Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Vergilər” mövzusunda ümumrespublika olimpiadasının yekun mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və “PwC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının yekun mərhələsi keçirilib.

Olimpiadanın keçirilməsində əsas məqsəd “Heydər Əliyev ili”ndə ali təhsil müəssisələrinin tələbələri arasında vergitutma sahəsində biliklərin aşılanması, habelə vergi sahəsinə marağın artırılmasıdır.

2-4 iyun tarixlərində DVX-nın Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında təşkil olunan olimpiadanın yekun mərhələsinə 20 universitetindən 100 tələbə qatılıb. Tədbirin açılış mərasimində çıxış edən Xidmət rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi səlahiyyətlərinin icraçısı Sərxan Həşimov olimpiada iştirakçılarını salamlayaraq, onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.

Tədbirin ilk günü tələbələr arasında ünsiyyətin qurulması və asudə vaxtın təşkilinə həsr edilib. Tələbələr əvvəlcə Vergi Muzeyi ilə tanış olublar, sonra Şamaxının Dəmirçi kəndinə səfər edərək burada yerli muzeyə baş çəkiblər.

Tədbirin ikinci günündə “PwC Azərbaycan”ın vergi xidmətləri üzrə direktoru Günel Sadiyevanın moderatorluğu ilə təşkil olunan panel müzakirələrə DVX rəisinin müşaviri Fərid İsayev, Xidmətin insan resursları baş idarəsinin rəisi Aytən Kərimova və “Neqsol Holdinq”in vergi direktoru Rəşad Abbasov qatılıblar. Ekspertlər panel çərçivəsində auditoriya ilə canlı dialoq formatında öz uğur hekayələrini bölüşüblər. Sonra tələbələrin daha səmərəli və maraqlı vaxt keçirmələri üçün vergi sahəsini əhatə edən suallardan ibarət müsabiqə təşkil olunub. Müsabiqənin məqsədi tələbələrin komandada işləmə bacarıqlarını qiymətləndirmək, onların təşəbbüskarlıq qabiliyyətlərini müşahidə etmək və tənqidi düşüncə qabiliyyətlərini yoxlamaqdan ibarət olub. Suallara daha kreativ cavablar verən komandaya üstünlük verilib.

Tədbirin son günündə Olimpiadanın yekun mərhələsi keçirilib. Bu zaman imtahan test sualları əsasında aparılıb, suallar vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun hazırlanıb. İki növbədən ibarət yekun turun imtahanı 90 dəqiqə davam edib, tələbələr vergilər mövzusunda öz bilik və bacarıqlarını sınayıblar. Yekun mərhələdə ən yüksək nəticə göstərən 3 tələbə uğur qazanaraq final mərhələsinin qalibi olub. Final mərhələsində 1-ci yeri Xəzər Universitetinin tələbəsi Müseyib Quliyev, 2 və 3-cü yerləri isə müvafiq olaraq Naxçıvan Dövlət Universitetinin tələbələri Nail Mustafazadə və Nicat Məmmədli tutublar.

Qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub. Bununla yanaşı, qalib tələbələr həm Dövlət Vergi Xidməti, həm də “PwC Azərbaycan” tərəfindən keçirilən təcrübə proqramlarına qatılma imkanı əldə ediblər ki, bu da onlara gələcəkdə iş prosesinə cəlb olunmalarına şərait yaradacaq.