Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

Yeni qaydalara əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərindən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcək.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilə artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.

Bununla yanaşı, Nazirlər Kabineti tərəfindən sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi qaydaları təsdiq olunub. Qaydalarda qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətlərinin tətbiqi nəzərdə tutulur.

Belə ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir.

1

Qeyd olunan mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan və ilk dəfə tətbiq olunan Elektron Kredit Platforması www.e-edf.gov.az vasitəsilə həyata keçirilir.

Belə ki, dövlət zəmanəti verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına (www.e-edf.gov.az) zəruri məlumatları daxil edir, müvəkkil kredit təşkilatını seçir və biznes-planına uyğun olaraq kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200.000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyektinin müraciətinə imtina verilərsə, səbəb kimi qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra, sahibkarın həmin və ya digər müvəkkil bank vasitəsi ilə yenidən müraciət etmək hüququ vardır.

3

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə, həmçinin kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin edilir, sağlam rəqabət mühiti formalaşdırılır, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

Tətbiq edilən digər yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların maliyyə yükünün azaldılmasında əhəmiyyətli rol oynayacaq.

4

Ümumilikdə qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına imkan yaradacaqdır.

Kredit-zəmanət mexanizmi nədir?

 


 

Elektron Kredit Platformasının üstünlükləri

 


 

Dövlət zəmanətli kredit üçün müraciət qaydası barədə video təlimat

 

www.e-edf.gov.az

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəziflərini icra edən Samir Hümbətovun güzəştli kreditləşmədə yeni mexanizmlər barədə şərhi

 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlətin kredit-zəmanət dəstəyi mövzusunda ən çox verilən suallar

1. Dövlət zəmanəti hansı sahibkarlıq subyektlərinə verilir?

Dövlət zəmanəti pandemiyadan (COVİD 19) zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil edilir və sahibkarların zərər çəkmiş iqtisadi fəaliyyət sahələri üzrə manatla aldıqları kreditlərə verilir.

2. Dövlət zəmanəti verilən kreditlər hansı məqsədlər üçün istifadə edilə bilər?

Sahibkarlar aldıqları kreditləri yalnız təyinatı üzrə istifadə etməlidir. Alınan kredit digər kredit öhdəliklərinin bağlanmasına yönəldilməməlidir.

3. Pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri hansılardır?

Bu barədə məlumat İqtisadiyyat Nazirliyinin və Nazirlik yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələrində yerləşdirilmişdir. Bu fəaliyyət növləri aşağıdakılardır: 

- İctimai iaşə fəaliyyəti; 

- İstehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna);

- İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;

- Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olmaqla); 

- Yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

- Turoperator və turagent fəaliyyəti;

- Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri;

- Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti; 

- Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;

- Özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları)

- Ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti;

- Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

- Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləri. 

4. Güzəştli kredit pandemiyadan zərər çəkmiş bütün sahibkarlara aiddir? Dövriyyə, ödənilən vergilər və s. tələblər var?

Pandemiyadan zərər çəkmiş bütün sahibkarlar bu kreditlərdən yararlana bilər. Sahibkarlar kredit təşkilatlarına maliyyə-kredit təhlili aparmaq üçün zəruri olan sənədləri təqdim etməlidirlər.

5. Kənd təsərrüfatı pandemiyadan zərər çəkmiş sahələrə aid edilməmişdir. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər də dövlət təminatlı kredit üçün müraciət edə bilərlərmi?

Dövlət zəmanətli kreditlər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub.

6. Yeni uçota alınmış (yeni VÖEN almış) vergi ödəyiciləri də güzəştli kredit üçün müraciət edə bilərlər?

Sahibkar Dövlət Vergi Xidmətində pandemiyadan zərər çəkmiş sahə üzrə qeydiyyatdan keçibsə, bu kreditlərdən yararlana bilər.

7. Dövlət zəmanəti verilən kreditlər üçün sahibkarlar eyni vaxtda neçə kredit təşkilatına müraciət edə bilər?

Sahibkarlar 3 kredit təşkilatını seçə və eyni vaxtda müraciət edə bilərlər.

8. Dövlət zəmanəti verilən kreditləri əldə etmək üçün necə müraciət etmək olar?

Sahibkarlıq subyekti www.e-edf.gov.az saytından “Asan imza” vasitəsilə “Elektron kredit platforması”na daxil olur, bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Sahibkarlıq subyekti “Elektron kredit platforması”nda “Şəxsi kabinet”inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.

9. Sahibkarlıq subyektinin dövlət zəmanətinin əldə olunması ilə bağlı müraciətinə hansı müddət ərzində baxılır? 

Sahibkarlıq subyektinin dövlət zəmanətinin əldə olunması ilə bağlı müraciətinə sürətli kredit (200.000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır. Dövlət zəmanəti Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən kredit təşkilatları vasitəsilə verilir.

Siyahının linki

10. Dövlət zəmanətli kredit hansı şərtlərlə verilir?

  • kreditin maksimal məbləği 3.000.000 manatadək;

  • illik faiz dərəcəsi 15%-dək ola bilər. Bu faiz dərəcəsinin 50%-i dövlət tərəfindən ödənilir (subsidiyalaşdırılır).

  • kreditin müddəti 3 ilədək ola bilər.

  • kredit üzrə güzəşt müddəti 12 ayadək ola bilər. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir. 

11. Sahibkarlıq subyekti tərəfindən alınan kreditin hansı hissəsinə zəmanət verilir?

Sahibkarlıq subyekti tərəfindən alınan kreditin 60%-dək hissəsinə dövlət zəmanəti verilir.

Məsələn: müvəkkil kredit təşkilatı 1.000.000 manat məbləğində kredit verirsə, kreditin 600 000 manatlıq hissəsinədək (1.000.000 manat X 60%) dövlət zəmanəti verilə bilər.

12. Müraciət etmək üçün mütləq biznes-plan hazırlanmalıdır?

Maliyyə-kredit təhlilinin aparması üçün biznes-plan tələb olunur. Biznes plan tərtib etmək üçün konsaltinq şirkətlərinə müraciət etmək olar.

13. Kredit ödənişləri üzrə gecikməsi olan sahibkarlıq subyektləri bu mexanizmdən yararlana bilərmi?

10 mart 2020-ci il tarixinə 60 günədək gecikməsi olan sahibkarlıq subyektləri də bu mexanizmdən yararlana bilərlər.

14. Sürətli kredit nədir?

Sürətli kredit Fondun Müşahidə Şurasının müəyyən etdiyi müvəkkil kredit təşkilatları tərəfindən 200.000 manatadək verilən kreditlərdir.

Siyahının linki

15. Sahibkarlıq subyektinə zəmanətli kreditlərin verilməsindən hansı hallarda imtina oluna bilər?

Sahibkarlıq subyektinə zəmanətli kreditlərin verilməsindən müəyyən hallarda imtina edilə bilər. Bu hallar aşağıdakılardır:

- sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə;

- kredit hesabatına əsasən, sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 (altmış) gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda;

- sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;

- sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda;

- sahibkarlıq subyekti zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növü ilə məşğul olmadıqda;

- sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda;

- sahibkarlıq subyektinin icraatda və ya icraatı dayandırılmış vergi cinayət işi olduqda;

- sahibkarlıq subyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi olduqda;

- sahibkarlıq subyektinin fəaliyyət növü obyekt tələb etdiyi halda vergi orqanında qeydiyyatda onun obyekti olmadıqda;

- sahibkarlıq subyektinin müraciət tarixinə fəaliyyət vəziyyəti aktiv olmadıqda;

- vergi uçot baza məlumatları ilə sahibkarlıq subyektinin faktiki iqtisadi və uçot göstəricilərində uyğunsuzluq aşkar olunduqda.

16. Dövlət zəmanəti verilməsindən imtina edilmiş kredit üzrə sahibkarlıq subyekti yenidən müraciət edə bilərmi?

Sahibkarlıq subyekti imtina səbəblərində qeyd olunan çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət edə bilər. 

17. Yenidən müraciət üçün zaman və say məhdudiyyəti varmı?

İmtina aldıqdan sonra istənilən vaxt yenidən müraciət etmək olar. Müraciət sayında da məhdudiyyət yoxdur.

18. Faiz subsidiyası hansı kreditlərə və kreditlərin illik faizinin hansı hissəsinə verilir?

Faiz subsidiyası sahibkarların müvəkkil kredit təşkilatlarından manatla aldığı və dövlət zəmanəti verilən yeni biznes kreditlərinə şamil olunur və kreditin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən ödənilir.

Məsələn: müvəkkil kredit təşkilatı illik 14%-lə kredit verirsə, onun 7% bəndi (14 X 50%) dövlət tərəfindən ödənilir (subsidiyalaşdırılır). Yəni sahibkarlıq subyekti krediti 14%-lə deyil, 7%-lə ödəyəcək.

19. Hansı hallarda faiz subsidiyasının ödənilməsi ləğv edilə bilər?

Zəmanət verilmiş kredit müqaviləyə uyğun olaraq sahibkarlıq subyekti tərəfindən təyinatı üzrə istifadə edilmədikdə, sahibkarlıq subyektinin iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda və ya sahibkarlıq subyektinin tələbi əsasında müvəkkil kredit təşkilatının bu barədə Fonda müraciəti olduqda faiz subsidiyasının ödənilməsi ləğv edilir.

20. Güzəştli kreditlərə dövlət zəmanəti və faiz subsidiyası verilirmi?

Dövlət tərəfindən yaradılmış maliyyə institutları və fondlarının resursları hesabına verilən güzəştli kreditlərə zəmanət və subsidiya verilmir.

 

Əlavə məlumat üçün:

Tel: (+99412) 310-23-00

E-poçt: info@edf.gov.az