Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində (texnologiyalar parklarına münasibətdə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 628-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.52-ci, 13.2.53-cü maddələrində və 67-1.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Məcəllənin 67-1.1.2-ci və 67-1.2.2-ci maddələrində (sənaye parklarına münasibətdə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2013-cü il.
№–– 906