Vergilər naziri xarici həmkarları ilə görüşüb
Portuqaliyanın Lissabon şəhərində keçirilən "Rəqəmsal İqtisadiyyat"a dair Vergi Sammiti çərçivəsində vergilər naziri Mikayıl Cabbarov Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraçı Katibi Migel Silva Pinto ilə görüşüb.
Görüş zamanı tərəflər Vergilər Nazirliyi ilə IOTA arasında əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edib, gələcəkdə birgə tədbirlərin təşkilinin vacibliyi qeyd olunub. IOTA-nın İcraçı Katibi Migel Silva Pinto təşkilat tərəfindən ölkələr arasında təcrübə mübadiləsinin təşviq edilməsi üçün həyata keçirilən və gələcəkdə tətbiqi nəzərdə tutulan layihələr barədə vergilər nazirinə məlumat verib.
Vergi Sammiti çərçivəsində Mikayıl Cabbarov IOTA-nın 22-ci Baş Assambleyası zamanı Təşkilatın Prezidenti seçilmiş Belçika Krallığının Federal Dövlət Maliyyə Xidmətinin İcraedici Komitəsinin rəhbəri cənab Hans Dondt ilə də görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Belçika Krallığının Federal Dövlət Maliyyə Xidməti arasında IOTA çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin əməkdaşlığın səmərəliliyinin daha da yüksəldilməsi üçün Məlumat mübadiləsi və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun imzalanmasının vacibliyi vurğulanıb.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.