Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı» (Elektron Azərbaycan)»nın 7.2.4.2-ci yarımbəndinə əsasən, dövlət orqanları arasında elektron sənəd dövriyyəsi sistemi yaratmaq məqsədi ilə qərara alıram:

1. «İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası idarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçılarında qovşaqların texniki vasitələrlə təmin edilməsinə dair tələbatı, elektron imza veriləcək iştirakçıların rəhbərləri və müavinləri, habelə elektron sənəd dövriyyəsini bilavasitə həyata keçirəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək müvafiq tədbirlər görməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti idarələrarası elektron sənəd dövriyyəsi sistemi iştirakçılarının qovşaqlarının texniki vasitələrlə təmin edilməsi üçün zəruri olan maliyyə vəsaitinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciəti əsasında on beş gün müddətində Xidmətə ayrılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti bu Fərmanla təsdiq edilmiş «İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə»nin 1.3.1-ci, 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş iştirakçılarda 2013-cü il iyulun 1-dək, 1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş iştirakçılarda isə 2014-cü il yanvarın 1-dək qovşaqların texniki vasitələrlə təmin edilməsini başa çatdırsın və bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versin.

5. Bu Fərmanla təsdiq edilmiş «İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə»nin 1.3.1-ci yarımbəndində nəzərdə tutulmuş iştirakçılar 2013-cü il iyulun 1-dən, 1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş iştirakçılar 2014-cü il yanvarın 1-dən idarələrarası elektron sənəd dövriyyəsinə başlanmasını təmin etsinlər.

6. Bu Fərmanla təsdiq edilmiş «İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə»nin 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş iştirakçılara 2013-cü il iyulun 1-dən idarələrarası elektron sənəd dövriyyəsinə başlanmasını təmin etmək tövsiyə edilsin.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 4 sentyabr 2012-ci il

«Azərbaycan» qəzetində dərc edilmişdir (5 sentyabr 2012-ci il, №– 197).

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında əsasnamə

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı» (Elektron Azərbaycan)»nın 7.2.4.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və idarələrarası elektron sənəd dövriyyəsi sisteminin (bundan sonra — sistem) yaradılması, idarə olunması və bu sistemdən istifadə qaydalarını müəyyən edir.

1.2. Sistemin təşkilatçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir.

1.3. Sistemin iştirakçıları aşağıdakı dövlət orqanları və qurumlardır:

1.3.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının aparatları, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi;

1.3.2. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Milli Televiziya və Radio Şurasının aparatları, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi;

1.3.3. yerli icra hakimiyyəti orqanları;

1.3.4. bu Əsasnaməyə əlavə edilmiş siyahıda nəzərdə tutulmuş qurumlar.

1.4. Bu Əsasnamədə elektron sənəd dövriyyəsi dedikdə, sistemin iştirakçıları arasında elektron sənədlərin nizamlanmış hərəkəti ilə bağlı aşağıdakı informasiya prosesləri nəzərdə tutulur:

1.4.1. Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının və tapşırıqlarının (tövsiyələrinin) elektron formada göndərilməsi;

1.4.2. sistemin iştirakçıları tərəfindən elektron sənədlərə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırıqlarına (tövsiyələrinə) baxılması nəticələri barədə informasiyanın elektron formada göndərilməsi;

1.4.3. sistemin iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciətlərin, o cümlədən hüquqi aktların layihələrinin elektron formada təqdim edilməsi;

1.4.4. sistemin iştirakçıları arasında hüquqi aktların layihələri üzrə razılaşdırma prosedurlarının elektron formada həyata keçirilməsi.

1.5. Bu Əsasnamə dövlət sirri təşkil edən məlumatların dövriyyəsinə şamil edilmir.

1.6. Sistemin əsas prinsipləri aşağıdakılardır:

1.6.1. sistemdən eyni zamanda bir neçə iştirakçının istifadə etməsinin texnoloji cəhətdən mümkün olması;

1.6.2. sistemin iştirakçıları tərəfindən informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların, formatların, protokolların və proqram-texniki vasitələrin tətbiq edilməsi;

1.6.3. sistemin iştirakçıları tərəfindən yalnız sertifikatlaşdırılmış proqram təminatı və proqram-texniki vasitələrindən istifadə edilməsi;

1.6.4. verilən məlumatların tamlığının təmin edilməsi;

1.6.5. idarələrarası elektron sənəd dövriyyəsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi;

1.6.6. elektron sənəd dövriyyəsinin qanunvericiliklə müəyyən edilmiş kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilməsi.

2. Sistemin texniki-texnoloji infrastrukturu

2.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı elementlərdən ibarətdir:

2.1.1. sistemin əsas qovşağı;

2.1.2. sistem iştirakçılarının qovşaqları;

2.1.3. mühafizə olunan rabitə kanalları.

2.2. Sistemin əsas qovşağının texniki vasitələrinə sənəd dövriyyəsi sistemi, poçt serverləri, sertifikat mərkəzinin proqram-aparat vasitələri, informasiyanı mühafizə vasitələri, sistem iştirakçılarının qarşılıqlı fəaliyyətinin proqram təminatı və digər proqram-texniki vasitələr aiddir.

2.3. Sistem iştirakçılarının qovşaqlarının texniki vasitələrinə server, kommunikasiya avadanlığı, informasiyanın mühafizə vasitələri və avtomatlaşdırılmış iş yerləri aiddir.

2.4. Sistem iştirakçılarının qovşaqlarının texniki vasitələri sistemin operatoru tərəfindən onlara müvəqqəti istifadə üçün təmənnasız olaraq verilir. Texniki vasitələrin verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Texniki vasitələr onların mühafizəsini, həmçinin göndərilən və qəbul edilən sənədlərin təhlükəsizliyini təmin edən otaqlarda yerləşdirilməlidir.

2.5. Sistem iştirakçılarının qovşaqlarında əlavə texniki vasitələrin yerləşdirilməsi və (və ya) onların yerinin dəyişdirilməsi zərurəti yarandıqda, rabitə kanallarının çəkilməsi, avadanlığın və proqram təminatının alınması üzrə kompleks işlər sistem iştirakçısının maliyyə vəsaiti hesabına sistem operatoru tərəfindən həyata keçirilir.

3. Sistemin təşkilatçısı

3.0. Sistem təşkilatçısının əsas funksiyaları aşağıdakılardır:

3.0.1. sistem çərçivəsində elektron sənəd dövriyyəsini, habelə informasiya mühafizəsinin təmin edilməsini tənzimləyən hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, bu tələblər pozulduqda isə elektron sənəd mübadiləsini qadağan etmək və ya dayandırmaq;

3.0.2. sistem operatorunun və iştirakçılarının idarələrarası elektron sənəd dövriyyəsinə məsul olan rəhbər şəxsləri barədə məlumatlı olmaq;

3.0.3. sistemin təşkilati və metodiki təminatını həyata keçirmək.

4. Sistemin operatoru

4.1. Sistem operatorunun əsas funksiyaları aşağıdakılardır:

4.1.1. sistemin əsas qovşağında olan və sistem iştirakçılarının qovşaqlarına mühafizə olunan rabitə kanalları ilə göndərilən informasiyanı icazəsiz daxilolmalardan və təhrifetmələrdən mühafizə etmək;

4.1.2. sistemin iştirakçıları arasında elektron sənəd mübadiləsini həyata keçirmək;

4.1.3. sistemin texniki-texnoloji infrastrukturunun istismarını təmin etmək;

4.1.4. sistemin informasiya təhlükəsizliyini təmin etmək;

4.1.5. sistem iştirakçılarında elektron sənəd mübadiləsini bilavasitə həyata keçirən məsul şəxslərin sistemdən istifadə vərdişlərinin formalaşdırılmasını və daim təkmilləşdirilməsini sistemin təşkilatçısı ilə birlikdə təmin etmək.

4.2. Sistemin operatoru sistemin texniki-texnoloji infrastrukturunun yaradılmasını sistem iştirakçılarının qovşaqlarının yaradılması və sistemin əsas qovşağından sistem iştirakçılarının qovşaqlarına qədər rabitə kanallarının təşkili yolu ilə həyata keçirir. Sistemin rabitə kanallarının təşkili üçün sistem operatorunun rabitə kanallarından istifadə olunur.

4.3. Sistemin operatoru texniki və mühafizə vasitələrinin sazlanmasını, habelə xüsusi proqram təminatının quraşdırılmasını həyata keçirir.

4.4. Sistemin texniki-texnoloji infrastrukturunun istismarının təmin edilməsi sistemin operatoru tərəfindən aşağıdakı kompleks işlərin yerinə yetirilməsi yolu ilə həyata keçirilir:

4.4.1. proqram-texniki vasitələrin işlək vəziyyətdə olmasının təmin edilməsi;

4.4.2. proqram-texniki vasitələrin istismarı zamanı aşkar edilən səhvlərin və nasazlıqların təhlil edilməsi və aradan qaldırılması;

4.4.3. sıradan çıxmış proqram-texniki vasitələrin təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi;

4.4.4. informasiya təhlükəsizliyinin təmin edilməsi;

4.4.5. sistemin əsas qovşağında yerləşən məlumat bazalarının saxlanılması, bərpa edilməsi və ehtiyat surətinin yaradılması qaydalarının, habelə virus əleyhinə bazaların yenilənməsi qaydasının müəyyən edilməsi.

4.5. Sistem elektron sənədlərə baxılmasının gedişatı barədə sistemin iştirakçıları üçün xəbərdarlıq verilməsini təmin etməlidir.

5. Sistemin iştirakçıları

5.1. Sistem iştirakçılarının əsas funksiyaları aşağıdakılardır:

5.1.1. sistem iştirakçılarının qovşaqlarının və bu qovşaqların texniki vasitələrinin yerləşdirilməsi üçün xüsusi otaqlar ayırmaq, həmin otaqlara dair rejim tədbirlərinin təşkil edilməsini həyata keçirmək;

5.1.2. idarələrarası elektron sənəd dövriyyəsi çərçivəsində elektron sənəd mübadiləsini bilavasitə həyata keçirəcək məsul şəxsləri müəyyən etmək;

5.1.3. mühafizə olunan rabitə kanalı ilə göndərilənədək informasiyanın icazəsiz daxilolmalardan və təhrifetmələrdən mühafizəsini təmin etmək.

5.2. İşlənilən materialların (səyyar informasiya daşıyıcıları, printerlər üçün kartriclər və s.) alınmasının maliyyələşdirilməsi sistemin iştirakçıları tərəfindən həyata keçirilir.

 

«İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında əsasnamə»yə əlavə

İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların siyahısı

1. Azərbaycan Milli Elmlər Akademiyası;

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu;

3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;

4. Azərbaycan Respublikasının Auditorlar Palatası;

5. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;

6. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası;

7. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası.