Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

 

Ölkələrarası ("CbC") Hesabatlılıq

Məlum olduğu kimi, Azərbaycan Respublikasında Ölkələrarası Hesabatlılıq üzrə tələblər 1 yanvar 2020-ci il tarixində qüvvəyə minib. “Ölkələrarası hesabat” - Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatik məlumat mübadiləsini həyata keçirmək üçün transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən təqdim edilən hesabat formasıdır.

Qeyd olunan mübadilənin aparılması üçün ilkin olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərdən sonra, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli 1 nömrəli qərarı ilə “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası“ təsdiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 13 iyun 2023-cü il tarixli 14 nömrəli Qərarı ilə Qaydaya müvafiq dəyişiklik edilmişdir.

Qaydaya əsasən, Transmilli şirkətlər qrupunun əvvəlki maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə Transmilli şirkətlər qrupunun maliyyə ilinə dair Ölkələrarası hesabatı Transmilli şirkətlər qrupunun maliyyə ilinin son günündən sonrakı 12 ay ərzində vergi orqanlarına təqdim edir.

Bununla yanaşı, Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisə hesabat verilən ilin 30 iyun tarixinədək müvafiq bildirişi vergi orqanına təqdim etməlidir.

Transmilli şirkətlər qrupunun üzvünü təmsil edən rəhbər şəxs və onun tərəfindən müəyyən edilən səlahiyyətli şəxs müvafiq hesabatı və bildirişin təqdim edilməsi üçün ASAN imza vasitəsilə Maliyyə institutlarında vergi monitorinqi və ölkələrarası hesabatın verilməsi üzrə Portala inteqrasiya edilmiş və artıq istifadəyə verilmiş müvafiq platformaya (https://cbcr.tmfi.gov.az/login) qoşularaq, ölkələrarası hesabatın təqdim edilməsini həyata keçirə bilərlər.

1. Ölkələrarası Hesabatlılıq nədir?

Cavab: Ölkələrarası ("CbC") Hesabatlılığa dair tələblər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ("İƏİT") Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi ("BEPS") layihəsinin 13-cü Fəaliyyətində (Transfer Qiymətqoymasına dair Sənədləşmə və Ölkələrarası Hesabatlılıq) öz əksini tapmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”nın 3-cü bəndinə əsasən Transmilli şirkətlər qrupunun əvvəlki maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə Transmilli şirkətlər qrupunun maliyyə ilinə dair Ölkələrarası hesabatı Transmilli şirkətlər qrupunun maliyyə ilinin son günündən sonrakı 12 ay ərzində vergi orqanlarına təqdim edir.

2. Ölkələrarası Hesabatların mübadiləsi üçün beynəlxalq hüquqi baza hansıdır?

Cavab: Ölkələrarası Hesabatların mübadiləsi aşağıdakılara əsaslanır:

  • Ölkələrarası Hesabatların mübadiləsi üzrə Səlahiyyətli Orqanlar arasında Çoxtərəfli Razılaşmanın ("CbC MCAA") hüquqi əsasını təşkil edən Vergi Məsələlərində Qarşılıqlı İnzibati Yardım haqqında Konvensiya,

  • İkiqat Vergitutmanın aradan qaldırılmasına dair Konvensiya ("DTC") haqqında Səlahiyyətli Orqanlar arasında Razılaşma (CAA) və

  • Vergi məlumatlarının mübadiləsi haqqında Sazişə ("TIEA") dair Səlahiyyətli Orqanlar arasında Razılaşma (CAA).

3. Ölkələrarası Hesabatların mübadiləsi daxili qanunvericilikdə necə təsbit edilmişdir?

Cavab: Vergi Məcəlləsinin 13.2.83. və 16.9.-cü maddələrinin müddəaları, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” Ölkələrarası Hesabatların mübadiləsinə istinad edilir.

4. Ölkələrarası Hesabatlılıq haqqında tələblər Azərbaycan Respublikasında nə vaxt qüvvəyə minir?

Cavab: Azərbaycan Respublikasında Ölkələrarası Hesabatlılıq üzrə tələblər 1 yanvar 2020-ci il tarixində qüvvəyə minmişdir.

5. Azərbaycan Respublikasında kimlərdən Ölkələrarası Hesabat təqdim etməsi tələb olunur?

Cavab: Transmilli şirkətlər qrupunun əvvəlki maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə Transmilli şirkətlər qrupunun həmin maliyyə ilinə dair Ölkələrarası hesabatı bu Qaydanın 5-ci hissəsində göstərilən tarixdən gec olmayaraq vergi orqanlarına təqdim edir. Hesabatın verilməsini şərtləndirən məbləğ həddi Transmilli şirkətlər qrupunun maliyyə hesabatları əsasında müəyyən edilir. 

Azərbaycan Respublikasında Transmilli şirkətlər qrupunun Əsas müəssisəsi və ya Müvəkkil müəssisəsi olmadıqda, onun Azərbaycan Respublikasında yerləşən rezident Qrupdaxili müəssisəsi aşağıdakı şərtlərdən biri olduqda bu Qaydanın 5-ci hissəsində göstərilən tarixdən gec olmayaraq Azərbaycan Respublikasının vergi orqanına Ölkələrarası hesabatı təqdim etməlidir:

  • Transmilli şirkətlər qrupunun Əsas müəssisəsi və ya Müvəkkil müəssisə özünün rezident olduğu ölkədə Ölkələrarası hesabatın verilməsi öhdəliyini qanunvericiliyə əsasən daşımadıqda;

  • Əsas müəssisənin və ya Müvəkkil müəssisənin rezidenti olduğu ölkə Azərbaycan Respublikasının da tərəfdar çıxdığı beynəlxalq müqaviləyə qoşulmasına baxmayaraq Ölkələrarası hesabatın təqdim edilməsi üçün bu Qaydanın 5-ci hissəsində göstərilən tarixə qədər Azərbaycan Respublikasının vergi orqanları ilə Səlahiyyətli Orqanlar arasında Razılaşması olmadıqda və ya;

  • Əsas müəssisənin və ya Müvəkkil müəssisənin rezidenti olduğu ölkə tərəfindən öhdəliklərin yerinə yetirilməməsi barədə Azərbaycan Respublikasının vergi orqanları tərəfindən Azərbaycanda rezident olan Qrupdaxili müəssisəyə məlumat göndərildikdə.

6. Vergi Məcəlləsinin 16.9.-cu maddəsində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”nın 3.1-ci bəndində Transmilli şirkətlər qrupu tərəfindən Ölkələrarası hesabatının təqdim edilməsi öhdəliyini şərtləndirən 750 milyon avro məbləğ həddi necə tətbiq olunur?

Cavab: Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidentinin müvafiq ildə Ölkələrarası hesabatının təqdim edilməsi öhdəliyinin yaranması BEPS layihəsinin 13-cü Fəaliyyətinin Hesabatına uyğun olaraq, Ölkələrarası hesabatın aid olduğu maliyyə ilindən bilavasitə əvvəlki maliyyə ilində Transmilli şirkətlər qrupunun məcmu gəliri 750 milyon avrodan (və ya həmin Transmilli şirkətlər qrupunun əsas müəssisəsinin rezidenti olduğu ölkənin qaydalarına uyğun olaraq milli valyutada yaxın ekvivalentdən) çox təşkil etməlidir. 

Ölkələrarası hesabat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”na əsasən hesabat verilən ilinin sonunadək, yəni Transmilli şirkətlər qrupunun maliyyə ilinin son günündən sonrakı 12 ay ərzində vergi orqanına təqdim edilməlidir.

Aşağıdakı misallar Transmilli şirkətlər qrupu tərəfindən Ölkələrarası hesabatının təqdim edilməsi öhdəliyini şərtləndirən 750 milyon avro məbləğ həddinin tətbiqini təsvir edir:

Misal üçün, “A” Transmilli şirkətlər qrupu (bundan sonra – “A” Qrupu) maliyyə hesabatlığını təqvim ili əsasında aparır və qrupun konsolidə edilmiş gəliri aşağıdakı kimidir: 

Maliyyə ili

Qrupun konsolidə edilmiş gəliri

2020

680 milyon avro

2021

755 milyon avro

2022

720 milyon avro

Misal 1

“A” Qrupunun 31 dekabr 2021-ci il tarixində başa çatan maliyyə ili üçün Ölkələrarası hesabatının təqdim edilməsi öhdəliyinin olub-olmaması aşağıdakı kimi müəyyən edilir:

“A” Qrupunun 2021-ci maliyyə ilindən bilavasitə əvvəlki maliyyə ilində (yəni 2020-ci ildə) məcmu gəliri 750 milyon avrodan az təşkil edir. “A” Qrupunun 2021-ci ildə məcmu gəlirinin 750 milyon avrodan çox təşkil etməsinə baxmayaraq, 31 dekabr 2021-ci il tarixində başa çatan maliyyə ilinə münasibətdə Transmilli şirkətlər qrupundan hər hansı ölkədə Ölkələrarası hesabatının təqdim edilməsi tələb olunmur.

Misal 2

Yuxarıda göstərilən eyni məlumata əsaslanaraq, “A” Qrupunun 31 dekabr 2022-ci il tarixində başa çatan maliyyə ili üçün Ölkələrarası hesabatının təqdim edilməsi öhdəliyinin olub-olmaması aşağıdakı kimi müəyyən edilir:

“A” Qrupunun 2022-ci maliyyə ilindən bilavasitə əvvəlki maliyyə ilində (yəni 2021-ci ildə) məcmu gəliri 750 milyon avrodan çox təşkil edir. Bununla da, “A” Qrupundan 31 dekabr 2022-ci il tarixində başa çatan maliyyə ilinə münasibətdə Azərbaycan Respublikasında Ölkələrarası hesabatının təqdim edilməsi tələb olunur. 31 dekabr 2022-ci il tarixində başa çatan maliyyə ilinə münasibətdə Transmilli şirkətlər qrupunun Ölkələrarası hesabatı 31 dekabr 2023-cü il tarixinədək vergi orqanına təqdim edilməlidir.

7. Transmilli şirkətlər qrupunun Azərbaycan Respublikasında rezident olan birdən çox Qrupdaxili müəssisəsi olduğu halda hesabatı təqdim etmək öhdəliyi necə müəyyən edilir?

Cavab: Transmilli şirkətlər qrupunun Azərbaycan Respublikasında rezident olan birdən çox Qrupdaxili müəssisəsi olduğu halda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”nın 3.2-ci bəndi nəzərə alınmaqla, Transmilli şirkətlər qrupu həmin müəssisələrdən birini Ölkələrarası hesabatı təqdim etmək üçün təyin etməlidir.

8. Hansı halda qrupdaxili müəssisədən Ölkələrarası hesabatın təqdim edilməsi tələb edilmir?

Cavab: Transmilli şirkətlər qrupuna daxil olan Müvəkkil müəssisə transmilli şirkətlər qrupunun adından hesabatı bu Qaydanın 5-ci hissəsi ilə müəyyən edilmiş tarixdən gec olmayaraq təqdim etdikdə və aşağıdakı şərtlər olduğu halda Qrupdaxili müəssisədən Ölkələrarası hesabatın təqdim edilməsi tələb edilmir:

  • Müvəkkil müəssisənin rezidenti olduğu ölkə Ölkələrarası hesabatın göndərilməsini tələb etdikdə;

  • Müvəkkil müəssisənin rezidenti olduğu ölkə ilə Azərbaycanın Respublikasının vergi orqanları arasında bu Qaydanın 5-ci hissəsində göstərilən tarixə qədər qüvvədə olan   Səlahiyyətli Orqanlar arasında Razılaşma olduqda;

  • Müvəkkil müəssisənin rezidenti olduğu ölkə tərəfindən “öhdəliklərin yerinə yetirilməməsi barədə” Azərbaycan Respublikasının vergi orqanlarına məlumat göndərilmədikdə;

  • Digər ölkədə yerləşən Qrupdaxili müəssisə Müvəkkil müəssisə olması barədə bu Qaydanın 4.0.1-ci yarımbəndinə əsasən rezident olduğu ölkəyə bildiriş göndərdikdə və;

  • Azərbaycan Respublikasının rezidenti olan Qrupdaxili müəssisə bu Qaydanın 4.0.2-ci yarımbəndinə uyğun olaraq Azərbaycanın Respublikasının vergi orqanlarına bildiriş göndərdikdə.

9. Hansı halda Qrupdaxili müəssisə hesabatı təqdim etmək öhdəliyi daşıyan Müvəkkil müəssisə olaraq təyin oluna bilər?

Cavab: Azərbaycan Respublikasında Transmilli şirkətlər qrupunun Əsas müəssisəsi və ya Müvəkkil müəssisəsi olmadıqda, onun Azərbaycan Respublikasında yerləşən rezident Qrupdaxili müəssisəsi aşağıdakı şərtlərdən biri olduqda Transmilli şirkətlər qrupunun maliyyə ilinin son günündən sonrakı 12 ay ərzində Azərbaycan Respublikasının vergi orqanına Ölkələrarası hesabatı təqdim etməlidir:

  • Transmilli şirkətlər qrupunun Əsas müəssisəsi və ya Müvəkkil müəssisə özünün rezident olduğu ölkədə Ölkələrarası hesabatın verilməsi öhdəliyini qanunvericiliyə əsasən daşımadıqda;

  • Əsas müəssisənin və ya Müvəkkil müəssisənin rezidenti olduğu ölkə Azərbaycan Respublikasının da tərəfdar çıxdığı beynəlxalq müqaviləyə qoşulmasına baxmayaraq Ölkələrarası hesabatın təqdim edilməsi üçün Qaydanın 5-ci hissəsində göstərilən tarixə qədər Azərbaycan Respublikasının vergi orqanları ilə Səlahiyyətli Orqanlar arasında Razılaşması olmadıqda və ya;

  • Əsas müəssisənin və ya Müvəkkil müəssisənin rezidenti olduğu ölkə tərəfindən öhdəliklərin yerinə yetirilməməsi barədə Azərbaycan Respublikasının vergi orqanları tərəfindən Azərbaycanda rezident olan Qrupdaxili müəssisəyə məlumat göndərildikdə.

Ölkələrarası Hesabatı təqdim etmək imkanı yaratdığını təsdiq edən Yurisdiksiyalar aşağıdakı internet səhifəsində qeyd olunur: Country-specific information on Country-by-Country reporting implementation

10. Transmilli şirkətlər qrupunun məcmu gəlirinin 750 milyon avrodan (və ya 2015-ci ilin yanvar ayına milli valyutada yaxın ekvivalentdən) çox olub-olmamasının müəyyən edilməsi zamanı konsolidə edilmiş maliyyə hesabatlarında əks etdirilən hansı gəlirlər nəzərə alınmalıdır?

Cavab: Transmilli şirkətlər qrupunun məcmu gəlirinin 750 milyon avrodan (və ya 2015-ci ilin yanvar ayına milli valyutada yaxın ekvivalentdən) çox olub-olmamasının müəyyən edilməsi zamanı konsolidə edilmiş maliyyə hesabatlarında əks etdirilən (və ya etdirilməli olan) bütün gəlirlər nəzərə alınmalıdır. Transmilli şirkətlər qrupunun əsas müəssisəsinin rezidenti olduğu ölkədə tətbiq olunan mühasibat uçotu qaydalarına uyğun olaraq konsolidə edilmiş maliyyə hesabatlarında satışdankənar gəlirlər və investisiya fəaliyyətlərdən gəlirlər əks etdirildiyi halda, həmin gəlirlərin qrupun məcmu gəlirlərində nəzərə alına bilər. Transmilli şirkətlər qrupunun kosolidə edilmiş gəlirlərinin müəyyən edilməsi BEPS layihəsinin 13-cü Fəaliyyətinə və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Ölkələrarası hesabatların tətbiqi haqqında Təlimatı”na uyğun həyata keçirilir.

11. Ölkələrarası Hesabatın doldurulması barədə xüsusi bir təlimat mövcuddur?

Cavab: Bəli. Doldurulma qaydası barədə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin internet səhifəsində yerləşdirilən “Ölkələrarası hesabatın tərtib edilməsi qaydası” adlı sənədlə tanış ola bilərsiniz. Həmçinin, BEPS-in 13-cü Fəaliyyətinin V Fəslinə III Əlavə (https://read.oecd-ilibrary.org/taxation/transfer-pricing-documentation-and-country-by-country-reporting-action-13-2015-final-report_9789264241480-en#page1), eləcə də Ölkələrarası Hesabatlılığın İcrasına dair İƏİT Təlimatı (https://www.oecd.org/ctp/guidance-on-the-implementation-of-country-by-country-reporting-beps-action-13.pdf)  Ölkələrarası Hesabatı hazırlamaq üçün ətraflı təlimatları özündə ehtiva edir və Ölkələrarası Hesabatı dolduran zaman istinad olunmalıdır. 

12. Əgər Hesabat verən müəssisə tərəfindən artıq təqdim edilmiş və mübadilə edilmiş Ölkələrarası Hesabata düzəliş etmək zərurəti yaranarsa, nə edilməlidir?

Cavab: Bu halda, hesabat verən Müəssisə "Ölkələrarası Hesabatın əsli" ilə əlaqəli olan yeni düzəliş edilmiş Ölkələrarası Hesabat təqdim etməlidir. Ölkələrarası hesabat formasının 1-ci Bölməsinin 4–cü sətirində təqdim olunan hesabatın “Cari” və ya “Dəqiqləşdirilmiş” olmasından asılı olaraq müvafiq xanada “X” işarəsi qoyulur. Hesabat vergi orqanına Hesabat verilən ilin sonunadək təqdim edilir. Əvvəlki hesabat dövrləri üzrə dəqiqləşmənin aparılması zəruri olduğu hallarda, hesabatın növünü göstərmək məqsədilə müvafiq xana işarələnərək dəqiqləşmiş hesabat səyyar vergi yoxlamasının başlanıldığı günədək təqdim edilir.

13. “Ölkələrarası hesabat barədə Bildiriş” vergi orqanına necə təqdim olunur?

Cavab: “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”nın 2 nömrəli əlavəsində əksini tapan bu Bildirişi Azərbaycan Respublikasının rezidenti olan və Transmilli şirkətlər qrupuna daxil olan Əsas müəssisə, Müvəkkil müəssisə və ya Qrupdaxili müəssisə Hesabat verilən ilin 30 iyun tarixinədək elektron ərizə vasitəsi ilə Azərbaycan Respublikasının vergi orqanlarına təqdim edir.

14. “Ölkələrarası hesabat barədə Bildiriş” təqdim edildikdən sonra onu dəyişdirmək mümkündürmü?

Cavab: Bildiriş təqdim edildikdən sonra daxil edilmiş məlumatlarla bağlı yanlışlıqların olduğu aşkar edilərsə, Bildiriş düzəlişlər edilərək yenidən təqdim edilə bilər. Belə olduğu zaman, vergi orqanı əvvəlki Bildirişi ləğv edir.

15. Ölkələrarası Hesabatın təqdim edilməsi üçün son tarix nədir?

Cavab: Azərbaycan Respublikasının “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”na əsasən, Ölkələrarası Hesabat vergi orqanına Hesabat verilən ilin, yəni transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonunadək təqdim edilir.

16. Hansı ölkələr Ölkələrarası Hesabatlarını Azərbaycan Respublikası ilə mübadilə edir?

Cavab: Ölkələrarası Hesabatların mübadiləsinə dair Səlahiyyətli Orqanlar arasında Çoxtərəfli Razılaşmaya (CbC MCAA) əsasən, Azərbaycan Respublikasının həmin məlumatları mübadilə edə biləcəyi Ölkələrarası Hesabatlarda istinad edilən ölkələrin vergi orqanları ilə, avtomatik qaydada mübadilə ediləcəkdir. Dövlət Vergi Xidmətinin Ölkələrarası Hesabatları mübadilə edəcəyi ölkələr:

İƏİT-in Ölkələrarası Hesabatlılığa dair Səlahiyyətli Orqanlar arasında Çoxtərəfli Razılaşmanı (CbC MCAA) imzalamış ölkələrin siyahısı: http://www.oecd.org/tax/automatic-exchange/about-automatic-exchange/CbC-MCAA-Signatories.pdf

Məlumat üçün bildirmək istərdik ki, http://www.oecd.org/tax/beps/country-by-country-exchange-relationships.htm səhifəsində Ölkələrarası Hesabatların mübadilə ediləcəyi ölkələrin siyahısı əksini tapır.

17. Ölkələrarası Hesabat məlumatları necə istifadə olunmalıdır?

Cavab: BEPS-in 13-cü Fəaliyyətin 59-cu bəndinə əsasən, "Ölkələr Ölkələrarası Hesabatdakı məlumatı 25-ci bəndə uyğun olaraq müvafiq qaydada istifadə etməlidirlər. Xüsusilə, ölkələr Ölkələrarası Hesabatı transfer qiyməti ilə bağlı yüksək riski müəyyən etmək üçün istifadə edirlər. Ölkələr Ölkələrarası Hesabatı Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) ilə bağlı digər riskləri qiymətləndirmək üçün də istifadə edə bilərlər. Ölkələr Ölkələrarası Hesabatda əksini tapan məlumatlara əsaslanaraq, gəlir bölüşdürülməsi formulu əsasında hər hansı bir vergi ödəyicisinin gəlirinə düzəlişlər təklif etməməlidir. Bundan əlavə, onlar həmçinin ölkədə yerləşən yerli vergi orqanı tərəfindən Ölkələrarası Hesabatda verilən məlumatlara əsasən belə düzəlişlərin ediləcəyi təqdirdə, ölkədə yerləşən səlahiyyətli orqan dərhal istənilən səlahiyyətli orqan üzrə müvafiq düzəliş etmək barədə qərar qəbul edir. Bununla belə, bu, ölkələrin Ölkələrarası Hesabat məlumatlarını TŞ-nin transfer qiymətləri ilə bağlı düzəlişlər və ya vergi auditi zamanı ortaya çıxan digər vergi məsələləri ilə bağlı əlavə sorğuları göndərmək üçün əsas olaraq istifadə etməsinin qarşısını almaq halı kimi başa düşülməməlidir".

18. Ölkələrarası Hesabatın təqdim edilməməsi və ya gecikdirilməsi və ya qeyri-dəqiq təqdim edilməsi zamanı hansı sanksiyalar tətbiq olunur?

Cavab: “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”na əsasən, Ölkələrarası Hesabatın təqdim edilməməsi, gecikdirilməsi və ya qeyri-dəqiq təqdim edilməsi zamanı maliyyə sanksiyasının tətbiqi qaydası Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-2.-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilir.