Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yüksək Texnologiyalar Parkının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı (bundan sonra — «YT Park») yaradılsın.

2. Müəyyən edilsin ki, «YT Park» informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

3.1. «YT Park»ın fəaliyyətinin təşkili üçün bu Fərmanın 7.1.1-ci yarımbəndinə müvafiq olaraq ayrılmış ərazidə zəruri infrastrukturun yaradılması, xidmətlər göstərilməsinin və parkın fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün tədbirlər görülməsini;

3.2. «YT Parkı»ın fəaliyyət istiqamətləri üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığın təşkili və genişləndirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər görülməsini təmin etsin.

4. «YT Park»ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində «Yüksək Texnologiyalar Parkı — «YT Park» Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

5. «Yüksək Texnologiyalar Parkı — «YT Park» Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra — Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə:

5.1.1. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

5.1.2. Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

5.1.3. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.4. Cəmiyyətin müşahidə şurasının seçilməsi;

5.1.5. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

5.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

5.2. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

5.2.1. Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və ona dəyişikliklərin təsdiqi;

5.2.2. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyində hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

5.2.3. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

6. Cəmiyyətin yenidən təşkili və (və ya) ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

7.1. üç ay müddətində:

7.1.1. «YT Park»ın fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyinin tabeliyindəki Superfosfat Zavodunun ərazisindən 30 hektar torpaq sahəsinin Cəmiyyətə verilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.1.2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə «Texnologiyalar parkları haqqında Nümunəvi Əsasnamə»nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.1.3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə «YT Park»da vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin, habelə «Yüksək Texnologiyalar Parkı — «YT Park» Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi «Yüksək Texnologiyalar Parkı — «YT Park» Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 5 noyabr 2012-ci il
№– 736

«Azərbaycan» qəzetində dərc edilmişdir (6 noyabr 2012-ci il, №– 247).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 30 noyabr 2012-ci il, №– 11, maddə 1096).

14 may 2014-cü il tarixli, 164 nömrəli; 2 sentyabr 2014-cü il tarixli, 247 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə.