Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Forum keçirilib


Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Forum keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasın, Nazirlər Kabineti, Milli Məclis, dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birliklərinin nümayəndələri və iş adamları iştirak ediblər.

Forumun təşkilində məqsəd ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulmasıdır.

Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı məsələlərə toxunaraq, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsi aparılmasının zəruriliyini vurğulayıb.

Forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) baş katibi Migel Silva Pinto, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının sədri Məmməd Musayev, «McKinsey & Company» şirkətinin partnyoru Daniel Korn və Azərbaycanda Amerika Ticarət Palatasının («AmCham») prezidenti Nuran Kərimov və digərləri çıxış ediblər.

Çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndirərək, dövlət başçısı tərəfindən bu istiqamətdə atılan addımları dəstəklədiklərini bildiriblər.

Forum müzakirələrlə davam edib.