Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi orqanlarında könüllü fəaliyyətin təşkili
Qaydaları

 

1. Ümumi müddəalar

1.1. “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları” (bundan sonra-Qaydalar) “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa, “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili ilə əlaqədar bəzi tədbirlərin görülməsi barədə” Vergilər nazirinin 19.04.2019-cu il tarixli 1917040100449600 nömrəli əmrinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) aidiyyəti normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar könüllü fəaliyyətin təşkili və həyata keçirilməsi, könüllülərin qiymətləndirilməsi mexanizmini, könüllü fəaliyyət üzrə koordinatorun və məsul şəxslərin, habelə Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların funksiyalarını müəyyən edir.

2. Əsas anlayışlar

2.0. Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. Könüllü fəaliyyət – şəxslərin özlərini inkişaf etdirməsi və biliklərin artırılması məqsədilə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara əsasən vergi orqanlarında həyata keçirdikləri ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

2.0.2. “Haqqı ödənilməyən (könüllü) fəaliyyət haqqında müqavilə” (bundan sonra – müqavilə) Dövlət Vergi Xidməti ilə könüllülər arasında bağlanılan və tərəflərin hüquq və vəzifələrini müəyyən edən sənəddir.

2.0.3. Könüllülərin qiymətləndirilməsi – könüllülərin fərdi inkişafını təmin etmək, könüllü fəaliyyətin səmərəliliyini və səviyyəsini daha da artırmaq məqsədilə həyata keçirilən qiymətləndirmədir.

2.0.4. Könüllü fəaliyyət üzrə koordinator (bundan sonra - koordinator) – bu Qaydalara uyğun olaraq könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təşkil edən, Dövlət Vergi Xidmətinin rəisinin və ya Dövlət Vergi Xidmətinin Aparatının insan resursları sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur bölməsinin kurasiya üzrə müavininin təyin etdiyi məsul şəxsdir.

2.0.5. Məsul şəxs - vergi orqanının rəhbərinin əmrinə əsasən müəyyən edilən, kargüzarlıq xidmətini həyata keçirən strukturun rəhbəri funksiyasını həyata keçirən şəxsdir.

2.0.6. Könüllülərin növbə cədvəli – könüllülərlə müqavilə bağlandıqdan sonra könüllünün gündəlik fəaliyyəti və vergi orqanının fəaliyyəti ilə uyğunlaşdırılaraq hazırlanmış növbə cədvəlidir. Könüllülərin növbə cədvəli könüllülünün fəaliyyət göstərdiyi vergi orqanının kargüzarlıq xidmətini həyata keçirən strukturunun rəhbəri tərəfindən hazırlanır və təsdiqlənir.

2.0.8. Sertifikat – qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət Vergi Xidməti tərəfindən könüllüyə verilən rəsmi sənəddir.

2.0.9. Könüllülük nişanı – könüllünün adı, soyadı və xidmət göstərdiyi vergi orqanının adını özündə əks etdirən döş nişanıdır.

3. Könüllülərin cəlb olunması

3.1. Dövlət Vergi Xidmətinin Aparatının insan resursları sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur bölməsi (bundan sonra müvafiq struktur bölmə) Dövlət Vergi Xidmətinin Aparatının digər struktur bölmələri və strukturuna daxil olan qurumlardan daxil olan məlumatlar əsasında vergi orqanlarında, Dövlət Vergi Xidmətinin Aparatının vergi ödəyicilərinə xidmət sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur bölməsi isə o cümlədən onların əhatə dairəsinə daxil olan vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü ehtiyacını və könüllünün fəaliyyət göstərəcəyi istiqamətləri müəyyən edir.

3.2. Müəyyən edilmiş ehtiyaclar əsasında könüllülərin cəlb olunması üçün elanların rəsmi mətbu orqanlarda və internet resurslarında yerləşdirilməsi məqsədi ilə müvafiq struktur bölmə tərəfindən (vergi ödəyicilərinə xidmət mərkəzlərinə münasibətdə Dövlət Vergi Xidmətinin Aparatının vergi ödəyicilərinə xidmət sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur bölməsi tərəfindən müəyyən edilmiş ehtiyaclar nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinə müraciət olunur. Elanlarda könüllülərə tələblər, müraciətin yeri və vaxtı barədə məlumat qeyd olunur.

3.3. Media və kommunikasiya idarəsi tərəfindən Dövlət Vergi Xidmətinin rəsmi internet saytında vergi orqanlarında könüllü fəaliyyətə aid olan bölmə idarə edilir, Dövlət Vergi Xidmətində könüllü fəaliyyət barədə Xidmətin rəsmi internet saytında, sosial şəbəkələrdə məlumatlar yerləşdirilir və bu məlumatların kütləvi informasiya vasitələrində yayılması təmin olunur.

3.4. Daxil olan müraciətlərin baxılması və könüllülərin seçilməsi könüllülərin qarşısına qoyulan tələblərə uyğun müvafiq struktur bölmə tərəfindən həyata keçirilir.

3.5. Seçilmiş könüllülər fəaliyyətə başlamazdan əvvəl Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən təşkil olunan ümumi təlimlərə cəlb olunur.

3.6. Təlimlər vergi orqanının funksiyaları, vergi orqanlarında etik davranış, geyim daşıma, informasiya təhlükəsizliyi qaydaları və daxili nizam-intizam qaydaları, könüllü fəaliyyətin məqsədi və motivasiya mövzuları üzrə keçirilir.

3.7. Təlimi uğurla başa vuran və fəaliyyətə başlamalı olan könüllü ilə müqavilə bağlanır.

3.8. Seçilmiş könüllülərin məlumatları müvafiq struktur bölmə tərəfindən könüllülər bazasına daxil edilir və baza mütəmadi olaraq yenilənir.

3.9. Bazada könüllülərin adı, soyadı, ata adı, təvəllüdü, fəaliyyətə başladığı vaxt, müqavilə bağlayıb-bağlamadığı, müqavilə bağlanıbsa bitdiyi vaxt, vergi orqanında hansı növbədə fəaliyyət göstərdiyi, cinsi, təhsili, təhsil aldığı müəssisə, təhsil forması, dil bilikləri, əlaqə nömrələri və qiymətləndirmənin nəticələri yerləşdirilir.

4. Müqavilənin bağlanması

4.1. Müqavilə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbləri nəzərə alınmaqla bağlanır.

4.2. Müqavilə 2 ay müddətinə bağlanılır.

4.3. Müqavilə aşağıdakı hallarda 2 aydan az müddətə bağlanıla bilər:

4.3.1. könüllü səyyar xidmətlərin yerinə yetirilməsinə cəlb edildikdə;

4.3.2. müvafiq struktur bölmənin müəyyən etdiyi istisna hallarda.

4.4. Müqavilə iki nüsxədə tərtib olunur, bir nüsxəsi müvafiq struktur bölmədə, digər nüsxəsi isə könüllüdə saxlanılır.

4.5. Müqavilə bağlandıqdan sonra könüllüyə könüllülük nişanı (1 № Əlavə) verilir.

4.6. Qiymətləndirmənin yekununda yüksək nəticə göstərən (1-ci və 2-ci dərəcəli sertifikat alan) könüllülər ilə bağlanılmış müqavilə 2 ay müddətinə uzadıla bilər.

4.7. Müqavilə qanunla müəyyən edilmiş müddətdə saxlanılır.

4.8. Müqaviləyə hər hansı bir tərəfin təşəbbüsü ilə bir həftə əvvəlcədən məlumat vеrilməklə хitam vеrilə bilər.

4.9. Könüllünün fəaliyyəti bağlandığı müqavilənin qüvvədə olduğu müddətdə əsaslandırılmış və koordinatorla razılaşdırılmış səbəbdən bir həftə əvvəlcədən məlumat verilməklə müvəqqəti dayandırıla bilər. Könüllünün fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb aradan qaldırıldığı tarixdən etibarən müqavilə ilə müəyyən edilmiş müddət axımı bərpa olunur.

5. Koordinatorun hüquqları və vəzifələri

5.1. Koordinator aşağıdakı hüquqlara malikdir:

5.1.1. şəxslərin könüllü fəaliyyətə cəlb olunmasını təşkil etmək;

5.1.2. şəxslərin könüllü kimi seçimində bilavasitə iştirak etmək;

5.1.3. könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;

5.1.4. məsul şəxslərdən hesabat və məlumat almaq;

5.1.5. könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görmək.

5.2. Koordinatorun vəzifələri aşağıdakılardır:

5.2.1. vergi orqanlarında, o cümlədən onların əhatə dairəsində fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü ehtiyacı haqqında məlumat almaq;

5.2.2. şəxslərin Dövlət Vergi Xidmətinə könüllü əsaslarla cəlb olunması üçün elanlar hazırlamaq, ali təhsil müəssisələrində və əmək yarmarkalarında təqdimatlar həyata keçirmək;

5.2.3. müsahibədən müvəffəqiyyətlə keçən könüllülərlə müqavilə bağlanılması üçün tədbirlər görmək;

5.2.4. könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq və könüllü fəaliyyətin nəticələri barədə müvafiq struktur bölmənin rəhbərinə hesabat təqdim etmək;

5.2.5. ehtiyat könüllü bazasını formalaşdırmaq.

6. Məsul şəxsin hüquq və vəzifələri

6.1. Məsul şəxsin aşağıdakı hüquqları vardır:

6.1.1. könüllünün fəaliyyətinin qiymətləndirmə prosesində iştirak etmək;

6.1.2. könüllülərin hüquqlarını müdafiə etmək.

6.2. Məsul şəxsin aşağıdakı vəzifələri vardır:

6.2.1. könüllünün növbə cədvəlinə uyğun olaraq növbənin başlama vaxtında vergi orqanında olması və vergi orqanının könüllülük fəaliyyəti ilə bağlı iş qrafikinə uyğun davamlı iştirakına nəzarət etmək;

6.2.2. koordinatora hesabat vermək.

7. Könüllülərin qiymətləndirilməsi

7.1. Könüllülər fəaliyyətinin sonuncu iş həftəsində könüllünün çalışdığı struktur bölmənin rəhbər funksiyasını həyata keçirən şəxs tərəfindən qiymətləndirilir və qiymətləndirmə anketləri AVİS-in Kargüzarlıq sistemində qeydiyyata alınaraq müvafiq struktur bölməyə məlumat üçün təqdim olunur.

7.2. Könüllülərin qiymətləndirilməsi aşağıda təyin olunmuş meyarlar əsasında aparılır:

7.2.1. İntizamlılıq – könüllünün növbə cədvəlinə uyğun olaraq növbənin başlama vaxtında vergi orqanında olması və vergi orqanının könüllülük fəaliyyəti ilə bağlı iş qrafikinə uyğun davamlı iştirakı;

7.2.2. Xidmətə münasibət – könüllüyə verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməsi və vergi orqanına/vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edən vətəndaşlara diqqət və ehtiram göstərməsi;

7.2.3. Emosionallıq – könüllünün vətəndaşlara, əməkdaşlara və həmkar könüllülərə qarşı gülərüz olması və onlarda xoş təəssürat yaratması, münaqişəli hallarda öz emosiyalarını biruzə verməməsi;

7.2.4. Detallara fikir verməsi – çalışdığı sahədə iş prosesini düzgün mənimsəməsi;

7.2.5. Vergi orqanının əməkdaşlarına münasibət – könüllünün vergi orqanının əməkdaşları ilə qarşılıqlı hörmət və etimad prinsipi əsasında fəaliyyət göstərməsi;

7.2.6. Digər könüllülərlə münasibət – könüllünün digər həmkar könüllülər ilə münaqişəli hallardan qaçınması, maraqların toqquşmasına yol verməməsi;

7.2.7. Dövlət Vergi Xidməti haqqında məlumatlılıq – Dövlət Vergi Xidmətinin və çalışdığı struktur bölmənin fəaliyyət istiqamətləri və göstərilən xidmətlər barəsində məlumatlı olması;

7.2.8. Təşkilatçılıq – işin planlaşdırılması və komandada işləmək bacarığı;

7.2.9. Təşəbbüskarlıq və təmsilçilik – yeniliklərin müəyyən edilməsi və Dövlət Vergi Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun ideyaların verilməsində iştirakı, Xidmət daxili və xaricində onun haqqında müsbət fikir formalaşdırmağa köməklik etməsi;

7.2.10. Səbrlilik – xidmətə münasibətdə səbirli olması.

7.3. Qiymətləndirmə 5 ballıq qiymətləndirmə sistemi üzrə aparılır. Hər meyar üzrə 5 ən yüksək bal olmaqla “Standartdan yüksək”, 1 isə ən aşağı bal olmaqla “Uyğun deyil” anlayışını əks etdirir. Ballar 2-yə vurulmaqla 100 ballıq sistemə uyğunlaşdırılır.

7.4. Qiymətləndirmənin aparılmasına məsul şəxs məsuliyyət daşıyır.

7.5. Könüllüyə qiymətləndirmənin nəticəsinə əsasən 1-ci, 2-ci və 3-cü dərəcəli sertifikatlar (2 № əlavə) verilir.

7.6. -ci dərəcəli sertifikat yekun qiymətləndirmədən 91 bal və yuxarı yığan könüllülərə, 2-ci dərəcəli sertifikat yekun qiymətləndirmədən 75–90 bal yığan könüllülərə, 3-cü dərəcəli sertifikat isə yekun qiymətləndirmədən 40-74 bal yığan könüllülərə verilir.

7.7. Könüllülərin qiymətləndirilməsi qiymətləndirmə anketi (3 № əlavə) üzrə aparılır.

 

Əlavə 1: docx  pdf

Əlavə 2: docx  pdf

Əlavə 3: docx  pdf