

Əsas : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı.
 

Nazir
Mikayıl Cabbarov

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin
2020-ci il 10 aprel tarixli, 2017010017055600 nömrəli əmri ilə
təsdiq edilmişdir (əlavə 1).

Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair

Metodiki Göstəriş

1. Ümumi müddəalar

1.1. Bu Metodiki Göstəriş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin 2-ci və 3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

1.2. Bu Metodiki Göstəriş koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir.

1.3. Bu Metodiki Göstərişin məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir.

2. Əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi proseduru

2.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bilridişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir (Əlavə 1).

2.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlımaliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur.

2.3. Müraciət formasında aşağıdakı məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada əks etdirilir:

2.3.1. Vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı;

2.3.2. VÖEN;

2.3.3. Aktiv bank hesabları;

2.3.4. 1 mart 2020-ci il tarixinə və müraciət tarixinə aktiv əmək müqavilələri bildirişi üzrə işçi sayları.

2.3.5. Müraciət formasında aşağıdakı məlumatlar vergi ödəyicisi tərəfindən onlayn qaydada doldurulur:

2.3.6. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi;

2.3.7. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsi üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısı.

2.3.8. Vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı.

2.4. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulmuş məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

2.5. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər:

2.5.1. Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir; 2.5.2. Müraciət tarixinə işçi sayı 1 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalmışdır;

2.5.3. Aktiv bank hesabları yoxdur;

2.5.4. Riskli vergi ödəyiciləri ilə əməliyyat aparılmışdır.

2.6. Uçot məlumatları üzrə uyğunsuzluqların aşkarlanması ilə əlaqədar müraciət formasının doldurulmasının davam etdirilməsi mümkün olmadıqda vergi ödəyicisi tərəfindən müvafiq səbəblər aradan qaldırıldıqdan sonra şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət olunur.

2.7. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir.

2.8. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit xəzinə hesabı vasitəsilə vergi ödəyicilərinin bank hesablarına gün ərzində köçürülən vəsaitlər barədə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir.

2.9.Vergi ödəyicisinin borcu ilə bağlı köçürülən vəsaitin dondurulmaması və ya dövlət büdcəsinə alınmaması ilə bağlı banka Sərəncam göndərilmir, mövcud Sərəncamlar isə geri götürülür.

2.10. İşçinin əmək haqqı məbləği Dövlət Statistika Komitəsinin dərc etdiyi, yanvar ayı üçün ölkə üzrə müəyyən edilən orta aylıq əmək haqqı məbləğindən (712,0 manat) aşağı olduqda əmək müqaviləsi bildirişində göstərilən əmək haqqı məbləği, yuxarı olduqda isə ölkə üzrə orta aylıq əmək haqqı məbləği əsasında hesablanır.

2.11. Hesablanmış əmək haqqı fondu üçün işəgötürən üzrə sosial sığorta ayırmaları da bank hesabına köçürmələrdə nəzərə alınır.

2.12. Ödəniləcək məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

3. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proseduru

3.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün fərdi sahibkarlara “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir.

3.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Fərdi (mikro) sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur.

3.3. Müraciət formasında aşağıdakı məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik qaydada doldurulur:

3.3.1. Vergi uçotunda olduğu vergi orqanının adı; 3.3.2. VÖEN;

3.3.3. Aktiv bank hesabları;

3.3.4. 2019-cu il ərzində ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları;

3.4. Müraciət formasında aşağıdakı vergi rejimi barədə məlumatlar vergi ödəyicisi tərəfindən onlayn doldurulur:

3.4.1. 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olması;

3.4.2. sabit qəbz almaqla fəaliyyət göstərməsi;

3.4.3. daşıma fəaliyyəti ilə məşğul olması;

3.4.4. gəlir vergisi mükəlləffiyyəti olan mikro sahibkarlıq subyekti olması. 3.4.5. Vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı.

3.5. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomatik yoxlanılır:

3.6. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər:

3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir;

3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır;

3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır.

3.7. Uçot məlumatları üzrə uyğunsuzluqlar aşkarlandıqda, vergi ödəyicisi tərəfindən müvafiq dəyişikliklər aparılır və şəxsi kabinet vasitəsilə yenidən onlayn qaydada müraciət edilir.

3.8. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir.

3.9. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit hesab vasitəsilə vergi ödəyicilərinin bank hesablarına köçürülən vəsaitlər barədə hər günün yekunu üzrə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir.

3.10. Vergi ödəyicisinin borcu ilə bağlı köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi ilə bağlı banka Sərəncam göndərilmir, mövcud Sərəncamlar isə geri götürülür.

3.11. Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan aşağı olduqda ona 250,0 manat həcmində (ölkə üzrə minimum aylıq əmək haqqı) vəsait ödənilir.

4. Yekun müddəalar

4.1.Maliyyə dəstəyi proqramı çərcivəsində vəsait alan vergi ödəyicisi aşağıdakı öhdəlikləri qəbul edir:

4.1.1. Koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir;

4.1.2. Dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır;

4.1.3. Qanunvericiliyinin bütün tələblərinə uyğun olaraq məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilməlidir.

4.1.4. Yuxarıda göstərilənlərlə bağlı vergi ödəyicisi tərəfindən pozuntu hallarına yol verilərsə, həmin vəsait qeyd-şərtsiz dövlət büdcəsinə qaytarılmalıdır.