«Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 539 nömrəli Fərmanının 6-cı bəndi ilə təsdiq edilmiş «Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə» yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 539 nömrəli Fərmanına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 fevral tarixli, 195 nömrəli Fərmanının 1.3-cü bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 8 may 2008-ci il
№– 761
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 may 2008-ci il, №– 102).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2008-ci il, №– 5 (131), maddə 372).
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 may tarixli, 761 nömrəli Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında əsasnamə
Birinci bölmə. Əsas müddəalar
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim forması—geyim predmetləri və fərqləndirmə nişanlarının komplektidir.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim formasının predmetlərinə aiddir:
Üst geyimləri—palto, yarımpalto, plaş, yarımplaş, kurtka, gödəkcə, ikitərəfli kurtka, kamuflyaj, pencək, şalvar, yubka.
Baş geyimləri—furajka, yay furajkası, şlyapa, beysbolka, qış papağı.
Digər geyim növləri və aksessuarları—köynəklər, puloverlər, şərflər, qalstuklar, qalstuk üçün sıxaclar, ayaqqabılar, kəmərlər, çantalar, corablar.
Xüsusi geyim formasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri daşıya bilər.
Xüsusi geyim formasını daşıma hüququ olmayan vətəndaşların Vergilər Nazirliyinin vəzifəli şəxslərinin fərqləndirmə nişanı olan xüsusi geyim formasını daşıması qadağandır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri xüsusi geyim formasını Azərbaycan Respublikası vergilər nazirinin təsdiq etdiyi əmrində göstərilən qaydada daşıyır.
Xüsusi geyim forması ilə təminetmə və daşıma qaydaları Azərbaycan Respublikasının vergilər naziri tərəfindən müəyyən edilir.
İkinci bölmə. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin geyim formalarının daşınması
I fəsil. Mərasim geyim formalarının tərkibi və daşınma qaydaları
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin mərasim geyim formalarının tərkibinə aşağıdakı geyim növləri aiddir:
Yay geyimləri və geyim aksessuarları:
- Kişilər üçün furajka—göy rəngli,
- Qadınlar üçün şlyapa—göy rəngli
- Furajka—ağ rəngli (ali rəis heyəti, kişilər üçün)
- Şlyapa—ağ rəngli (ali rəis heyəti, qadınlar üçün)
- Yay yubkası—göy rəngli
Kişi və qadınlar üçün
- Pencək—ağ rəngli (ali rəis heyəti üçün)
- Pencək—göy rəngli
- Yay şalvarı—göy rəngli
- Şlyapa—tünd göy rəngli
- Kəmər—qara rəngli
- Uzunqol köynək—ağ rəngli
- Uzunqol köynək—mavi rəngli
- Qalstuk—qırmızı rəngli
- Yay çəkməsi—qara rəngli dəridən
Qış geyimləri və geyim aksessuarları:
Kişi və qadınlar üçün
- Qış papağı—qaragül dəridən (ali rəis heyəti üçün)
- Qış papağı—dəridən (baş və kiçik rəis heyəti üçün)
- Furajka (qadınlarda şlyapa)—göy rəngli
- Palto—tünd göy rəngli
- Plaş— tünd göy rəngli
- Pencək—ağ rəngli (ali rəis heyəti üçün)
- Pencək—göy rəngli
- Şalvar (qadınlar üçün yubka və şalvar)—göy rəngli
- Uzunqol köynək—ağ rəngli
- Pulover qollu—göy rəngli
- Pulover qolsuz—göy rəngli
- Qalstuk—qırmızı rəngli
- Kəmər—qara rəngli
- Əlcək—qara rəngli
- Şərf—tünd göy və mavi rəngli
- Corab—qara rəngli
- Qış çəkməsi (qadınlarda uzunboğaz çəkmə)—qara rəngli dəridən
II fəsil. Gündəlik geyim formalarının tərkibi və daşınma qaydaları
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim formasının tərkibinə aşağıdakı xüsusi geyim növləri aiddir:
Yay geyimləri və geyim aksessuarları:
- Kişilər üçün furajka, şlyapa və beysbolka papaq—göy rəngli
- Qadınlar üçün şlyapalar və beysbolka—göy rəngli
- Yubka—göy rəngli
- Corab—qara rəngli (kişilər üçün)
- Neylon corab—qara rəngli (qadınlar üçün)
Kişi və qadınlar üçün
- Pencək—göy rəngli
- Şalvar—göy rəngli
- Kəmər—qara rəngli
- Uzunqol köynək—mavi rəngli
- Qısaqol köynək—mavi rəngli
- Üçdüymə köynək—mavi rəngli
- Qalstuk— mavi və göy rəngli
- Yay çəkməsi—qara rəngli dəridən
Qış geyimləri və geyim aksessuarları:
Kişi və qadınlar üçün
- Qış papağı—qaragül dəridən (ali rəis heyəti üçün)
- Qış papağı—dəridən (baş və kiçik rəis heyəti üçün)
- Furajka (qadınlarda şlyapa)—göy rəngli
- Palto—tünd göy rəngli
- Yarımpalto— tünd göy rəngli
- Plaş—tünd göy rəngli
- Yarımplaş—tünd göy rəngli
- Kurtka—göy rəngli
- Gödəkcə—göy rəngli
- Pencək—göy rəngli
- Şalvar (qadınlar üçün yubka və şalvar)—göy rəngli
- Uzunqol köynək—mavi rəngli
- Pulover qollu—göy rəngli
- Pulover qolsuz—göy rəngli
- Qalstuk—mavi və göy rəngli
- Kəmər—qara rəngli
- Əlcək—qara rəngli
- Şərf—tünd göy və mavi rəngli
- Corab—qara rəngli
- Qış çəkməsi (qadınlarda uzunboğaz çəkmə)—qara rəngli dəridən
III fəsil. Xüsusi təyinatlı geyimlərin tərkibi və daşınma qaydaları
Xüsusi təyinatlı geyimlərə aşağıdakılar aiddir:
- İkitərəfli kurtka
- Kamuflyaj (yay və qış üçün)
Üçüncü bölmə. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin fərqləndirmə nişanları
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin fərqləndirmə nişanları xüsusi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət məsuliyyəti göstərir.
Vəzifəli şəxslərin fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamə ilə müəyyən edilir.
Fərqləndirmə nişanlarına aiddir:
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı;
- paqon, yaxa nişanları, qol nişanları (medal və nişan tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər, aypara və ulduzlar) kantlar və lampaslar.
Bundan əlavə, xüsusi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa hissələri digər xarici fərqləndirmə əlamətlərində də həmin məqsədlərlə istifadə edilir.
IV fəsil. Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı onun rəmzidir (Şəkil 1).
Tanınma nişanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək borcunu xatırladır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı yarımkürə formasındadır. Sarı (qızılı) xətlərlə haşiyələnmiş, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur.
Tanınma nişanının yuxarı yarım hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı göstərilmiş, bayrağın qırmızı rəngli hissəsində «Azərbaycan» sözü yazılmışdır.
Tanınma nişanının mərkəz hissəsində küp formasını təsvir edən çərçivə içərisində yuxarıda Azərbaycan Respublikasının səkkizguşəli ulduzu və aypara təsvir olunmuş, aşağıda isə «Vergilər Nazirliyi» sözləri sarı (qızılı) rəngdə, tünd göy rəngli fonda yazılmışdır.
Tanınma nişanının aşağı yarımkürəsinin aşağı hissəsində özünəməxsus üçbucaq şəklində sarı (qızılı) xətlərlə haşiyələnmiş formanın içərisində Vergilər Nazirliyi sözlərinin baş hərfləri (VN) xüsusi formada sarı fonda sarı (qızılı) rəngdə həkk olunmuşdur. Üçbucaq formanın hər iki yan tərəfi sarı (qızılı) rəngdə sünbül və dəfnə yarpaqları ilə haşiyələnmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı nazirliyin vəzifəli şəxslərinin xüsusi geyim formasında daşınır, hər növ blanklarında, inzibati binalarının girəcəklərində, avtonəqliyyat vasitələrində və digər sahələrində istifadə olunur.
V fəsil. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi rütbələrinə görə paqonların təsviri
Ali rəis heyəti—Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün paqonlar 50x100 mm ölçüdədir, toxunmadır, taxılıb-çıxarılandır, səkkizguşəli ulduzların sayı rütbələrə görə fərqlənir. Gerb və ulduzların ölçüsü 20 mm-dir. Aypara 28x24 mm ölçüdədir (Şəkil 117, 118, 119, 120).
İçərisində kənarı boyunca sarı (qızılı) sapdan toxunma sünbül və dəfnə yarpaqları arasında aypara və səkkizguşəli ulduzlar təsvir olunmuşdur. Paqonun hər iki tərəfindən qırmızı və ya sarı (qızılı) sapla kant toxunmuşdur.
Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri—yanlarda iki böyük ulduz, mərkəzdə Azərbaycan Respublikasının dövlət gerbi;
1-ci dərəcəli dövlət vergi xidməti müşaviri—3 böyük ulduz;
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri—2 böyük ulduz;
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri—1 böyük ulduzla bir-birindən fərqlənir;
Baş rəis heyəti—baş vergi xidməti müşaviri, vergi xidməti müşaviri, kiçik vergi xidməti müşavirləri üçün paqonlar 50x100 mm ölçüdədir, toxunmadır, taxılıb-çıxarılandır, səkkizguşəli ulduzların sayı rütbələrə görə fərqlənir. Ulduzların ölçüsü 18 mm-dir. Aypara isə 28x24 mm ölçüdədir (Şəkil 121, 122, 123).
İçərisində ayparanın arxa tərəfindən qövsvari sarı (qızılı) sapdan toxunma sünbül və dəfnə yarpaqları, ayparanın ön tərəfindən (içəri hissəsindən) səkkizguşəli ulduzlar təsvir olunmuşdur.
Baş vergi xidməti müşaviri—3 böyük ulduz;
Vergi xidməti müşaviri—2 böyük ulduz;
Kiçik vergi xidməti müşaviri—1 böyük ulduzla bir-birindən fərqlənir.
Kiçik rəis heyəti—1-ci dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş, 3-cü dərəcəli müfəttiş, müfəttişlər üçün paqonlar 50x100 mm ölçüdədir, toxunmadır, taxılıb-çıxarılandır, səkkizguşəli ulduzların sayı rütbələrə görə fərqlənir. Ulduzların ölçüsü 15 mm-dir. Aypara isə 28x24 mm ölçüdədir (Şəkil 124, 125, 126, 127).
1-ci dərəcəli müfəttiş—4 ulduz;
2-ci dərəcəli müfəttiş—3 ulduz;
3-cü dərəcəli müfəttiş—2 ulduz;
Müfəttiş—1 ulduzla bir-birindən fərqlənir.
VI fəsil. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin tanınma qol və döş nişanları
Tanınma qol və döş nişanları—toxunmadır, göy rəngdədir, 65x65 mm ölçüdədir, formanın öz materialından toxunmuşdur. Yarımkürə formasındadır, sarı (qızılı) xətlərlə haşiyələnmişdir, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur (Şəkil 130).
Nişanın mərkəz hissəsində küp formasını təsvir edən çərçivə içərisində yuxarıda Azərbaycan Respublikasının səkkizguşəli ulduzu və aypara təsvir olunmuş, aşağıda isə «Vergilər Nazirliyi» sözləri sarı (qızılı) rəngli sapla, göy rəngli fonda yazılmışdır (toxunmuşdur). Nişanın yuxarı hissəsində sarı (qızılı) rəngli sapla «Azərbaycan» sözü yazılmışdır (toxunmuşdur).
Nişanın aşağı yarımkürəsinin aşağı hissəsində özünəməxsus üçbucaq şəklində sarı (qızılı) xətlərlə haşiyələnmiş formanın içərisində Vergilər Nazirliyi sözlərinin baş hərfləri (VN) xüsusi formada Sarı (qızılı) fonda göy və sarı rəngdə həkk olunmuşdur. Üçbucaq formanın hər iki yan tərəfi Sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpaqları ilə haşiyələnmişdir (toxunmuşdur).
Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün tanınma qol nişanı bütün geyim formalarının sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda, tanınma döş nişanı isə geyim formasının sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində tikilir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin qol və döş tanınma nişanı nazirliyin vəzifəli şəxslərinin xüsusi geyim formalarında daşınır.
Dördüncü bölmə. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin geyim formalarının predmetlərinin daşınma xüsusiyyətləri
VII fəsil. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin baş geyimləri
Furajka—ali rəis heyəti üçün—göy rənglidir (mərasimlər üçün ağ rəngdə, günlüyü qara və ağ rənglərdə), oval formalı, təpə dövrəlidir, günlük hissəsindən, qızılı rəngdə çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dövrənin üstündən (furajkanın rənginə uyğun olaraq) ağ və göy rəngli atlas parçadan bəzək lenti keçir. Furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü 80 mm, eni 150 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları toxunmuş kokarda tikilmişdir (Şəkil 105).
Günlüyün üz səthi hər iki tərəfdən uzunluğu 94 mm, eni 79 mm olan sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpaqları ilə bəzədilmişdir (toxunmuşdur).
Furajkanın təpə dairəsinin kənarlarında və oturacaq hissəsindəki dairə boyunca eni 3 mm olan qırmızı rəngli mahud parçadan kant tikilir.
Furajka—baş və kiçik rəis heyəti üçün—göy rənglidir, oval formalı, təpə dövrəlidir, günlük hissəsindən, qızılı rəngdə çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dövrənin üstündən göy rəngli atlas parçadan bəzək lenti keçir. Baş rəis heyəti üçün nəzərdə tutulmuş furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü 75 mm, eni 130 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş), kiçik rəis heyəti üçün nəzərdə tutulmuş furajkada isə hündürlüyü 60 mm, eni 54 mm olan və yalnız dövlət gerbindən ibarət olan kokarda tikilmişdir (Şəkil 106,107).
Günlük qara rənglidir.
Furajkanın təpə dairəsinin kənarlarında və oturacaq hissəsindəki dairə boyunca eni 3 mm olan mavi rəngli mahud parçadan kant tikilir.
Qadın şlyapası—ali rəis heyəti üçün—göy rənglidir (mərasimlər üçün ağ rəngli), günlüksüzdür, oval formalıdır. Şlyapanın üst hissəsinə kənar dövrəsinə paralel xüsusi qövsvari forma verilmişdir. Şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü 80 mm, eni 150 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları toxunmuş kokarda tikilmişdir (Şəkil 108).
Qadın şlyapası—baş və kiçik rəis heyəti üçün—göy rənglidir, günlüksüzdür, oval formalıdır. Şlyapanın üst hissəsinə kənar dövrəsinə paralel qövsvari xüsusi forma verilmişdir. Baş rəis heyəti üçün nəzərdə tutulmuş şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü 75 mm, eni 130 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş), kiçik rəis heyəti üçün nəzərdə tutulmuş şlyapada isə hündürlüyü 60 mm, eni 54 mm olan və yalnız dövlət gerbindən ibarət olan kokarda tikilmişdir (Şəkil 109,110).
Qış papağı—ali rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, dairəvi formalıdır, günlüklüdür. Kostyumun hazırlandığı parçadan hazırlanır. Qara rəngli qaragül dəridən olan və basma düymə ilə açılıb bağlanan yarımdairəvi qulaqlığı vardır. Papağın dövrəsinin qabaq tərəfində hündürlüyü 80 mm, eni 150 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş) kokarda tikilmişdir (Şəkil 111,112).
Günlüyün üz səthi hər iki tərəfdən uzunluğu 94 mm, eni 79 mm olan sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpaqları ilə bəzədilmişdir (toxunmuşdur).
Qış papağı—baş və kiçik rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, dairəvi formalıdır, günlüklüdür. Kostyumun hazırlandığı parçadan hazırlanır. Qara rəngli qaragül dəridən olan və basma düymə ilə açılıb bağlanan yarımdairəvi qulaqlığı vardır. Baş rəis heyəti üçün nəzərdə tutulmuş papağın dövrəsinin qabaq tərəfində hündürlüyü 75 mm, eni 130 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş), kiçik rəis heyəti üçün nəzərdə tutulmuş papaqda isə hündürlüyü 60 mm, eni 54 mm olan və yalnız dövlət gerbindən ibarət olan kokarda tikilmişdir (Şəkil 111,112).
Yay furajkası (beysbolka)—ali rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, günlüklüdür, günbəz formalı və dairəvidir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dairənin hündürlüyü boyunca 6 yerdən aşağıdan yuxarı mərkəzə doğru bərabər ölçülərdə ikitərəfli tikişlərlə tikilir və dairə boyunca 6 ədəd hava dəlikləri vardır. Tikişlərin birləşdiyi təpə mərkəzində adi parça düymə bərkidilir. Furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü 67 mm, eni 129 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş) kokarda tikilmişdir (Şəkil 115,116).
Günlüyün üz səthi hər iki tərəfdən uzunluğu 94 mm, eni 79 mm olan sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpaqları ilə bəzədilmişdir (toxunmuşdur).
Günlüyün kənarı boyunca eni 3 mm olan qırmızı rəngli mahud parçadan kant tikilir.
Yay furajkası (beysbolka)—baş və kiçik rəis heyəti üçün (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—göy rənglidir, günlüklüdür, günbəz formalı və dairəvidir. Kostyumun hazırlandığı parçadan hazırlanır. Dairənin hündürlüyü boyunca 6 yerdən aşağıdan yuxarı mərkəzə doğru bərabər ölçülərdə ikitərəfli tikişlərlə tikilir və dairə boyunca 6 ədəd hava dəlikləri vardır. Tikişlərin birləşdiyi təpə mərkəzində adi parça düymə bərkidilir. Baş rəis heyəti üçün nəzərdə tutulmuş furajkanın dövrəsinin qabaq tərəfində hündürlüyü 63 mm, eni 112 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş), kiçik rəis heyəti üçün nəzərdə tutulmuş furajkada isə hündürlüyü 56 mm, eni 52 mm olan və yalnız dövlət gerbindən ibarət olan kokarda tikilmişdir (Şəkil 115,116).
Günlüyün kənarı boyunca eni 3 mm olan mavi rəngli mahud parçadan kant tikilir.
Şlyapa (KİŞİLƏR VƏ QADINLAR ÜÇÜN)—tünd göy rənglidir, günlüyü dairəvidir. Günlüyün eni 80 mm-dir. Kənarı dairə boyunca tikişlə tamamlanır. Ali rəis heyəti üçün nəzərdə tutulmuş şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü 80 mm, eni 150 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı(qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş(toxunmuş) kokarda tikilmişdir.
Baş rəis heyəti üçün nəzərdə tutulmuş şlyapanın dövrəsinin qabaq tərəfində hündürlüyü 75 mm, eni 130 mm olan, Azərbaycan Respublikasının dövlət gerbi və sarı (qızılı) rəngli sapla qövsvari sünbül və dəfnə yarpaqları ilə bəzədilmiş (toxunmuş), kiçik rəis heyəti üçün nəzərdə tutulmuş şlyapada isə hündürlüyü 60 mm, eni 54 mm olan və yalnız dövlət gerbindən ibarət olan kokarda tikilmişdir (Şəkil 113,114).
VIII fəsil. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin üst geyimləri
Kişilərdə palto (yarımpalto), plaş (yarımplaş), kurtkalar, gödəkcələr, köynəklər, şalvarlar soldan sağa, qadınlarda isə sağdan sola bağlanır.
Palto (yarımpalto), plaş (yarımplaş)—tünd göy rənglidirlər, birbortludurlar, qatlanan boyunluqludur. Döşəmədən paltonun və plaşın ətəyinədək olan məsafə 45 sm, yarımpalto və yarımplaşlarda isə 65 sm-dir. Palto (yarımpalto) və plaş (yarımplaş) ali rəis heyətində üç ədəd 25 mm ölçülü, baş və kiçik rəis heyətində isə üç ədəd 20 mm ölçülü qızılı rəngli düymə ilə düymələnir.
Ali rəis heyəti üçün paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan eni 3 mm ölçüdə kant vardır. Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) yaxalıqlarının küncləri sarı (qızılı) rəngli sapla üstündə aypara və ulduz olan sünbül və dəfnə yarpağı ilə bəzədilmişdir (toxunmuşdur) (Şəkil 128,129). Qolların köbələri üzərində mərkəzində aypara və ulduz, həmçinin kənarlarında ulduz olan sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpağı şəklində toxunma təsvir olunmuşdur (Şəkil 6, 8, 23, 25).
Ali rəis heyəti üçün paltonun (yarımpaltonun) boyunluğunda əlavə qaragül dəridən qara rəngli düymələrlə bərkidilən geyinilib çıxarılan yaxalıq vardır. Bu yaxalığın künclərində sarı (qızılı) rəngli sapla üstündə aypara və ulduz olan sünbül və dəfnə yarpağı şəklində toxunma təsvir olunmuşdur.
Baş və kiçik rəis heyəti üçün kant mavi rəngdədir. Lakin kiçik rəis heyətinin paltosunun (yarımpaltosunun), plaşının (yarımplaşının) yaxasında mavi kant nəzərdə tutulmamışdır. Baş və kiçik rəis heyəti üçün boyunluq və qollarda sünbül və dəfnə yarpağı şəklində toxunma nəzərdə tutulmamışdır (Şəkil 38, 40, 69, 71).
Qol köbəsinin hündürlüyü 130 mm-dir. Qol köbələrində 15 mm ölçülü qızılı rəngdə üç düymə tikilmişdir.
Layları yan kəsmə ciblidir. Ciblərin hündürlüyü kişilərdə 180 mm, qadınlarda isə 170 mm-dir.
Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilir. Paqon yerləri yaxa tərəfdən 15 mm ölçülü qızılı rəngli düymə ilə bərkidilir.
Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.
Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) astarında iki böyük və sol tərəfdə bir kiçik kəsmə qoltuq cibi vardır.
Paltonun (yarımpaltonun), plaşın (yarımplaşın) kürəyində ortada şlitsa ilə tamamlanan tikiş vardır.
Plaşda zəncirbənd ilə geyinilib çıxarılan isti içlik vardır.
Kurtka—göy rənglidir. Bortları zəncirbənd və xüsusi parça yapışqanla bağlanır. Sinə hissələrində basma düymə ilə düymələnən qapaqlı, gizli cibləri vardır. Laylarında yan kəsmə fiqurlu və basma düymə və zəncirbənd ilə bağlanan qapaqlı, gizli cibləri vardır. Kişilərdə sinə ciblərinin qapaqlarının hündürlüyü 70 mm, lay ciblərinin qapaqlarının hündürlüyü isə 80 mm-dir. Yan kəsmə ciblərinin hündürlüyü 180 mm-dir. Qadınlarda sinə ciblərinin qapaqlarının hündürlüyü 65 mm, lay ciblərinin qapaqlarının hündürlüyü isə 75 mm-dir. Yan kəsmə ciblərinin hündürlüyü160 mm-dir (Şəkil 89,90).
Kurtkanın çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilir. Paqon yerləri yaxa tərəfdən basma düymə ilə bərkidilir.
Kurtkanın sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.
Kurtkanın belində tənzimləyici gizli rezin ip var.
Kurtkanın kürəyi koketkalıdır, astarlıdır. Hər iki bortunda zəncirbənd ilə bağlanan qoltuq cibləri, bortun aşağı sağ tərəfində isə xüsusi parça yapışqanla bağlanan mobil telefon üçün cib vardır. Qısa qatlama boyunluqludur. Qolları tək tikişlidir, manjetlidir, manjetlərin hündürlüyü 60 mm-dir, onlar tənzimlənən basma düymələrlə bağlanırlar.
Kurtka, gödəkcə, ikiüzlü kurtka, uzunqol köynək, qısaqol köynək, üçdüymə köynək, uzunqol pulover və qolsuz puloverlərdə vəzifəli şəxslər yalnız rütbələrinə görə (paqonların təsvirinə əsasən) fərqlənirlər.
Yay (qış) pencəyi—göy rənglidir (ali rəis heyəti üçün mərasimlərdə ağ rəngli), birbortludur, qatlanan boyunluqludur, qızılı rəngli düymə ilə düymələnir (Şəkil 2,3).
Ali rəis heyəti üçün yay (qış) pencəyinin boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan eni 3 mm ölçüdə kant vardır. Yay (qış) pencəyinin yaxalığının künclərində sarı (qızılı) rəngli sapla üstündə aypara və ulduz olan sünbül və dəfnə yarpağı şəklində toxunma təsvir olunmuşdur. Qolların köbələri üzərində mərkəzində aypara və ulduz, həmçinin kənarlarında ulduz olan sarı (qızılı) rəngli sapla sünbül və dəfnə yarpağı şəklində toxunma təsvir olunmuşdur.
Bortdakı düymələrin ölçüsü ali rəis heyətində 25 mm, baş və kiçik rəis heyətində isə 20 mm-dir.
Baş rəis heyəti üçün kant mavi rəngdədir. Lakin kiçik rəis heyətinin yay (qış) pencəyinin yaxasında mavi kant nəzərdə tutulmamışdır. Baş və kiçik rəis heyəti üçün boyunluq və qollarda sünbül və dəfnə yarpağı şəklində toxunma nəzərdə tutulmamışdır (Şəkil 34, 35, 66, 67).
Qol köbəsinin hündürlüyü kişilərdə 110 mm, qadınlarda isə 105 mm-dir. Qol köbələrində 15 mm ölçülü qızılı rəngli üç düymə tikilmişdir.
Sinə hissələrində və laylarında 15 mm ölçülü qızılı rəngli düymə ilə düymələnən ciblər vardır.
Kişilər üçün yay (qış) pencəyinin sinədəki cibləri bortların üstünə tikiliblər, ortalarında yarıq var, yarıqdan hər iki tərəfə 5 mm məsafədən tikişlər keçir. Ciblərin və qapaqların qırağında tikiş var. Sinədəki ciblərin ümumi hündürlüyü 140 mm, eni 130 mm, qapağın hündürlüyü 55 mm-dir. Laylarında yerləşən ciblər gizlidirlər, qapağın hündürlüyü 70 mm-dir.
Qadınlar üçün yay (qış) pencəyinin sinədəki və laylarındakı ciblər gizlidirlər, qapağın hündürlüyü sinədə 50 mm, laylarında isə 60 mm-dir.
Yay (qış) pencəyinin çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilib. Paqon yerləri yaxa tərəfdən 15 mm ölçülü qızılı rəngli düymə ilə bərkidilir.
Yay (qış) pencəyinin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.
Yay (qış) pencəyinin astarında zəncirbənd ilə bağlanan iki böyük və sol tərəfdə bir kiçik kəsmə qoltuq cibi vardır.
Yay (qış) pencəyinin kürəyində ortada şlitsa ilə tamamlanan tikiş vardır.
Gödəkcə—göy rənglidir, qısa qatlama boyunluqludur. Bortları zəncirbənd və basma düymələrlə bağlanır. Sinə hissələrində basma düymə ilə düymələnən qapaqlı, gizli, laylarında isə yan kəsmə fiqurlu cibləri vardır. Qapaqların hündürlüyü həm kişilər, həm də qadınlar üçün 70 mm, yan kəsmə ciblərin hündürlüyü isə kişilər üçün 180 mm, qadınlar üçün 170 mm-dir (Şəkil 87, 88).
Gödəkcənin çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilir. Paqon yerləri yaxa tərəfdən basma düymə ilə bərkidilir.
Gödəkcənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.
Gödəkcənin kürəyi koketkalıdır, astarlıdır. Hər iki bortunda zəncirbənd ilə bağlanan qoltuq cibləri, bortun aşağı sağ tərəfində isə xüsusi parça yapışqanla bağlanan mobil telefon üçün cib vardır. Qolları tək tikişlidir, manjetlidir, manjetlərin hündürlüyü 50 mm-dir, onlar tənzimlənən basma düymələrlə bağlanır.
Gödəkcənin qurşağı manjetlidir, iki yan tərəfdən 50 mm-lik yığma rezin tikilmişdir.
Yay (qış) şalvarı—göy rənglidir. Ali rəis heyəti üçün nəzərdə tutulmuş yay (qış) şalvarın yan tikişinə söykənən və şalvarın uzununa doğru hər birinin eni 3 mm olmaqla qırmızı mahud parçası ilə kant tikilir. Bu kantın hər iki tərəfindən 5 mm məsafədə paralel olaraq eni 180 mm olan qırmızı mahud parçadan kantlar (lampaslar) tikilir (Şəkil 2,5).
Baş və kiçik rəis heyəti üçün nəzərdə tutulmuş şalvarın yan tikişinə söykənən və şalvarın uzununa doğru hər birinin eni 3 mm olmaqla mavi mahud parçası ilə kant tikilir (Şəkil 34,37).
Kişilərdə hər iki yandan uzunluğu 150 mm, eni 10 mm olan, arxada isə hər iki tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibləri vardır. Qadınlarda qabaq ciblərin uzunluğu 140 mm-dir.
Şalvarın miyançası qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanır. Qurşaqda kişilərdə kəmər üçün 8, qadınlarda isə 6 ensiz halqa (körpü) tikilir. Qurşaqda kəmər yerinin eni kişilərdə 40 mm, qadınlarda isə 35 mm-dir.
Yay (qış) yubkası—göy rənglidir. Döşəmədən yubkanın ətəyinədək olan məsafə 45 sm-dir.
Ali rəis heyəti üçün nəzərdə tutulmuş yay (qış) yubkasının yan tikişinə söykənən və yubkanın uzununa doğru hər birinin eni 3 mm olmaqla qırmızı mahud parçası ilə kant tikilir.
Bu kantın hər iki tərəfindən 5 mm məsafədə paralel olaraq eni 180 mm olan qırmızı mahud parçadan kantlar (lampaslar) tikilir (Şəkil 10,13).
Baş və kiçik rəis heyəti üçün nəzərdə tutulmuş yubkanın yan tikişinə söykənən və yubkanın uzununa doğru hər birinin eni 3 mm olmaqla mavi mahud parçası ilə kant tikilir (Şəkil 42,45).
Yubkanın miyançası adi kiçik düymə və zəncirbəndlə bağlanır.
Qurşaqda kəmər üçün 4 ensiz halqa (körpü) tikilir. Kəmər yerinin eni 35 mm-dir. Qurşağın hər iki tərəfində (yanlarda) tənzimləyici rezin var.
İkitərəfli kurtka—üz tərəfi tünd göy rənglidir. Bortları zəncirbənd ilə bağlanır. Hər iki üzünün laylarında hündürlüyü 180 mm, kəsməsinin eni 20 mm olan yan kəsmə fiqurlu cibləri vardır (Şəkil 91, 92, 93).
İkitərəfli kurtkanın əsas üzünün kürəyində tünd boz rəngli koketka var. Koketkanın üzərində qızılı hərflərlə «VERGİLƏR NAZİRLİYİ» sözləri yazılmışdır. Koketkanın hündürlüyü paqon yerlərinə qədər davam edir və mavi rəngli kantla bitir.
İkitərəfli kurtka qısa qatlama boyunluqludur. Boyunluğun kənarlarının rəngi göy, mərkəz hissələri isə mavi rəngdədir. Qolları tək tikişli, qollarının qurşağı yığma rezinlidir. İkitərəfli kurtkanın çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilib. Paqon yerləri yaxa tərəfdən basma düymə ilə bərkidilir.
İkitərəfli kurtkanın sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilmişdir.
İkitərəfli kurtkanın iç tərəfi göy rəngli adi geyim formasıdır (heç bir atribut nəzərdə tutulmamışdır).
Xüsusi geyim forması (kamuflyaj—yay və qış üçün)—Vergilər Nazirliyinin xüsusi təyinatlı vəzifəli şəxsləri üçün nəzərdə tutulmuşdur. Yağışa davamlı, ləkə götürməyən xüsusi parçadan tikilmişdir. Qarışıq—tünd göy, qara və mavi rənglərdədir (Şəkil 103). Kurtkanın materialından tikilmiş, ön hissəsində Azərbaycan Respublikasının dövlət gerbi olan, günlüklü qış və yay furajkası vardır.
Qatlanan boyunluqludur, kürəyi koketkalıdır. Koketkanın cibliyində öz materialından olan gizlədilib çıxarılan parça üzərində «VERGİLƏR NAZİRLİYİ» sözləri yazılmışdır. Ciblik yapışqan parça ilə açılıb bağlanandır.
Qış kurtkasının içərisində taxılıb çıxarılan içliyi vardır. İçlik isti süni vatin tipli parçadan hazırlanmışdır.
Kurtkanın bortları orta hissədən zəncirbənd və yapışqan parça ilə bağlanır.
Qolları tək tikişlidir, tənzimlənən zəncirbənd və basma düymə ilə bağlanır. Qoltuq hissəsində hava dəlikləri yerləşdirilmişdir.
Kamuflyajın çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilib. Paqon yerləri yaxa tərəfdən basma düymə ilə bərkidilir.
Sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 150 mm aşağıda cibin üzərində tanınma qol nişanı tikilir.
Sinəsində gizli, laylarında yan kəsmə fiqurlu və zəncirbənd ilə bağlanan cibləri vardır.
Qış kurtkasının boyunluğunun arxa tərəfindən salınıb çıxarılan yağışdan qorunmaq üçün xüsusi örtük (kapişon) bərkidilmişdir. Hər qolunun üstündə bir kiçik cib tikilmişdir. Sol qolundakı cib basma düymə ilə, sağ qolundakı cib isə zəncirbənd ilə bağlanır.
Kamuflyajın dəstinə eyni parçadan hazırlanmış qolsuz gödəkcə daxildir.
Kürəyi koketkalıdır. Koketkanın cibliyində öz materialından olan gizlədilib çıxarılan parça üzərində «VERGİLƏR NAZİRLİYİ» sözləri yazılmışdır. Ciblik yapışqan parça ilə açılıb bağlanandır.
Bortları orta hissədən zəncirbənd ilə bağlanır.
Sinəsində kiçik qapaqlı (sol cibi mobil telefon üçün nəzərdə tutulmuşdur), laylarında qapaqlı və basma düymə ilə bağlanan cibləri vardır.
Sol bortunda zəncirbənd ilə bağlanan gizli qoltuq cibləri vardır. Çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilib. Paqon yerləri yaxa tərəfdən basma düymə ilə bərkidilir.
Belində tənzimləyici gizli rezin ip var.
Qurşaqda yan hissələr tənzimlənən basma düymə ilə düymələnirlər. Şalvarın yan yuxarı hissəsində kəsmə gizli ciblər, aşağı hissəsində qapaqlı cibləri, arxa sağ tərəfində isə zəncirbənd ilə bağlanan cib vardır.
Diz qatlarında şlis ilə tamamlanan tikiş vardır. Şalvarın miyançası qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanır. Qurşağında kəmər üçün ensiz halqa (körpü) tikilmişdir.
Kamuflyaj qara rəngli uzunboğaz çəkmə ilə geyilir.
IX fəsil. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin digər geyimləri
Uzunqol köynək (mərasim)— ağ rənglidir, uzun qolludur, qatlama boyunluqludur, bortlar ortadan yeddi adi kiçik düymə ilə düymələnir (Şəkil 4,5).
Köynəyin hər iki bortunun döş hissəsində üstdən tikilmiş adi kiçik düymə ilə ortadan düymələnən qapaqlı cibləri vardır. Cibin hündürlüyü 160 mm, eni 135 mm, qapağın hündürlüyü isə 60 mm-dir. Sol cibində qələm üçün xüsusi yer vardır.
Köynəyin çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilib. Paqon yerləri yaxa tərəfdən adi kiçik düymə ilə bərkidilir.
Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.
Qolları tək tikişlidir, manjetlidir, manjetlərin eni kişilərdə 70 mm, qadınlarda 60 mm-dir, onlar adi kiçik düymə ilə düymələnir.
Köynəyin kürəyi koketkalıdır, ətəyi 55 mm hündürlüyündə manjetlidir. Uzunluğu 200 mm olan rezinlə yığma manjet tənzimlənən adi kiçik düymə ilə düymələnir.
Köynək qırmızı qalstukla geyilir.
Uzunqol qış köynəyi—mavi rənglidir (mərasimlər üçün ağ rəngdə), uzun qolludur, qatlama boyunluqludur, bortlar ortadan yeddi adi kiçik düymə ilə düymələnir (Şəkil 94, 95). Köynəyin hər iki bortunda üstdən tikilmiş adi kiçik düymə ilə düymələnən qapaqlı ciblər vardır. Cibin hündürlüyü 160 mm, eni 135 mm, qapağın hündürlüyü isə 60 mm-dir. Sol cibində qələm üçün xüsusi yer var.
Köynəyin çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilib. Paqon yerləri yaxa tərəfdən adi kiçik düymə ilə bərkidilir.
Qolları tək tikişlidir, manjetlidir, manjetlərin eni kişilərdə 70, qadınlarda 60 mm-dir, onlar adi kiçik düymə ilə düymələnir.
Köynəyin kürəyi koketkalıdır, ətəyi açıq, qurşaqsızdır.
Köynək mavi və ya qırmızı qalstukla geyilir.
Qısaqol yay köynəyi—mavi rənglidir, qısa qolludur, qatlama boyunluqlu və açıq formadadır, iki bortludur, bortlar ortadan yeddi adi kiçik düymə ilə düymələnir (Şəkil 96, 97). Köynəyin hər iki bortunun döş hissəsində üstdən tikilmiş adi kiçik düymə ilə ortadan düymələnən qapaqlı cibləri vardır. Cibin hündürlüyü 160 mm, eni 135 mm, qapağın hündürlüyü isə 60 mm-dir. Sol cibində qələm üçün xüsusi yer vardır.
Köynəyin çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilib. Paqon yerləri yaxa tərəfdən adi kiçik düymə ilə bərkidilir.
Köynəyin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.
Qolları tək tikişlidir, manjetlidir, manjetlərin eni kişilərdə 30 mm, qadınlarda isə 25 mm-dir.
Köynəyin kürəyi koketkalıdır, ətəyi 55 mm-lik manjetlidir. Uzunluğu 200 mm olan rezinlə yığma manjet tənzimlənən adi kiçik düymə ilə düymələnir.
Köynək qalstuksuz geyilir.
Üçdüymə köynək—mavi rənglidir, qısaqolludur. Yaxası üç adi kiçik düymə ilə düymələnir (Şəkil 98, 99).
Köynəyin çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilib. Paqon yerləri yaxa tərəfdən adi kiçik düymə ilə bərkidilir.
Aşağı birinci düymənin mərkəzindən tanınma döş nişanının arasında olan məsafə 60 mm-dir.
Üçdüymə köynəyin qurşağı manjetlidir, iki yan tərəfdən 50 mm-lik yığma rezinlidir.
Pulover qollu—göy rənglidir, uzun qolludur, yundan toxunmuşdur. Yaxası üçbucaq şəkilli, açıqdır. Çiyin və dirsək hissələrinə puloverin öz rəngində parçadan əlavə qatlar tikilib (Şəkil 102,103).
Puloverin döş hissəsinin sol tərəfində üstdən tikilmiş hündürlüyü 145 mm, eni 125 mm olan açıq cib var. Cibdə qələm üçün xüsusi yer vardır.
Puloverin çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilir. Paqon yerləri yaxa tərəfdən adi düymə ilə bərkidilir.
Puloverin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 120 mm aşağıda tanınma qol nişanı tikilir.
Puloverin yaxası (eni 25 mm), qolları (eni 70 mm) və qurşağı (eni 70 mm) toxunmuş rezin manjetlidir.
Pulover qolsuz—göy rənglidir, qolsuzdur, yundan toxunmuşdur. Yaxası üçbucaq şəkilli, açıqdır. Çiyin hissələrinə puloverin öz rəngində parçadan əlavə qatlar tikilib (Şəkil 100,101).
Puloverin döş hissəsinin sol tərəfində üstdən tikilmiş hündürlüyü 145 mm, eni 125 mm olan açıq cib var. Cibdə qələm üçün xüsusi yer vardır.
Puloverin çiyinlərində 140 x 45 mm ölçülü paqon yerləri tikilir. Paqon yerləri yaxa tərəfdən adi düymə ilə bərkidilir.
Puloverin yaxası (eni 25 mm), qolları (eni 25 mm) və qurşağı (eni 70 mm) toxunmuş rezin manjetlidir.
Yay və qış çəkməsi—qara rəngdədir, qara rəngli xromdan hazırlanır, zəncirbəndlidir, yaxud tənzimlənən manjetlə bağlanır. Altlığı qəliblənmişdir. Burun və arxa hissələri möhkəmləndirilmişdir. Qış çəkmələrinin içərisi süni xəzlidir.
Uzunboğaz çəkmə (qadınlar üçün)—qara rəngdədir, qara rəngli xromdan hazırlanır, dabanı orta hündür ölçüdədir, burnu ensizdir, zəncirbəndlidir, yaxud tənzimlənən manjetlə bağlanır. Altlığı qəliblənmişdir. Burun və arxa hissələri möhkəmləndirilmişdir. Uzunboğaz çəkmələrin içərisi süni xəzlidir.
X fəsil. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin geyim aksessuarları
Qalstuk—göy, mavi və qırmızı rəngdədir. Gündəlik geyimlə göy, mavi, mərasim geyimlərilə isə qırmızı rəngli qalstuk bağlanır (Şəkil 132).
Qalstuk üçün sıxaclar—ali rəis heyəti üçün nəzərdə tutulmuşdur. 14 x 60 mm ölçüdədir, qızılı rəngli metaldan hazırlanmışdır. Üzərində hər iki tərəfdə sünbül, dəfnə yarpaqları və səkkizguşəli ulduz ilə bəzədilmişdir. Mərkəzdə Azərbaycan Respublikasının dövlət gerbi və ya Vergilər Nazirliyi sözlərinin baş hərfləri (VN) həkk olunmuşdur (Şəkil 133).
Kəmər—qara rəngli dəridən hazırlanır. Kişilər üçün nəzərdə tutulmuş kəmərin eni 35 mm, qadınlar üçün nəzərdə tutulmuş kəmərin eni isə 25 mm-dir (Şəkil 135).
Əlcək—qara rənglidir, beş barmaqlıdır. Su keçirməyən xüsusi parçadan və dəridən tikilir (Şəkil 137).
Şərf—göy, mavi rəngli kəşmir parçadan hazırlanır. Ölçüsü 30x165 sm-dir (Şəkil 134).
Corab—qara rənglidir, kişilər üçün yun və pambıqdan, qadınlar üçün isə neylondan tikilir.
Yol çantası—qara rənglidir, hündürlüyü 560 mm, eni 620 mm-dir. Su keçirməyən xüsusi möhkəm parçadan hazırlanır (Şəkil 136).
Düymələr—ali rəis heyəti üçün—üzərində Azərbaycan Respublikasının dövlət gerbi olan 25 mm-lik qızılı rəngli düymələr palto, yarımpalto, plaş, yarımplaşın sağ bortuna (qadınlarda sol bortuna) 3 ədəd, pencəkdə isə 4 ədəd tikilir. Üzərində Azərbaycan Respublikasının dövlət gerbi olan 15 mm-lik qızılı rəngli düymələr isə furajkanın çənəaltı qayışına 2 ədəd, paqon yerlərinin uclarına 1 ədəd, palto, yarımpalto, plaş, yarımplaş, pencəyin hər qolunun üstünə isə 3 ədəd tikilir (Şəkil 131).
Düymələr—baş və kiçik rəis heyəti üçün—üzərində üçbucaq formasının içərisində Vergilər Nazirliyi sözlərinin baş hərfləri (VN), aşağıdan sağ və sol tərəfdən sünbüllərlə, yuxarıda isə dəfnə yarpağı ilə bəzədilmiş 20 mm-lik qızılı rəngli düymələr palto, yarımpalto, plaş, yarımplaşın sağ bortuna (qadınlarda sol bortuna) 3 ədəd, pencəkdə isə 4 ədəd tikilir. Üzərində üçbucaq formasının içərisində Vergilər Nazirliyi sözlərinin baş hərfləri (VN), aşağıdan sağ və sol tərəfdən sünbüllərlə, yuxarıda isə dəfnə yarpağı bəzədilmiş 15 mm-lik qızılı rəngli düymələr isə furajkanın çənəaltı qayışına 2 ədəd, paqon yerlərinin uclarına 1 ədəd, palto, yarımpalto, plaş, yarımplaş, pencəyin hər qolunun üstünə isə 3 ədəd tikilir (Şəkil 131).