Belarusla iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub
Belarusun xarici işlər nazirinin müavini ilə görüşdə ticarət, sərmayə, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması imkanları müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.
Görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən birgə tədbirlər, imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verib. Bildirilib ki, əlaqələrin intensivləşməsi, eyni zamanda, iqtisadi əməkdaşlığımızın genişlənməsinə möhkəm zəmin yaradır. Belarusla iqtisadi-ticarət əlaqələri də güclənir. 2024-cü ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 29%-ə yaxın artıb.
Görüş zamanı Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, müxtəlif iqtisadi istiqamətlər üzrə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu diqqətə çatdırılıb.
Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanmış sənədlərin icrası, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə ediblər.