Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hər bir ölkənin sərvəti hesab olunan insan kapitalının inkişafı üçün əlverişli sosial mühitin, dayanıqlı iqtisadiyyatın, inkluziv təhsilin, innovasiyaları təşviq edən ekosistemin və səmərəli əmək bazarının olması əsas şərtdir. Əmək bazarının səmərəli prinsiplər əsasında formalaşması üçün şəffaflığın və qanunların bərqərar olduğu mühit yaratmaq zəruridir. Əmək münasibətlərinin belə prinsiplər üzərində qurulmasını təmin etmək üçün müxtəlif mexanizmlər və yanaşmalar mövcuddur. Sosial prinsipləri rəhbər tutmaqla iqtisadi inkişaf prioritetlərini formalaşdıran Azərbaycan bu baxımdan əmək bazarının vergi təşviqləri və fiskal stimullar vasitəsilə şəffaflaşması metodunu tətbiq edib. Ölkəmizdə “kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması çərçivəsində əmək münasibətlərinin şəffaflaşmasına yönəlik vergi islahatları həyata keçirilib.

2019-cü ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsi gəlir vergisindən 7 il müddətinə azad edilib. Bu islahat mühüm fiskal nəticələr verib. Bunlardan biri bağlanmış əmək müqavilələrinin sayında, digəri isə əməkhaqqı fondundan qeydə alınan müsbət dinamikada əks olunur. Güzəştin tətbiqi və fiskal stimullar nəticəsində qeyri-dövlət bölməsində yeni əmək müqavilələrinin sayı 80 faizdən çox artıb. Əmək müqavilələrinin ümumi say artımının əsas hissəsinin gəlir vergisi üzrə güzəştlərin tətbiq olunduğu qeyri-dövlət bölməsi üzrə baş verməsi bu yanaşmanın effektivliyinin göstəricisidir.

Gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsi məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə daxilolmaların artım dinamikasında özünü büruzə verir. Gəlir vergisi üzrə büdcə itkiləri bərpa edilən əmək müqavilələri və sosial ödənişlərin artımı ilə kompensasiya olunub. Bu ödəmələr üzrə əlavə daxilolmalar sosial müdafiə sisteminin maliyyələşməsi mənbələrinin genişlənməsinə zəmin yaradıb. 2023-cü il ərzində pensiya və təqaüdlər alan vətəndaşlara ödəniş edilən əsas fondun gəlirləri üzrə daxil olmuş məbləğ 2018-ci ilə nisbətən 2,2 dəfə artıb.

Əmək müqaviləsi olmayan işçilərin qanuni fəaliyyətə cəlb edilməsi muzdlu işçilərin cəmi məşğul əhalidə xüsusi çəkisinin artmasına, nəticədə işçilərin rəsmi əmək bazarında və pensiya sistemində iştirak səviyyəsinin yüksəlməsinə şərait yaradıb. Muzdlu işçi sayının artması əməkhaqqı fondunun məbləğinin, onun ÜDM-də və əhalinin pul gəlirlərində xüsusi çəkisinin yüksəlməsini təmin edib. 2023-cü ildə cəmi əmək haqqı fondu 2018-ci illə müqayisədə 2,3 dəfə, qeyri-neft sektorunun özəl bölməsi üzrə isə 2,4 dəfə artıb.

Vergi sistemində tətbiq edilən stimullar əmək bazarının şəffaf prinsiplər əsasında inkişafının aparıcı qüvvəsinə çevrilib. Bu təşviqlər cəmiyyətin vərdişlərinə də müsbət təsir göstərib. Əmək müqaviləsinin üstünlüklərini anlayan vətəndaşlar özləri qanuni işgüzar münasibətlərin bərqərar olmasında fəal iştirakçıya çevriliblər.

Əmək münasibətləri ekosistemində müşahidə edilən müsbət dinamika fəal vergi siyasətinin alternativsizliyini bir daha sübut edir. Qanunlara çevik adaptasiya aparılan vergi islahatlarının mühüm perspektivlərini nümayiş etdirir. Bu tendensiya dövlət-özəl, dövlət-cəmiyyət və dövlət-biznes tərəfdaşlığı üçün şəffaf münasibətlər sisteminə töhfə verir. Azərbaycanın vergi inzibatçılığında tətbiq edilən bu təcrübə iqtisadi çağırışların doğru yanaşmalarla həlində effektiv və nümunəvi modeldir. Çünki nəticə olaraq bu üstünlüklərdən faydalanan dövlət, cəmiyyət və ən əsası insan kapitalıdır.