Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İstehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Müəyyən edilsin ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 13 aprel 2010-cu il
№– 246
«Azərbaycan» qəzetində dərc edilmişdir (14 aprel 2010-cu il, №– 78).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2010-cu il, №– 4 (154), maddə 286)