Biznes nümayəndələri ilə görüş keçirilib
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ekspertlərinin biznes nümayəndələri ilə görüşü keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan-Amerika Ticarət Palatasının (“AmCham”) birgə təşkilatçılığı ilə baş tutan görüşdə İƏİT-nin Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin nümayəndələri Endrü Auerbax, Tomas Balko və Sara Şirmur “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi”nin (BEPS) Fəaliyyət planları, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması ilə bağlı ikipilləli həll (Pillar I və Pillar II) və digər mövzular barədə təqdimatla çıxış edərək bu məsələlərin Azərbaycanda tətbiqi, həmçinin Çoxtərəfli Konvensiyaya qoşulma ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər.
Görüş zamanı Azərbaycan Respublikasının İƏİT-nin layihələrində iştirakı və Çoxtərəfli Konvensiyaya qoşulma ilə bağlı yeni layihələrin ölkəmizdə biznesə mümkün təsirləri, yeni yanaşmalar, vergi qanunvericiliyində gözlənilən dəyişikliklərin istiqamətləri müzakirə edilib. Tədbir çərçivəsində sual-cavab sessiyası keçirilib və iştirakçıların səsləndirdiyi praktiki suallar həm İƏİT ekspertləri, həm də Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən cavablandırılıb.