“Kölgə iqtisadiyyatı” ilə mübarizədə vergi orqanları müsbət nəticələr əldə edib
İqtisadiyyatın şəffaflığı onun dayanıqlı inkişafının təməlidir. Məhz buna görə də, son illərdə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması üçün dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinin “Kölgə iqtisadiyyatı” ilə mübarizədə vergi orqanlarının əldə etdiyi nəticələr barədə məlumatını təqdim edir.
2018-ci ilin əvvəllərindən etibarən Azərbaycanın vergi sistemində keyfiyyətcə yeni mərhələ başlanıb. İslahatların əsas məqsədi ilk növbədə, vergiödəyicilərinin vergi orqanlarına olan inamının artması, vergiödəyiciləri ilə vergi orqanları arasında şəffaf münasibətlərin qurulması, vergi mədəniyyətinin və intizamının gücləndirilməsi idi.
2019-2020-ci illərdə vergi qanunvericiliyində qeyri-leqal iqtisadiyyatın aradan qaldırılması və iqtisadiyyatın şəffaflaşdırılması, sahibkarlığın inkişafının dəstəklənməsi, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirildi. Əsas hədəflər qeyri-leqal dövriyyəni aşkar etmək, sahibkarları öz gəlirlərini “ağartmağa” sövq etmək, iş yerlərini leqallaşdırmaq, biznes dövriyyələrinin sənədləşdirilməsinə nail olmaq və bununla da “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına zəmin yaratmaq idi.
Pandemiyanın biznes mühitinə təsiri
2020-ci ildə pandemiyanın biznesə göstərdiyi mənfi təsirlər tədricən aradan qalxmaqdadır. Bu çətin dövrdə biznesin fəaliyyətində şəffaflığın nə dərəcədə əhəmiyyətli olması bir daha özünü göstərdi. Çünki iqtisadi məhdudlaşmaların təsirinə məruz qalmış sahibkarlıq subyektləri dövlətdən dəstək alan zaman, təqdim etdikləri maliyyə hesabatlarının şəffaflığından asılı olaraq, bu dəstəyə çatmaq imkanı əldə etdilər. Pandemiya “kölgə iqtisadiyyatı”nda çalışan sahibkarların daha da sıxılmasına səbəb oldu və bir daha göstərdi ki, sağlam rəqabət və şəffaf fəaliyyət istənilən biznesin ayaqda qalmasının əsas şərtidir.
Şəffaflıq zəncirvari bir prosesdir. Həlqənin bir tərəfində başlayan proses bütün həlqəni əhatə edəcək, tədricən, lakin dönməz bir şəkildə biznesin fəaliyyəti tam leqallaşacaq. Leqallaşma isə sağlam mühit, sağlam rəqabət şəraitidir və bu, təkcə yerli istehsalçılar deyil, həmçinin xarici investorlar üçün də əhəmiyyətli amildir. “Kölgə iqtisadiyyatı” investoru hər hansı ölkəyə sərmayə yatırmaqdan çəkindirən ilk 3 amil sırasına daxildir. Bu səbəbdən bazardakı sağlam rəqabət mühitini təmin etmək, qanunsuz fəaliyyət göstərən və “yalançı” sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitinin ləğv edilməsinə nail olmaq lazımdır.
“Kölgə iqtisadiyyatı”nın azaldılması
“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş ən vacib addımlardan biri ölkədə gəlirlərin və əmək bazarının şəffaflaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir.
Sahibkarların iş yerlərini və verilən əməkhaqlarını rəsmiləşdirməsi üçün vergi qanunvericiliyində onlara vergi stimulları müəyyən edilib. Belə ki, qeyri-neft özəl sektorda fiziki şəxslərin 8000 manatadək əməkhaqları üzrə gəlir vergisi (14 faiz) ləğv edilib. Sosial sığorta yükünün işəgötürənlə işçi arasında bölünməsində isə işəgötürənin fiskal yükünün azalması nəzərə alınıb.
Nəticə etibarilə vergi güzəştlərinin tətbiq olunduğu 2019-cu ilin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrin sayı həmin il 18,3 faiz, 2020-ci ildə isə 24 faiz artıb. Bu zaman həmin sektorda əməkhaqqı fondunun artım templəri müvafiq olaraq 29,5 faiz və 12,3 faiz təşkil edib. Bu addım büdcə üçün orta hesabla illik 300 milyon manat vergi itkisinə səbəb olsa da, ümumən əməkhaqqı fondunun “ağarması” hesabına DSMF-yə daha çox sosial sığorta haqlarının daxil olmasına imkan yaradıb, bu da nəticə etibarilə büdcədən fondun hesabına ayrılan dotasiyaların əhəmiyyətli şəkildə azaldılmasına imkan verib. Belə ki, məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar 2019-cu ildə əvvəlki illə müqayisədə 26 faiz, 2020-ci ildə 21,6 faiz artıb. Beləliklə, dövlət büdcə itkilərini kompensasiya etməklə yanaşı, büdcə üçün uzunmüddətli gəlir mənbələrinin yaradılmasına nail olub.
“Kölgə iqtisadiyyatı”nın məhdudlaşmasına hesablanmış digər istiqamət uçot sisteminin bərpası, gəlir və xərcin uçotunun şəffaf aparılması, malların sənədləşdirilmiş qaydada dövriyyəsinin təmin edilməsidir. Bu proses vergi inzibatçılığının ən çətin, vergiödəyiciləri ilə sıx işləməklə həyata keçirilən istiqamətidir.
Həyata keçirilən yeni vergi siyasəti, ilk növbədə, “kölgə” əməliyyatlarını məhdudlaşdırmağa, əmtəəsiz əməliyyatların qarşısını almağa yönəlmişdi və bu istiqamətdə həm qanunvericilik, həm də inzibatçılıq səviyyəsində geniş tədbirlər həyata keçirilib. Həmin tədbirlərin əsas məqsədi leqal işləyən sahibkarlara dəstək verilməsi, şəffaf fəaliyyətdən yan qaçan sahibkarların isə əksinə, məhdudlaşdırmalarla üzləşməsinə istiqamətlənib.
İlk dəfə vergi qanunvericiliyində “riskli vergi ödəyicisi” anlayışı müəyyən edilib və onlara qarşı müvafiq məhdudlaşdırmalar nəzərdə tutulub. Əmtəəsiz aparılan əməliyyatlar üzərində nəzarət gücləndirilib.
Məsələn, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab olunmaması, əmtəəsiz və ya riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsi, belə əməliyyatlar üzrə yaranan vergi öhdəliklərinin benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulması kimi dəyişikliklər yalançı sahibkarlığın qarşısını əhəmiyyətli şəkildə alıb.
Vergi qanunvericiliyində edilmiş dəyişikliklər, vergi yükünün və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş köklü islahatlar vergi daxilolmaları üzrə proqnozların tam həcmdə icra edilməsinə gətirib çıxarıb. İki il əvvəl icrasına start verilən islahatlar, nəhayət, öz iqtisadi səmərəsini daha bariz şəkildə göstərməyə başlayıb.
Əgər 2019-cu ildə daxilolmalar üzrə proqnozlar 104,9 faiz, 2020-ci ildə 102,7 faiz icra edilibsə, 2021-ci ilin 8 ayının nəticələrinə görə daxilolmalar üzrə nəzərdən tutulandan 23,7 faiz çox vəsait daxil olub.
Daxilolmaların strukturuna nəzər yetirsək, görərik ki, dövlət büdcəsinə əlavə gəlirlərin mühüm payı qeyri-neft-qaz sektorundan ödənilən vergilərin yüksək artım dinamikası ilə bağlıdır. Bu zaman qeyri-neft sektoru üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 faiz və ya 421,8 milyon manat çoxdur.
Bu sektordan əlavə vergi daxilolmaları fiskal dayanıqlığın güclənməsinə münbit şərait yaradır. Cari ilin 8 ayında qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə proqnozdan əlavə 639,9 milyon manata yaxın vəsait daxil olub. Ümumi daxilolmada qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 73,1 faiz yüksəlib.
Nəzərə almaq lazımdır ki, bu dinamika sahibkarlığın inkişafının sürətlənməsi məqsədilə vergi stimullarının tətbiqi şəraitində müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə proqnozun yüksək icra səviyyəsi və artım dinamikasının iqtisadi artımla müqayisədə əhəmiyyətli dərəcədə yuxarı olması dövlət büdcəsinin fiskal dayanıqlığının gücləndirilməsinə və qeyri-neft büdcə kəsirinin azaldılmasına yönəldilmiş yeni büdcə qaydalarının effektiv tətbiqinə imkan verir.
“Ağarma” indikatorları barədə
“Ağarma” indikatorları müəssisələrin rentabellik göstəricilərində və zərərə çıxan müəssisələrin sayının azalmasında müşahidə olunur. Sahibkarlar gəlir və mənfəətlərini leqallaşdırmağa başlayıblar ki, bu da özünü mənfəət vergisi üzrə ödəmələrdə aşkar nümayiş etdirir. Eyni zamanda, aksizli mallar istehsal edən müəssisələrin fəaliyyəti üzərində effektiv vergi nəzarətinin təmin olunması nəticəsində qeyri-neft-qaz sektorunda aksizlər üzrə əhəmiyyətli artım qeydə alınır.
Büdcə daxilolmaları, əslində, bütün inkişaf proseslərinin və islahatların məntiqi nəticəsidir. Bu proseslər arasında şəffaflaşma xüsusi yerə malikdir. Bu ilin ötən dövründə ƏDV-yə cəlb olunan dövriyyələrdə, qeyri-neft-qaz sektorunun dövriyyələrində artım templərinin, habelə elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrin dinamikasının artması və bunun ümumi dövriyyədə xüsusi çəkisinin yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.
Şəffaflaşma indikatorlarından biri də ƏDV ödəyicilərinin sayının və ƏDV-yə cəlb olunan dövriyyələrin artımıdır. Son 2 ildə aktiv ƏDV ödəyicilərinin sayı 30 faizdən çox artıb. Digər mühüm indikator malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı “e-qaimə” ilə rəsmiləşən dövriyyələrin artımıdır.
2021-ci ilin 8 ayında qeyri-neft-qaz sektorunda ƏDV ödəyicilərində “e-qaimə” ilə rəsmiləşən dövriyyələrin həcminin əvvəlki illə müqayisədə 15,4 faiz artımı qeydə alınıb. Bundan başqa, sentyabrın 1-nə aktiv vergiödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz, 2019-cu ilin əvvəli ilə müqayisədə 30 faiz aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə müvafiq olaraq 6,1 faiz və 15,3 faiz artıb. Qeyri-neft sektoru üzrə daxilolmaların artım tempinin ÜDM-in nominal artımını üstələməsi və “e-qaimə” ilə rəsmiləşən dövriyyələrin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəldiyini göstərir. Bu da “kölgə iqtisadiyyatı”nın həcminin azalması və iqtisadiyyatda “ağarma” əlamətlərindən hesab oluna bilər.