Vergilər naziri Lissabonda keçirilən "Rəqəmsal İqtisadiyyat"a dair Vergi Sammitində iştirak edib
Oktyabrın 24-26 tarixlərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT) və Portuqaliyanın Vergi və Gömrük Orqanının birgə təşkilatçılığı ilə Lissabon şəhərində "Rəqəmsal İqtisadiyyat"a dair Vergi Sammiti keçirilib. IOTA və CIAT-nin üzvləri olan Avropa, Amerika, Asiya və Afrika ölkələrinin 76-dan çox vergi orqanı və 26 müxtəlif təşkilatın nümayəndələrini bir araya gətirən tədbir rəqəmsal iqtisadiyyatın vergi aspektləri, bu sahədə yeniliklər və problemlərə dair fikir və təcrübə mübadiləsinə həsr olunub.
Sammitdə Azərbaycanın vergilər naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nazir sammitin “Vergi inzibatçılığı 10-15 il sonra: dəyişikliklərin tempinə necə uyğunlaşmalı” mövzusunda keçirilən sessiyasında çıxış edib. Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması və vergi inzibatçılığının rəqəmsallaşdırılması sahəsində görülən işlərə toxunan Mikayıl Cabbarov ölkəmizdə uzun illərdir ki vergi bəyannamələrinin elektron təqdim edildiyini, elektron vergi hesab-fakturasının tətbiqinin həyata keçirildiyini, eyni zamanda vergi ödəyicilərinə çoxsaylı elektron xidmətlər göstərildiyini diqqətə çatdırıb. Vergi administrasiyasının dəyişməkdə olan iqtisadi mühitə uyğunlaşmasının vacibliyini qeyd edən nazir bildirib ki, bu gün rəqəmsal iqtisadiyyat iştirakçılarının vergi yükü ənənəvi iqtisadiyyat iştirakçılarının vergi yükündən azdır və bu mənada, vergi administrasiyalarının növbəti 10 ildə qarşısında duran əsas çağırışlardan biri bu istiqamətdə vergi siyasətinin düzgün formalaşdırılmasıdır. Vurğulanıb ki, vergi siyasəti rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklərin tempinə uyğunlaşmalıdır.
M.Cabbarov qeyd edib ki, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan, xüsusən də süni intellekt və blokçeyn texnologiyalarının təqdim etdiyi üstünlüklərdən istifadə artıq zamanın tələbinə çevrilib. Bu baxımdan, vergi administrasiyaları məlumat mübadiləsi və şəffaflıq kimi güclü alətlərin imkanlarından istifadə etməyə çalışmalıdırlar. Qeyd olunub ki, IOTA və CIAT kimi təşkilatlara üzv ölkələr bu sahədə onların təcrübəsindən geniş şəkildə faydalanmalıdır. Vergilər naziri, həmçinin, vergilərlə bağlı ictimai məlumatlandırma işinin vacibliyini və bu məsələnin növbəti illər üçün prioritet istiqamətlərdən olacağını diqqətə çatdırıb. Vergi ödəyicilərinin tələbləri qarşılığında onlara adekvat xidmətlərinin göstərilməsinin əhəmiyyəti vurğulanıb.
Mikayıl Cabbarov müzakirələr zamanı sammit iştirakçılarının suallarını da cavablandırıb. Rəqəmsal iqtisadiyyatın iştirakçılarının rəqib, yoxsa partnyor olması ilə bağlı suala cavab verən nazir birmənalı şəkildə partnyor münasibətlərinin qurulmasının vacibliyini qeyd edib və vergi orqanının bu prosesin vacib elementi kimi tənzimləyici rolundan danışıb.