Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Əli Həsənov al***@gmail.com ID: 5774
Salam. Ölkədaxili yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər daşıdığı yük üçün xidmət göstərdikləri şəxslərə elektron qaimə faktura verməlidirlərmi? Yoxsa əmtəə nəqliyyat qaiməsi və yol vərəqi ilə rəsmləşdirmə yetərlidirmi? Əvvəlcədən təşəkkür edirəm.
13/01/2022 Oxunub: 173 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, "Avtomobil nəqliyyatı haqqında" Qanuna uyğun olaraq  avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqəsini tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aiddir.

Buna əsasən, yükdaşıma fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən yüklərin yükgöndərəndən yükalana daşınaraq təhvil verilməsi elektron əmtəə-nəqliyyat qaiməsi və elektron yol vərəqəsi əsasında həyata keçirilir.

Eyni zamanda, bildiririk ki, müvafiq dəyişikliyin tətbiqi elektron əmtəə-nəqliyyat qaiməsinin və elektron yük avtonəqliyyatı üçün elektron yol vərəqəsinin forması, tətbiqi, uçotu və istifadəsi qaydasının  Nazirlər Kabineti tərəfindən təsdiqi ilə eyni gündə qüvvəyə minir.

Əsas: Vergi Məcəlləsi, 16.1.11-10-cu, 71-1.1-ci və 71-3-cü maddələr, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03.12.2021-ci il tarixli 406-VIQD nömrəli Qanunun 2.2-ci bəndi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yusifzadə Anar Yaşar oğlu an***@gmail.com ID: 5772
Salam. Müəssisənin 80 manat nizamnamə kapitalı var, 50 000 manat kredit götürülüb bankdan, 100 000 manat da təsisçidən borc alınıb. Bu vəsaitlərlə daşınmaz əmlak tikilib 100 000 manat dəyərində, lakin çıxarış alınmayıb, sadəcə qiymətləndirmə şirkəti tərəfindən qiymət qoyulub 100 000 manat məbləğdə və 50 080 manat dəyərində də avtomobil və avadanlığı var. Hazırda şirkət tutaq ki, elə aktivlərin dəyərində, yəni 150 080 manata satılarsa bu zaman müəssisə və təsisçi üçün hansı vergi öhdəlikləri yaranır?
13/01/2022 Oxunub: 152 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Eyni zamanda, xalis aktivlər dedikdə, bütün öhdəliklər çıxıldıqdan sonra, mühasibat uçotu subyektinin aktivlərinin dəyəri nəzərdə tutulur.

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci, 104.6-cı maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ayla Sultanova su***@gmail.com ID: 5767
Добрый день, уважаемые получатели. Меня зовут Айла Султанова и в данный момент я проживаю в г.Хоф, находящимся в Баварии. Компания, в которой я работаю заинтересована в расширении бизнеса в Азербайджане, так как я много рассказывала о своей Родине. Причиной такого желания является то, что производство в Германии становится очень тяжелым даже для крупных компаний, из-за слишком высоких налогов климата. Руководство интересуется очень важным вопросом, который я хотела бы задать вам: Существует ли в Азербайджане налог на CO2? Например, если партнеры захотят открыть производство чего-либо, нужно ли им платить этот налог или в нашей Республике отсутствует данный налог? Если существует, не могли бы вы предоставить информацию об условиях и размерах оплаты? Заранее благодарю за вашу помощь! С уважением, Айла Султанова
12/01/2022 Oxunub: 78 Orta qiymət: 0

Доводим до вашего сведения, что государственные налоги, автономные республиканские налоги и местные налоги (муниципальные налоги) устанавливаются и уплачиваются в Азербайджанской Республике.

К государственным налогам относятся налог на доходы физических лиц, налог на прибыль организаций (за исключением муниципальных предприятий и организаций), налог на добавленную стоимость, акцизы, налог на имущество юридических и физических лиц, за исключением случаев, предусмотренных статьей 198.1 настоящего Кодекса, земельный налог с юридических и физических лиц в случае, предусмотренном статьей 206.1 настоящего Кодекса, дорожный налог, промысловый налог, упрощенный налог. 

Налоги автономной республики полностью идентичны с государственными налогами.

К местным налогам (муниципальным налогам) относятся земельный налог с физических лиц, налог на имущество физических лиц и налог на прибыль предприятий и организаций, находящихся в муниципальной собственности.

Тип налога, упомянутый в вашем опросе, не установлен в Азербайджане.

Обоснование ответа: Статьи 4, 6, 7 и 8 Налогового кодекса Азербайджанской Республики.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elşad Abdullayev ab***@rambler.ru ID: 7513
Salam. Çıxarışı olmayan mənzilə bələdiyyə tərəfindən əmlak vergisi hesablana bilərmi?
11/01/2022 Oxunub: 114 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyekti sayılır.

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci maddəsi və Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 12.1-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rasim Vidadi oğlu Əhmədov r1***@mail.ru ID: 5758
Salam. Bilmək istərdim Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2021-ci il tarixli "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Fərmanının 1.4-cü bəndinə uyğun olaraq "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"nin 1.7.1 və 1.8-ci bəndlərinə əsasən,mən işə qəbul haqqında elan olunarsa ,müsabiqənin (test imtahanında iştirak etmədən) müsahibə mərhələsində iştirak edərək xidmətə qəbul edilə birərəmmi? Qeyd: 39 yaşım var,Ali təhsilliyəm, hərbi mükəlləfiyyətliyəm."3-cü dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə malikəm,Şabran rayonu üzrə maliyyə şöbəsində Gəlirlərin və xərclərin proqnozlaşdırılması sektorunun müdiri vəzifəsində çalışıram.
11/01/2022 Oxunub: 86 Orta qiymət: 5

Bildiririk ki, müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İbrahimov Mahir Fazil ma***@mail.ru ID: 5754
Salam. Kassa nəzarət aparatının qeydiyyatda çıxarılma rüsumu varmı, varsa nə qədərdir? Təsəkürlər.
10/01/2022 Oxunub: 130 Orta qiymət: 0

Bildiririk ki, nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması (e-kassalar istisna olmaqla) üçün vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanına aşağıdakı sənədləri təqdim etməlidir.

- “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” 
- Servis Texniki Xidmət Mərkəzinin (STXM) plombun zədələnməməsi barədə aktı (fiskal yaddaşın göstəricisi əks etdirilməklə)
- EMQ-nin və ya ENL-nin işlək vəziyyətdə olmasını təsdiq edən akt
- NKA-nın fiskal yaddaşının göstəricisi əks olunmuş çek (baş vermiş yanğın nəticəsində NKA yanarsa vergi ödəyicisi tərəfindən ərizə ilə birlikdə yanğın mühafizə şöbəsinin (bölməsinin) və STXM-in NKA-nın fiskal yaddaşının çıxarılmasının mümkünsüzlüyü barədə arayışı, NKA oğurlanarsa, itirilərsə isə - ərizə ilə birlikdə müvafiq polis şöbəsinin (bölməsinin) arayışı vergi orqanına təqdim edilir)

Həmçinin bildiririk ki, NKA-ların vergi orqanında uçota qoyulması və uçotdan çıxarılması isə ödənişsiz həyata keçirilir.

Bununla belə, STXM-lər tərəfindən göstərilən xidmətlərin qiymətləri bilavasitə tərəflər arasında bağlanmış müqavilələrə əsasən müəyyən olunur. STXM-lər tərəfindən göstərilən xidmətlərə görə hər hansı vahid tariflər hal-hazırda mövcud qanunvericilikdə müəyyən edilməmişdir.

Əsas: Nazirlər Kabinetinin 28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xəyalə Bəkirova Mehman qızı ba***@gmail.com ID: 5793
Salam. Mən bilmək istəyirəm ki, əlavə dəyər vergisi tutulmayan ərzaq məhsulları hansılardır? Şəkidə supermarketlərin 1i meyvəyə, qatığa, una, yumurtaya əlavə dəyər vergisi hesablayır, eləsi də var hesablamır, fiskal kod olan çek tələb edirik vermirlər ki bu məhsullara ƏDV hesablanmır, hansı ki, digər supermarket hesablayır. Mən başa düşə bilmirəm bunlar hansı qanunla nizamlanmalıdır? Hərəsi öz bildiyi qanunla işləyir. Belə şeyləri niyə Vergi Xidməti araşdırmır? Xahiş edirəm mənə ətraflı cavab yazasınız. Qanunla ƏDV hesablanmayan ərzaq məhsulları haqqında.
10/01/2022 Oxunub: 146 Orta qiymət: 0

ƏDV-dən azad olan malların, iş və xidmətlərin siyahısı ilə Vergi Məcəlləsinin 164-cü maddəsində tanış ola bilərsiniz.

Eyni zamanda, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı ƏDV-dən azaddır. Buna əsasən yuxarıda qeyd olunan məhsullarının satışı ƏDV-dən azad olunduğundan istehlakçılar tərəfindən ödənilən belə məhsulların satış qiymətində ƏDV ödənilmir və belə pərakəndə ticarət zamanı ƏDV ödənilmədiyindən istehlakçının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq ƏDV-ni geri almaq hüququ yaranmır.

Eyni zamanda, istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Yuxarıda qeyd olunanlara əsasən, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz 

Əsas: Vergi Məcəlləsinin 50-ci, 159-cu, 164-cü və 165-ci maddələri

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əkbərov Elvin Nuhbala oğlu ak***@gmail.com ID: 5753
Salam. 20 min manat ekvivalentində dollar almışdım və Yuxarıda göstərilən məzmunu sizin əməkdaşa göndərmişdim.Lakin heç bir nəticəsi əsası olmadan adıma vöen açııb, məktub göndərilib ki, hesabat verim. Eyni zamanda şifrə parol və s. məlumat yoxdur məndə və mən sahibkarlıqla məşğul deyiləm. Zəhmət olmasa, aydınlaşdırıb əlaqə saxlayasınız.
10/01/2022 Oxunub: 82 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs konvertasiya olunmuş vəsaiti vergiyə cəlb olunmadığı aşkar edildikdə həmin şəxsin belə gəliri (vergidən azad olunan gəlir növü istisna olmaqla) onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilir və Vergi Məcəlləsinin 16-cı, 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınır və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə kameral vergi yoxlaması qaydasında vergilərin hesablanması həyata keçirilir.

Həmçinin bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Sorğunuzda qeyd olunan halın araşdırılması üçün, müraciətinizi səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ziya Abbasov zi***@gmail.com ID: 5752
Salam. Mən xarici şirkətdə onlayn işə düzəlmişəm. Bütün sənədləri hazırlamışam. (VÖEN, Bank rekvizit, Xarici şirkətlə kontrakt). İndi isə mənə vergini ödəmək lazımdır. Amma bilmirəm necə və harada bunu eləmək olar və hara getmək lazımdır. Xahiş edirəm, köməklik göstərəsiniz. Zəng etdiyim nömrələr ya cavab vermir, ya da bələdçi danışır və lazım olan informasiyanı vermir.
10/01/2022 Oxunub: 77 Orta qiymət: 0

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrənizdən istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə və ya həmin bölmədə göstərilmiş “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmayılova Xəyalə Qəzənfər qızı xe***@gmail.com ID: 5751
Salam. 125 manat əmək haqqına nə qədər sosial ödəniş etməliyəm? Pensiyonnu fondu nəzərdə tuturam.
10/01/2022 Oxunub: 77 Orta qiymət: 0

Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən 7 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat + 200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin isə əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zafir Azadov Namiq oğlu za***@gmail.com ID: 5750
Salam, sualım məcəllənin 102.2.7-ci maddəsilə bağlıdır. Adam müharibə veteranıdır, ancaq pensiya yaşına çatıb, yaxud özəl sektorda işləyir deyə gəlir vergisi ödəmir. Bu halda güzəştdən veteran kimi onun 400 manat gəlir vergisindən azad olduğu hissə övladları yaxud arvadı istifadə edə bilərmi?
10/01/2022 Oxunub: 101 Orta qiymət: 0

Bildiririk ki, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin Vergi Məcəlləsinin 102-ci maddəsində sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin həmin maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərinin şəxsin əvəzinə ailə üzvləri və ya digər şəxslər tərəfindən istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məcnun Əfəndiyev mu***@gmail.com ID: 5749
Hörmətli DVX-nın əməkdaşları. Suallarımı operativ cavablandırdığınız üçün sizə təşəkkür edirəm. 2 sual vermək istərdim: 1) Mən fərdi sahibkaram (sadələşdirilmiş vergi ödəyicisiyəm), sahibkarlıq fəaliyyətimdə nəqliyyat vasitəni istifadə edirəm. Onu oğluma hədiyyə etdim. Bildiyim qədər, ailə üzvləri arasında verilən hədiyyələrin dəyəri vergidən azaddır. 2) VM-nin 100-cü maddəsi ilə bağlı sadə nümunə verməyinizi sizdən xahiş edirəm (məsələn, icarə haqqı ilə bağlı). Təşəkkür!
10/01/2022 Oxunub: 181 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın, o cümlədən şəxsi avtomobilin təqdim edilməsi gəlir vergisindən azaddır.

Eyni zamanda, vergi qanunvericiliyinə əsasən malların digər şəxslərə hədiyyə verilməsi (əvəzsiz verilməsi) malların təqdim edilməsi hesab edilir.

Qeyd olunanlara əsasən, sadələşdirilmiş vergi ödəyicisi tərəfindən mülkiyyətində olan avtomobilin (sahibkarlıq fəaliyyətində istifadə etdiyi halda) ailə üzvünə hədiyyə verilməsi həmin avtomobilin təqdim edilməsi hesab edilərək, bazar qiyməti nəzərə alınmaqla ümumi qaydada vergiyə cəlb edilir. 

Həmçinin, bildiririk ki, vergi qanunvericiliyinə əsasən hədiyyə vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır. Buna əsasən qeyd olunan avtomobiln dəyəri hədiyyə alan şəxs üçün vergidən azaddır.

Əsas: Vergi Məcəlləsiin 13.2.10-cu, 14.3.2-ci, 18-ci və 102-ci maddələri.

Cavab 2. Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən, fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü, 124-cü, 150.1.9-cu və 150.1.10-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər, lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar ümumi gəlirdən çıxılır.

Misal olaraq, gəlir vergisi ödəyicisi olan fiziki şəxs eyni zamanda icarə haqqından da gəlir əldə edirsə və həmin gəlirdən Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq ödəmə mənbəyində vergi tutulursa, həmin şəxsin icarə haqqından əldə etdiyi gəlirlər ümumi gəlirlərdən çıxılır. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nazim Rəhimov Şamil oğlu na***@mail.ru ID: 5748
Salam. 1 şəxs həm işlədiyi dövlət idarəsində icbari tibbi sığorta pulu çıxılır, həm də fərdi qaydada çalışdığına görə 10 manat sığorta pulu çıxılır. 2 dəfə sığorta pulu çıxılır, bu doğrudurmu?
10/01/2022 Oxunub: 87 Orta qiymət: 0

Bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta haqları hesablanır. 

Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) tərəfindən minimum aylıq əməkhaqqının 4%-i miqdarında (2022-ci ildə ölkədə minimum aylıq əməkhaqqı 300 manat olduğu üçün bu şəxslər üzrə icbari tibbi sığorta haqqının aylıq məbləği 12 manat olacaqdır) icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir.

Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əlimuradov Vaqif Əmirquban oğlu ah***@gmail.com ID: 5747
"VE GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1303092121) Heydər Əliyev adına Neftayırma zavodunda podratçı qismində iştrak edir. Müştərimiz TCM-KT JV Azerbaijan LLC şirkətidir. Layihədə İşimizin bir hissəsi, Avropadan material təchizatıdır. Müştərimiz alınacaq materialları, FCA İtaliya şərti ilə bizdən təhvil almaq istəyir. "VE GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti müştəridən ödənişi AZN ilə bank hesabına alıb, İstehsalçıya, İtaliya ödəyəcək. İstehsalçı, bizim göstərişimiz ilə malları müştərimizə İtaliyada təhvil verəcək. Müstərimiz malların Azərbaycana daşınmasını təşkil edib, gömrük rəsmləşdirilməsini həyata keçirəcək. Satış Azərbaycan ərazisinin xaricində baş tutduğu üçün, ƏDV-yə cəlb edilib edilməməsini və malların satışının necə həyata keçirilməsini izah etməyinizi xahiş edirik.
10/01/2022 Oxunub: 123 Orta qiymət: 0

Bildiririk ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Rezident hüquqi şəxs tərəfindən malların təqdim edilməsi Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi halda həmin əməliyyat Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılmır. Malların təqdim edildiyi yer və işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 167-ci və 168-ci maddələri ilə tənzimlənir.

Bununla belə, sorğunuzda qeyd olunan əməliyyatın vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəlikləri barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 159-cu, 167-ci və 168-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Timur Mayılov Vəlyəddin ma***@mail.ru ID: 5746
Salam. Mən Ağdaş rayon Gürcuva bələdiyyəsinin sədriyəm.Təxminən bir ay bundan əvvəl bələdiyyənin vergi borcu olduğu üçün mənim ölkədən çıxış hüququm məhdudlaşdırılıb. Bələdiyyə sədri olduğumçun. Bilmək istərəm ki, mən sədr vəzifəsini icra etməsəm gələcəkdə bu qadağa götürüləcək mənim üzərindən ya necə? Çünki borc bələdiyyənin borcudur, mənim şəxsi yox.
08/01/2022 Oxunub: 89 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

Eyni zamanda, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Maddənin tələbindən göründüyü kimi fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi həmin məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqda mümkündür. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rafael tu***@gmail.com ID: 5929
Salam mən Ağsu rayonundanam, beş il bundan qabaq açdırdığım VÖEN-i bağlatdırmaq istəyirəm.
07/01/2022 Oxunub: 48 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki  “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elsevən Səfərov el***@mail.ru ID: 5743
Salam. İcarə müqaviləsinə əsasən ödənilən məbləğə vergi daxil olmaqla ödəniş olunur. Bu zaman ÖMV hesablanması necə aparılır? Digər sual. İcarədar VÖEN almalıdırmı (qeyri-yaşayış sahəsi nəzərdə tutulur)?
06/01/2022 Oxunub: 97 Orta qiymət: 5

Vergi Məcəlləsinin müddəalarına əsasən icarəyə verən fiziki şəxs olduğu halda, onun vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.

Eyni zamanda icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən Vergi Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb 14 faiz dərəcə ilə vergini hesablayır və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergi məbləğlərini dövlət büdcəsinə ödəyir.

Həmçinin bildiririk ki, vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Bu baxımdan sorğunuzda qeyd edilən halda fiziki şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulmalı və bəyan edilməlidir.

Əsas: Vergi Məcəlləsinin  33-cü, 99.3.3-cü,  124-cü, 149-cu və 150-ci maddələri.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Əliyeva Ayşən Yaşar qızı ay***@gmail.com ID: 5742
Salam. Mənim atam 1-ci Qarabağ Müharibəsi veteranıdır. Hal hazırda yaşayır. Vergidən azad oluna bilərəmmi? Zəhmət olmasa məlumat verərdiz. Öncədən təşəkkürlər
06/01/2022 Oxunub: 208 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Cəlal Quliyev Adil ja***@gmail.com ID: 5740
Salam, hər vaxtınız xeyir. Mən telefon təmiri ilə məşğulam. İşçi kimi qeydiyyat olunmaq istəyirəm. Bilmək istəyirəm, hansı sənədlər yığılmalıdır, proses necə gedir? Bir də aylıq ödəyəcəyim məbləğin nə qədər olacağın bilmək istəyirəm. Oturduğum yer 1 metrin içərisindədir. Aylıq gəlirim 150-200 azn təşkil edir.
06/01/2022 Oxunub: 189 Orta qiymət: 5

Müraciətinizdə fərdi sahibkar kimi vergi uçotuna alınmaq haqda sorğu edildiyi halda, bildiririk ki, fiziki şəxsin vergi uçotuna alınması kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Qeyd olunan fəaliyyəti sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınmaqla həyata keçirə bilərsiniz. Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda, əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır və rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə, dövlət büdcəsinə ödənilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Eldarov Akif Ramiz oğlu ak***@gmail.com ID: 5737
Əmək haqqından tutulan gəlir vergisinə edilən güzəştlər hansılardır?
05/01/2022 Oxunub: 170 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102-ci maddəsində fiziki şəxslərin gəlir vergisindən azadolma və vergi güzəştləri müəyyən edilmişdir.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

4/5 (3 Orta qiymət)
Qiymət ver: