Vergilər Nazirliyinin Apelyasiya Şurasının 2018-ci ildə fəaliyyəti barədə
2018-ci il ərzində Vergilər Nazirliyinin Apelyasiya Şurasında baxılmış 80 vergi ödəyicisinin müraciətindən 12 vergi ödəyicisinin şikayəti tam, 5-nin isə qismən təmin edilib. 15 vergi ödəyicisinin şikayəti işin faktiki halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla təmin edilməyib.
Ötən il ərzində Şura tərəfindən 48 vergi ödəyicisinin müraciəti üzrə şikayətin baxılmamış saxlanılmasına qərar verilib. Bu şikaytlərdən 15-i şikayətin predmeti üzrə məhkəməyə şikayət verilməsi və ya şikayətin məhkəmədə icraatda olması, 14-ü şikayətin verilmə müddətinin buraxılması, 8-i şikayətin predmeti üzrə cinayət təqibinin olması ilə bağlı olub. Qalan 2-si şikayətin predmeti üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının qərarının olması, 1-i şikayətin predmetinin aradan qalxması, 2-i şikayətlə bağlı qanunla müəyyən edilmiş forma və məzmuna əməl olunmaması və 6-sı şikayətin geri götürülməsi ilə bağlı olub.
2018-ci il ərzində Şura tərəfindən baxılmış şikayətlər üzrə qərarlardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına verilmiş təkrar şikayətlər Apellyasiya Şurasının müvafiq qərarları ilə təmin edilməyib. Başqa sözlə, Şuranın qərarları dəyişdirilmədən saxlanılıb, digər mahiyyəti üzrə baxılmamış şikayətlər üzrə isə Şuranın gəldiyi nəticələr əsaslı hesab edilib.
Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl edilməs məqsədilə Şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilir.