Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət vergi orqanlarında vətəndaşların qəbulunun (videoqəbulunun) təşkili Qaydaları

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin rəisinin 28 oktyabr 2022-ci il tarixli
2217040101436500 nömrəli əmri ilə təsdiq edilmişdir.

1. Ümumi müddəalar

1.1. “Dövlət vergi orqanlarında vətəndaşların qəbulunun (videoqəbulunun) təşkili Qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na, 2016-cı il 23 iyun tarixli 951 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”na, 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nə və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) öz funksiyalarını yerinə yetirməsi prosesində vətəndaşların qəbulunun (videoqəbulunun) təşkili və keçirilməsi ilə bağlı qaydaları müəyyən edir.

1.3. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunmuşdur:

1.3.1. Xidmətin qurumları – Xidmətin Aparatının struktur bölmələri istisna olmaqla, Xidmətin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar;

1.3.2. kargüzarlıq xidmətini həyata keçirən struktur – Xidmətin Aparatında Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) baş idarəsi (bundan sonra – Katiblik baş idarəsi), Xidmətin qurumlarında kargüzarlıq xidmətini aparan şöbə (bölmə), bu struktur vahid (şöbə, bölmə) mövcud olmayan qurumlarda isə kargüzarlığın aparılmasına məsul şəxs;

1.3.3. vətəndaş – bu Qaydaların məqsədləri üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

1.3.4. şəffaf qəbul otağı – Xidmətin Aparatının və qurumlarının inzibati binalarında vətəndaşların qəbulu üçün ayrılmış, hər iki tərəfdən aşkar görünən şüşəli giriş qapısı olan, zəruri texniki vasitələrlə (telefon, audio-video çəkiliş qurğuları) və kompüterlə (internet şəbəkəsinə qoşulmuş, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) proqram təminatı və videoqəbul üçün xüsusi proqram təminatı yazılmış) təchiz edilən xüsusi otaq;

1.3.5. vətəndaş qəbulu – vətəndaşların şifahi və yazılı müraciətləri əsasında onların qəbul, videoqəbul və səyyar formada qəbul edilməsi;

1.3.6. videoqəbul – vətəndaşların xüsusi proqram təminatı vasitəsilə məsafədən, canlı videogörüntülü bağlantı formatında qəbul edilməsi;

1.3.7. səyyar qəbul – vətəndaşların Azərbaycan Respublikasının şəhər və rayonlarında yerində qəbul edilməsi;

1.3.8. “Qəbul” menyusu – vətəndaşların qəbulu zamanı məlumatların daxil edilməsi, müraciətin qeydiyyatı və bununla bağlı digər zəruri işlərin aparılmasına imkan verən AVİS Kargüzarlıq altsisteminin menyusu;

1.3.9. vətəndaş qəbulunun qeydiyyat-nəzarət vərəqəsi – vətəndaşların qəbulu zamanı və ya ondan sonra “Qəbul” menyusunda elektron qaydada hazırlanan, qəbulun forması, tarixi, vaxtı və yeri barədə, habelə müraciətin növü, təsnifatı, məzmunu və digər zəruri məlumatları özündə əks etdirən, “Qəbul” menyusu vasitəsilə çap edilməsi mümkün olan vərəqə.

1.4. Vergi orqanlarında vətəndaşların qəbulu müvafiq qaydada təsdiq olunmuş qrafik əsasında mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Vətəndaşları müraciətə baxmalı olan strukturların rəhbərləri və (və ya) digər vəzifəli şəxsləri qəbul edirlər.

1.5. Qəbul qrafiki vergi orqanlarının inzibati binasının qəbul üçün nəzərdə tutulmuş girişində hər kəs üçün aydın görünən yerdə və Xidmətin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilir.

1.6. Vergi orqanlarında vətəndaşların qəbulu işinə metodoloji rəhbərlik və bu Qaydaların tələblərinə əməl olunmasına ümumi nəzarət Katiblik baş idarəsi tərəfindən həyata keçirilir.

1.7. Xidmətin qurumlarında vətəndaşların qəbulunun təşkilinə və bu Qaydaların tələblərinə əməl olunmasına cari nəzarət həmin qurumlarda kargüzarlıq xidmətini həyata keçirən struktur tərəfindən həyata keçirilir.

1.8. Bu Qaydalarla tənzimlənməyən digər məsələlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
 

2. Vətəndaşların qəbulunun təşkili

2.1. Vətəndaşlar qəbula əvvəlcədən aşağıdakı qaydada yazılırlar:

2.1.1. vergi orqanına gələrək şəxsən müraciət etməklə;

2.1.2. poçt vasitəsilə müraciət etməklə;

2.1.3. elektron xidmətlər vasitəsilə müraciət etməklə;

2.1.4. İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə.

2.2. Qəbul qrafikinə uyğun olaraq aidiyyəti vəzifəli şəxslərin qəbuluna yazılmaq məqsədilə vergi orqanına gələn vətəndaşlar kargüzarlıq xidmətini həyata keçirən struktura yönləndirilir. Vətəndaşlar ilkin olaraq həmin strukturun əməkdaşları tərəfindən dinlənilir və müraciətin predmetinə uyğun olaraq icraçı struktur (vətəndaşı qəbul etməli olan struktur) müəyyən olunur. Qəbula gələn vətəndaşlar barədə müvafiq məlumatlar “Qəbul” menyusuna daxil edilərək, vətəndaş qəbulunun qeydiyyat-nəzarət vərəqəsi tərtib olunur.

2.3. Vergi orqanına gələn vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən etməyə imkan verən digər sənədlər əsasında, yaxud elektron imzası olduqda elektron xidmətlər vasitəsilə qəbula yazılır.

Qəbul üçün müraciət edən vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin və ya şəxsiyyətini müəyyən etməyə imkan verən digər sənədlərin üzərində olmaması onu dinləməməyə əsas vermir. Bu zaman Azərbaycan Respublikasının vətəndaşları ilə bağlı müvafiq məlumatlar Xidmətin mövcud informasiya resursları vasitəsilə əldə olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı ilk növbədə onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti (və ya daimi) yaşamaq üçün icazə vəsiqəsinin məlumatları, bu cür icazə sənədi olmadıqda onların özlərinin verdiyi məlumat əsasında qeydiyyat aparılır.

2.4. Vətəndaşın yazılı müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun tərtib edilməlidir.

2.5. Vətəndaşların qəbulu qəbul qrafikinə uyğun olaraq həyata keçirilir. Müraciətə baxılması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə və digər zəruri hallarda vətəndaşların qəbulu həmin günü və ya ən yaxın tarixə təşkil olunur. Bu zaman qəbulun vaxtı kargüzarlıq xidmətini həyata keçirən strukturun icraçı struktura (vətəndaşı qəbul etməli olan struktura) işçi qaydada müraciəti əsasında operativ şəkildə müəyyən olunur.

2.6. Aidiyyəti strukturun və ya vəzifəli şəxslərin qəbuluna yazılmış vətəndaşlar barədə müvafiq məlumatlar kargüzarlıq xidmətini həyata keçirən struktur tərəfindən əvvəlcədən həmin icraçı struktura (vətəndaşı qəbul etməli olan struktura) və ya vəzifəli şəxslərə təqdim olunur.

2.7. Qəbula yazılmaq üçün müraciət etmiş hər bir vətəndaşa qəbulun vaxtı və digər zəruri məsələlər barədə kargüzarlıq xidmətini həyata keçirən struktur tərəfindən əvvəlcədən məlumat verilir və təyin olunan vaxtda qəbul olunması üçün dəvət edilir.

2.8. Hər bir halda qəbul edilməsi məqsədilə müraciət etmiş vətəndaşlarla əlaqə yaradılan zaman vaxta qənaət edilməsi, qəbulun daha operativ və səmərəli təşkil olunması üçün vətəndaşlara qəbulun videoqəbul formatında keçirilməsi təklif olunur. Vətəndaşlar bu təklifi qəbul etdiyi təqdirdə, qəbul qrafikinə uyğun olaraq qeydiyyatda olduqları və ya yaşadıqları yer üzrə vergi orqanının inzibati binasına (o cümlədən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə) dəvət edilir və videoqəbulların xüsusi avadanlıq və proqram təminatı ilə təchiz olunmuş qəbul otaqlarında həyata keçirilməsi təmin edilir.

2.9. Qəbul qrafikində göstərilən şəxslər müəyyən olunmuş vaxtda qəbulu üzrlü səbəblərdən həyata keçirə bilmədikdə, qəbul digər aidiyyəti vəzifəli şəxs tərəfindən (hərəkət və ya hərəkətsizliyindən şikayət verilmiş şəxslər istisna olmaqla) aparılır, bu mümkün olmadıqda isə qəbul başqa vaxta keçirilir.

2.10. Xidmətin Aparatının struktur bölmələrinin və Xidmətin qurumlarının rəisləri vətəndaş qəbulunda mütləq şəkildə öz müavininin və (və ya) rəhbərlik etdiyi strukturun müvafiq idarə və şöbə (bölmə) rəislərinin iştirakını təmin edir, habelə məsələnin mahiyyətindən, vətəndaşın tələbindən və digər zəruri hallardan asılı olaraq öz təşəbbüsü ilə və ya kargüzarlıq xidmətini həyata keçirən strukturun işçi qaydada müraciəti əsasında qəbulda şəxsən iştirak edirlər.

2.11. Xidmətin qurumlarında qurumun rəisi müvafiq əmrlə qurum daxilində qəbul işini təşkil etmək üçün məsul şəxs təyin edir.

2.12. Vətəndaşların qəbulu yalnız “Şəffaf qəbul otağı”nda (Vergi ödəyicilərinə xidmət mərkəzlərində keçirilən videoqəbullar istisna olmaqla) həyata keçirilir. “Şəffaf qəbul otağı” bu Qaydaların 1.3.4-cü yarımbəndində göstərilən maddi-texniki tələblərə uyğun olmalıdır.

2.13. Qəbulun (videoqəbulun) keçirildiyi yerlərdə sakitliyə və müvafiq sanitariya-gigiyena normalarına, habelə xüsusi karantin rejimi, fövqəladə və hərbi vəziyyət rejimi tətbiq edildiyi halda onun tələblərinə əməl olunmalıdır.

2.14. Qəbul (videoqəbul) zamanı qəbul otağına vətəndaşın video və audio yazı qurğusu, həmçinin mobil telefon aparması qadağandır.

2.15. Qəbul olunan vətəndaşlar barədə müvafiq məlumatlar hər bir halda “Qəbul” menyusuna daxil edilərək, vətəndaş qəbulunun qeydiyyat-nəzarət vərəqəsi tərtib olunur.

2.16. Qəbul qrafikində aşağıdakı məlumatlar əks olunur:

2.16.1. rəhbər vəzifəli şəxsin vəzifəsinin tam adı;

2.16.2. rəhbər vəzifəli şəxsin adı, atasının adı və soyadı;

2.16.3. qəbul günləri və saatları;

2.16.4. qəbul yerinin ünvanı, qəbul otağının şəhər və daxili telefon nömrələri.

2.17. Xidmətin Aparatı üzrə qəbul qrafiki Katiblik baş idarəsi tərəfindən aşağıdakılar nəzərə alınmaqla tərtib olunur və təsdiq olunması üçün Xidmətin rəisinə təqdim edilir:

2.17.1. Xidmətin rəisinin qəbulu – Xidmətin rəisinin iş qrafikinə uyğun olaraq və onunla razılaşdırmaqla;

2.17.2. Xidmətin rəis müavinlərinin qəbulu – həftədə bir gün (azı 3 saat);

2.17.3. Xidmətin Aparatının struktur bölmələrinin rəislərinin qəbulu – həftədə iki gün (azı 4 saat);

2.17.4. Katiblik baş idarəsində vətəndaşların qəbulu – həftənin iş günləri saat 9:00-dan 18:00-dək.

2.18. Xidmətin qurumlarında qəbul qrafiki kargüzarlıq xidmətini həyata keçirən struktur tərəfindən aşağıdakılar nəzərə alınmaqla tərtib olunur və təsdiq olunması üçün qurumun rəisinə təqdim edilir:

2.18.1. Xidmətin qurumlarının rəislərinin qəbulu – həftədə üç gün (azı 9 saat);

2.18.2. Xidmətin qurumlarının rəis müavinlərinin və qurum daxilində müstəqil struktur rəislərinin qəbulu – həftədə üç gün (azı 12 saat);

2.18.3. kargüzarlıq xidmətini həyata keçirən strukturda qəbul – həftənin iş günləri saat 9:00-dan 18:00-dək.

2.19. Xidmətin Aparatı üzrə: Hər il növbəti il üçün təsdiq olunmuş qəbul qrafiki barədə Xidmətin rəsmi internet səhifəsində məlumat yerləşdirilir, bir nüsxəsi isə dekabr ayının sonunadək İqtisadiyyat Nazirliyinə təqdim edilir. Təsdiq olunmuş qəbul qrafikində il ərzində dəyişiklik olduqda, yenidən təsdiq olunmuş qəbul qrafikinin bir nüsxəsi Xidmətin rəsmi internet səhifəsində yerləşdirilməklə, İqtisadiyyat Nazirliyinə təqdim edilir.

2.20. Xidmətin qurumları üzrə: Hər il növbəti il üçün təsdiq olunmuş qəbul qrafiki Xidmətin qurumları tərəfindən dekabr ayının 10-dək Katiblik baş idarəsinə təqdim edilir. Katiblik baş idarəsi tərəfindən həmin məlumatlar ümumiləşdirilir və 5 iş günü ərzində Xidmətin rəsmi internet səhifəsində yerləşdirilməsi məqsədilə Xidmətin Aparatının aidiyyəti struktur bölməsinə göndərilir. Təsdiq olunmuş qəbul qrafikində il ərzində dəyişiklik olduqda, yenidən təsdiq olunmuş qəbul qrafikinin bir nüsxəsi 3 iş günü ərzində Katiblik baş idarəsinə təqdim edilir. Katiblik baş idarəsi tərəfindən 2 iş günü ərzində həmin məlumatlara baxılaraq, Xidmətin rəsmi internet səhifəsində yerləşdirilməsi məqsədilə Xidmətin Aparatının aidiyyəti struktur bölməsinə göndərilir.
 

3. Vətəndaşların qəbulu prosesi

3.1. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər.

3.2. Aidiyyəti vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu növbəlilik prinsipinə uyğun olaraq təmin edilir.

3.3. Qəbul zamanı vətəndaş diqqətlə dinlənilməli, müraciətə fərdi yanaşılmalı, mahiyyətinin ətraflı öyrənilməsi, vətəndaşa qanunamüvafiq qaydada izahların verilməsi, qaldırılan məsələ vətəndaşın hüquq və qanuni mənafelərindən irəli gəlirsə, onların qanunamüvafiq qaydada həlli ilə bağlı lazımi tədbirlərin görülməsi təmin edilməli, zərurət yaranarsa, qəbul prosesinə digər aidiyyəti strukturların əməkdaşları da dəvət olunmalıdır.

3.4. Vətəndaşların qəbul zamanı etdiyi şifahi müraciətləri ilə bağlı vətəndaş qəbulunun qeydiyyat-nəzarət vərəqəsində müvafiq qeyd aparılır. Şifahi müraciətdəki məsələnin həlli əlavə araşdırma tələb etmədikdə, vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır.

Vətəndaş müraciətinin yazılı qaydada cavablandırılmasını tələb etdikdə və ya qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda, həmin müraciət qeydiyyata alınaraq baxılması üçün aidiyyəti üzrə icraçı struktura göndərilir. Bu müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılır.

3.5. Vətəndaş qəbula yazılmaq üçün müraciət etdikdə və ya vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələlərin digər dövlət orqanlarının və ya təşkilatların səlahiyyətinə aid olduğu aşkar edilərsə, vətəndaşa aidiyyəti üzrə müraciət etməsi barədə izah verilir.

3.6. Qəbul prosesinin şəffaflığının təmin edilməsi məqsədilə qəbulun audio-video çəkiliş aparılmaqla keçiriləcəyi barədə vətəndaşa əvvəlcədən məlumat verilir. Bundan sonra vətəndaş qəbulunun qeydiyyat-nəzarət vərəqəsi çap edilir, vətəndaş tərəfindən imzalanır və kargüzarlıq xidmətini həyata keçirən struktur tərəfindən ayrıca qovluqda saxlanılır.

3.7. Xidmətin rəisi və onun müavinləri, habelə Xidmətin qurumlarında Xidmətin qurumlarının rəisləri və onların müavinləri onların qəbuluna yazılmış vətəndaşları qəbul edir, müraciətlərin mahiyyətini öyrənir, zərurət yaranarsa, aidiyyəti vəzifəli şəxsləri dəvət edir, müraciətlərin araşdırılması və nəticəsindən asılı olaraq lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir.

3.8. Aidiyyəti vəzifəli şəxslər bu Qaydaların 3.7-ci yarımbəndinə uyğun olaraq, onlara verilmiş tapşırıqlarla əlaqədar müraciətlərə, eləcə də onların bilavasitə qəbulunda olmuş vətəndaşların yazılı qaydada cavablandırılması tələb olunan müraciətlərinə aşağıdakı qaydada baxırlar:

3.8.1. müraciətin mahiyyətini ətraflı öyrənir, zərurət yaranarsa, lazımi sənədləri tələb edir, məsələnin həlli üçün zəruri olan digər tədbirləri görürlər;

3.8.2. müraciətə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxır, görülmüş tədbirlər haqqında vətəndaşa əsaslandırılmış cavab verirlər.

3.9. Xidmətin qurumlarında vətəndaş qəbulları barədə məlumatlar kargüzarlıq xidmətini həyata keçirən struktur tərəfindən ildə iki dəfədən az olmayaraq ümumiləşdirilir, ətraflı təhlil edilir və nəticəsi barədə hər ilin iyul ayının 10-dək və növbəti ilin yanvar ayının 10-dək Katiblik baş idarəsinə xidməti məruzə təqdim olunur.

3.10. Xidmətin Aparatında və qurumlarında vətəndaş qəbulları barədə məlumatlar Katiblik baş idarəsi tərəfindən ildə iki dəfədən az olmayaraq ümumiləşdirilir, ətraflı təhlil edilir və nəticəsi barədə Xidmətin rəisinə xidməti məruzə təqdim olunur.
 

4. Vətəndaşların videoqəbulu

4.1. Vətəndaşların videoqəbulu aşağıdakı hallarda həyata keçirilir:

4.1.1. vətəndaş müraciətində qəbulun videoqəbul formatında keçirilməsini xahiş etdikdə;

4.1.2. vaxta qənaət edilməsi, qəbulun daha operativ və səmərəli təşkil olunması üçün vergi orqanının qəbulun videoqəbul formatında keçirilməsi ilə bağlı etdiyi təklifi vətəndaş qəbul etdikdə;

4.1.3. müəyyən səbəblərə görə ölkə üzrə xüsusi karantin rejimi, fövqəladə və hərbi vəziyyət rejimi və ya digər məhdudiyyətlər tətbiq olunması səbəbindən vətəndaş qəbulunun yalnız videoqəbul formatında keçirilməsi mümkün olduqda.

4.2. Videoqəbulda iştirak etmək məqsədilə vətəndaşlar qəbula yazılmalarının səbəblərini (müraciətin predmetini) göstərməklə bu Qaydaların 2.1-ci yarımbəndinə uyğun olaraq qəbula yazılırlar.

4.3. Xidmətin rəsmi internet səhifəsindən videoqəbula yazılmaq istəyən vətəndaş “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsində “Vətəndaşların vergi orqanlarında qəbula yazılması” xidmətinə daxil olaraq müvafiq xanaları doldurur, bundan sonra açılan növbəti pəncərədə qəbul formasını “videoqəbul” seçərək müraciətin məzmununu yazır və “Göndər” düyməsi vasitəsilə aidiyyəti üzrə göndərir. Göndərilmiş müraciət forması avtomatik olaraq AVİS-in “Hovuz moduluna” daxil olur.

4.4. Vətəndaş tərəfindən bu Qaydaların 4.3-cü yarımbəndində nəzərdə tutulmuş müraciət formasının doldurulması zamanı hər hansı çatışmazlıqlara yol verilərsə, Katiblik baş idarəsi tərəfindən həmin vətəndaşla əks-əlaqə yaradılır və həmin çatışmazlıqlar dəqiqləşdirilir.

4.5. Vətəndaşları videoqəbul formatında qəbul edən aidiyyəti vəzifəli şəxslər qəbula xidməti otaqlarından qoşulurlar. Vətəndaş və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vergi orqanının inzibati binasına (o cümlədən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə) gəlmədikdə, videoqəbul təşkil olunmur.

4.6. Videoqəbul zamanı konfidensiallıq təmin olunmalı və qəbulu təşkil edən şəxs istisna olmaqla kənar şəxslərin qəbul otağına daxil olmasına, qəbul prosesini birbaşa və ya digər formada izləməsinə yol verilməməlidir.

4.7. Videoqəbulun müddəti bir qayda olaraq 15 dəqiqədir. Zəruri hallarda bu müddət daha 15 dəqiqə artırıla bilər.

4.8. Müraciət etmiş vətəndaş tərəfindən təqdim olunmuş yanlış məlumatlar videoqəbuldan imtina və ya qəbulun dayandırılması üçün əsas ola bilər. Qəbul zamanı qeyri-etik hərəkətlərə yol verən vətəndaşlarla videoqəbul xəbərdarlıq edilmədən dərhal dayandırılır.

4.9. Qəbulu təşkil edən şəxs tərəfindən videoqəbul zamanı edilmiş müraciətlərlə bağlı bu Qaydaların əlavəsində göstərilmiş formaya uyğun vətəndaş qəbulunun qeydiyyat-nəzarət vərəqəsi tərtib edilməlidir.

4.10. Qəbulun video yazısının elektron formada saxlanılması təmin edilir.
 

5. Vətəndaşların səyyar qəbulu

5.1. Səyyar qəbullar zamanı təqdim edilən müraciətlərin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qaydalara uyğun olaraq həyata keçirilir.

5.2. Xidmət rəhbərliyi tərəfindən ölkənin müxtəlif şəhər və rayonlarında vətəndaşların səyyar qəbulu keçirilə bilər.

5.3. Səyyar qəbulun keçirilməsi ilə bağlı elan qəbulun keçirilməsindən əvvəl Xidmətin rəsmi internet səhifəsində yerləşdirilir.

5.4. Səyyar qəbulda iştirak etmək məqsədilə həmin qəbulun keçirildiyi bölgənin əhatə etdiyi inzibati-ərazi vahidlərində (şəhər və rayonlarda) qeydiyyatda olan, faktiki yaşayan vətəndaşlar və həmin ərazidə təsərrüfat subyekti (obyekti) mövcud olan vergi ödəyiciləri qəbula yazılmalarının səbəblərini (müraciətin predmetini) göstərməklə bu Qaydaların 2.1-ci yarımbəndinə uyğun olaraq qəbula yazılırlar.

5.5. Qəbula yazılan vətəndaşların müraciətləri Katiblik baş idarəsi tərəfindən təhlil edilir, bu Qaydaların 5.4-cü yarımbəndinin tələblərinə uyğun olan və vergi orqanlarının səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı müraciət etmiş vətəndaşların səyyar qəbulda iştirakı təmin edilir.

5.6. Səyyar qəbul keçirilən şəhər və ya rayonun aid olduğu yerli vergi orqanının kargüzarlıq xidmətini həyata keçirən strukturu qəbul üçün müraciət etmiş vətəndaşın təqdim etdiyi məlumatlara əsasən “Qəbul” menyusunda vətəndaş qəbulunun qeydiyyat-nəzarət vərəqəsini tərtib edərək, səyyar qəbul başa çatdıqdan sonra məlumat üçün Katiblik baş idarəsinə göndərir.

5.7. Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilərək Xidmətin səlahiyyətlərinə aid məsələlər yerindəcə həll edilir və ya vətəndaşlara qanunvericiliyə uyğun qaydada ətraflı izahatlar verilir. Yerində həll edilməsi mümkün olmayan müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun olaraq həll edilməsi üçün aidiyyəti vergi orqanlarına müvafiq tapşırıqlar verilir.

5.8. Keçirilmiş qəbulların nəticələri mütəmadi olaraq Katiblik baş idarəsi tərəfindən təhlil edilir və bu barədə ümumiləşdirmələr aparılır.
 

6. Qaydaların tələblərinin pozulmasına görə məsuliyyət

Vergi orqanlarının əməkdaşları bu Qaydaların tələblərinin yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin 28 oktyabr 2022-ci itl arixli  2217040101436500 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında vətəndaşların qəbulunun (videoqəbulunun) təşkili Qaydaları”na Əlavə