İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC-nin yeni sosial təşəbbüsü Həmrəylik göstərək! Dəstək olaq!
Koronavirus (COVID-19) infeksiyasının yayılma riskinin azaldılması üçün sosial izolyasiya və profilaktik tədbirlər davam etdirilir. Dövlət qurumları və biznes dairələri bu tədbirlərdə fəal iştirak edirlər.
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizəyə dəstək çərçivəsində İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC birgə əməkdaşlıq çərçivəsində üçüncü sosial layihəyə start verirlər.
Belə ki, sosial layihəyə əsasən, koronavirus pandemiyası müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının pandemiyanın aradan qaldırılması ilə bağlı tədbirlər çərçivəsində xidməti fəaliyyətinin təmin olunmasına köməklik göstərilməsi üçün xüsusi avtomobillər ayrılıb. Bu avtomobillər kiçik həcmli yüklərin daşınmasında da mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ödənişsiz dəstək göstərəcək.
“Azərmaş” ASC sosial məsuliyyət nümayiş etdirərək, bu məqsədlə 100 avtomobil və sürücü ayırıb. Sürücülər antiseptik məhsullar və lazımi qoruyucu vasitələrlə təmin olunublar. Bütün avtomobillər gündəlik dezinfeksiya edilir.
Xidmət müddəti (şənbə və bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları zəruri ehtiyaclar üçün aşağıdakı nömrələrlə əlaqə yarada bilərlər:
Telefonlar: +994 55 300 73 82
Whatsup üçün: +994 55 300 73 70
Məlumat üçün bildiririk ki, İcbari Tibbi Sığorta Agentliyinin ehtiyacları üçün “Azərmaş” ASC əlavə olaraq 100 avtomobil və sürücü ödənişsiz qaydada ayrılıb.
“Azərmaş” ASC-nin ayırdığı 100 avtomobil yaşı 65-dən yuxarı olan vətəndaşların ehtiyaclarının evdən çıxmadan ödənilməsinə köməklik göstərilməsi üçün həyata keçirilən sosial dəstək layihəsi çərçivəsində fəaliyyət göstərir. Beləliklə, koronavirus pandemiayasının qarşısının alınması ilə bağlı aparılan preventiv tədbirlərə “Azərmaş” ASC tərəfindən ümumilikdə 300 avtomobil və sürücü ayrılıb.
Qeyd edək ki, “Azərmaş” ASC Azərbaycanda avtomobil sənayesinin inkişafı məqsədilə 15 noyabr 2017-ci il tarixində yaradılıb. Səhmdar Cəmiyyət rəqabətqabiliyyətli minik və kommersiya avtomobilləri, onların ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. Milli iqtisadiyyatın qeyri-neft sektorunda önəmli rol oynayan ASC-nin tərkibinə Neftçalada Avtomobil İstehsalı Zavodu, «GM Özbəkistan» və «GAZ qrup Rusiya» avtomobil zavodları, kabel istehsalı zavodu, lokallaşdırma müəssisələri, lizinq şirkətləri, servis və ehtiyat hissələrinin satış mərkəzləri daxildir.