Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Həsənov Həsən Nizami De***@mail.ru ID: 8037
Hörmətli vergi əməkdaşları. Bizim sualımız tamamlanmamış tikilinin hazır olmadan sökülməsinin ƏDV-sinə cəlb edilməsi (yəni əsas vəsaitə qəbul edilmədən) haqqındadır. Əgər mümkünsə, konkret misala uyğun olaraq sualı cavablandırasınız. Rezident hüquqi şəxs ona məxsus olan tikiliyə 11 800 manat (ƏDV daxil) xərc cəkir və həmin çəkilən xərcin 1800 manat ƏDV-sini əvəzləşdirmişdir. Rezident hüquqi şəxsin rəhbərliyi tikintinin müəyyən mərhələsində tamamlanmamış tikilinin faydalı olmayacağı qənatinə gələrək tamamlanmamış tikilinin sökülməsinə qərar vermişdir. Tamamlanmamış tikili sökülən vaxt əvəzləşdirilən ƏDV-si məbləgi Vergi Məcəlləsinin hansı maddəsinin tələbinə əsasən ƏDV-nə cəlb edilir. Sualı cavablandırarkən cavabı Vergi Məcəlləsinin maddələri ilə əsaslandırmağı Sizdən xahiş olunur.
19/04/2023 Oxunub: 160 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Qeyd olunanlara əsasən tikinti prosesində ƏDV ödənilməklə alınmış materiallardan istifadə olunan tikili söküldüyü halda, əvəzləşdirilmiş ƏDV məbləğləri söküntünün baş verdiyi ay yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 175-ci maddələri. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Musayev Rəşad Mehman ra***@gmail.com ID: 8032
Salam. Mənim övladım III dərəcəli (Autizm) əlildir. Bilmək isətiyəm ki, mənə müəllim olaraq vergi güzəşti şamil olunur?
18/04/2023 Oxunub: 122 Orta qiymət: 0

Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti:
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Pərvanə İsmayılova Bəylər is***@gmail.com ID: 8031
Salam. Əmək müqaviləsinə əsasən əsaslı səbəbdən əməkdaşa aylıq əməkhaqqı ödənilməyibsə, əmək haqqı ödənilmədən sonradan gəlir vergisi ödənilməsi mümkündürmü? Məsələn, noyabr ayında müqaviləyə uyğun əmək haqqı ödənişi əsaslı səbəbdən dayandırılıb, yanvar ayında əmək müqaviləsinə xitam verilib, aprel ayında noyabr-dekabr ayları üçün vergi ödənilməsi mümkündürmü? Ümumiyyətlə əmək haqqı ödəmədən gəlir vergisi ödənilməsi nə dərəcədə doğrudur və gec ödənilən vergi üçün hüquqi şəxsə cərimə düşürmü?
18/04/2023 Oxunub: 114 Orta qiymət: 0

Bildiririk ki, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Vergi Məcəlləsinin 59.1-ci və 59.2-ci maddələrinə əsasən vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 

Əsas: Vergi Məcəlləsinin 59-cu, 98-ci, 101-ci, 150-ci maddələri.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Seyfulla İntiqam Mirzəhüseyn oğlu si***@gmail.com ID: 8030
Salam. İşçinin aylıq əmək haqqısı 4500 manatdır. Təqvim ilinin hər hansı bir ayında işçiyə 4000 manat mükafat hesablanır. Beləliklə, ümumilikdə həmin ay işçinin gəliri 8500 manat olur. Belə olan halda həmin işçinin bu iki gəliri üzrə ayırmalar ayrı-ayrılıqda hesablanmalıdır, yoxsa toplanıb tutulmalar edilməlidir? Toplandığı halda gəlir vergisinin hesablanmasına da lüzum yaranacaqdır, çünki işçinin ümumi gəliri 8000 manatı keçmiş olacaqdır.
18/04/2023 Oxunub: 109 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Sorğunuzda qeyd olunan mükafat əməkhaqqı ilə cəmlənməklə ümumi qaydada gəlir vergisinə cəlb olunur. 

Məlumat üçün bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. 

Siz əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əməkhaqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə, sual yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağayev Məhəmmədhaqqı Abdukhüseyn oğlu ah***@mail.ru ID: 8028
Bizim firmaya məxsus 1950-ci ildə inşa edilmiş, hazırda tamamilə yararsız hala düşmüş özü yeriməyən barjanın silinməsi üçün biz hansı qaydalara əməl etməklə onu balansdan silməliyik?
18/04/2023 Oxunub: 113 Orta qiymət: 0

Bildiririk ki, istifadəyə yararsız olan əsas vəsaitin silinməsi proseduru barədə aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

Onu da bildiririk ki, vergitutma məqsədləri üçün ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, mənfəət (gəlir) vergisinin ödəyiciləri tərəfindən qalıq dəyərinin məbləği vergi tutulan gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 114.8-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kərimova Vüsalə Abdulla qızı vu***@gmail.com ID: 8026
Salam. Arı balı kənd təsərrüfatı məhsulu hesab olunurmu? Arı balının satış dövriyyəsindən ƏDV ticarət əlavəsinə hesablanmalıdırmı? Zəhmət olmasa sualıma dəqiq və konkret cavab verərdiniz. Öncədən təşəkkürlər.
18/04/2023 Oxunub: 254 Orta qiymət: 0

Bildiririk ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Sorğunuzda qeyd olunan arı balının istehsalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edildiyi üçün yuxarıda sadalanan vergilərdən azad edilir. 

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynova Ülkər Elçin qızı u.***@gmail.com ID: 8019
Salam. Gəlir vergisi ödəyicisiyəm. Mart ayında qaimə göndərmişəm. Ancaq gəlirim aprelə ayının sonunda çatacaq. Əvvəlki ay və aprel ayında işim olmayıb. Hesabat göndərdiyimdə hansı ayı aktiv göstərməliyəm?
17/04/2023 Oxunub: 79 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi gəlir əldə etmədiyi dövrlər üzrə vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mirzəxan Qədirli Cəmil al***@gmail.com ID: 8016
Salam, mən Qədirli Mirzəxan Cəmil oğlu, mənə belə bir SMS gəlib. Lakin, mən bildirmək istəyirəm ki, mən sahibkar deyiləm, maşınım yoxdur, bu səbəbdən bu SMS niyə gəlib başa düşmədim. Xahiş edirəm, mənə izah edəsiniz VOEN 6403021122. 2023-cü ilin birinci rübü üzrə hesabat 20.04.2023 cü il tarixindən gec olmayaraq təqdim olunmalıdır.
15/04/2023 Oxunub: 71 Orta qiymət: 1

Bildiririk ki, sorğunuzda qeyd olunan 6403021122 nömrəli VÖEN Feyziyeva Ramilə Yavər qızına aiddir. 

Mobil telefon nömrənizə SMS səhvən gəldiyi halda, bu haqda Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz xahiş olunur. 

 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Rüfət Nağıyev Rəşadət oğlu ru***@yahoo.com ID: 8014
Hörmətli vergi əməkdaşları. İki kommersiya hüquqi şəxs arasında malların alqı-satqısı barədə razılaşmanın yalnız imeyl yazışmaları əsasında həyata keçirilməsi yolveriləndirmi? Belə ki, iki hüquqi şəxs arasında müvafiq alqı-satqıya dair bütün mühüm şərtlər sadəcə bu imeyl yazışmalarında təsbit olunmuş, tərəflərin iradə ifadələri bəyan olunmuşdur (başqa bir yazılı sənəd formasında müqavilə tərtib edilməmişdir). O cümlədən, qaimələr tərtib edilmiş və ödənişlər həyata keçirilmişdir. Bu hal qanunaziddirmi?
14/04/2023 Oxunub: 128 Orta qiymət: 0

Bildiririk ki, “Mühasibat uçotu haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir. 

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı həmin malların (işlərin, xidmətlərin) alıcısına elektron qaimə-faktura təqdim edilməlidir. Bununla yanaşı bildiririk ki, elektron qaimə-faktura ilə yanaşı malların təqdim edilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktları, müqavilələr, ödəniş sənədləri və digər ilkin uçot sənədləri tərtib edilə bilər. Vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı təhvil-qəbul aktının, habelə digər ilkin uçot sənədlərinin tərtibatı tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 

Əlavə olaraq bildiririk ki, mühasibat uçotunun aparılması ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci maddələri, “Mühasibat uçotu haqqında” Azərbnaycan Respublikasının Qanunu, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fuad Həsənov Fərhad oğlu fo***@gmail.com ID: 8012
Salam. Şəxs aralarındakı müqavilə ilə obyekti sahəsi göstərilməklə icarəyə verir (obyektin kodu da var). İcarəyə götürən obyektin içində 2 otaq olduğu üçün 2 fərqli sahə üzrə fəaliyyət göstərmək istəyir. Şəxslə icarəyə götürən arasında yeni müqaviləyə ehtiyac varmı? Yoxsa icarəyə götürən özü mövcud müqavilədə göstərilən sahəni 2 sahədə göstərərək fərqli fəaliyyəti haqqında məlumat verməsi mümkündürmü? Yəni şəxslə icarəyə götürən arasında yeni müqaviləyə ehtiyac varmı?
14/04/2023 Oxunub: 159 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.

Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. 

Sorğunuzda qeyd olunan halda, tərəflər arasında bağlanmış icarə müqaviləsində təsərrüfat subyektinin bölgüləri ayrı-ayrılıqda qeyd olunmaqla və ya hər bir hissə üçün ayrılıqda icarə müqaviləsi bağlanaraq olduğu yer üzrə uçota alına bilər. Bununla belə, müvafiq sənədlərlə birlikdə xidmət mərkəzlərinə müraciət edərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elnur Atakisiyev at***@gmail.com ID: 7918
Vergi Məcəlləsinin 169.4 və 169.5 maddələrinə əsasən qeyri-rezidentden xidmət alınan zaman xidməti alan rezident dövlət büdcəsinə ƏDV-ni hesablamalı və ödəməlidir. Əgər rezident şəxsin şəxsi hesab vərəqəsində vergilər üzrə artıq ödəməsi varsa, həmin vergilərə aid edilə bilərmi, yoxsa mütləq qaydada ayrıca həmin məbləğlər üzrə ödəniş edilməlidir? Əgər artıq ödəmə üzrə məbləğ aid edilə bilərsə və vergi ödəyicisi ƏDV qeydiyyatında olarsa, bu zaman həmin vergini əvəzləşdirə bilərmi, yoxsa ayrıca ödəyib həmin ödəniş sənədi ilə əvəzləşdirməlidir?
14/04/2023 Oxunub: 369 Orta qiymət: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən qeyri-rezidentə aparılan ödəmələrdən yaranan vergi öhdəliklərinin həmin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsi hesabına ödənilməsinə Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 87-ci maddəsinin müddəalarına əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir.

Əlavə olaraq bildiririk ki, ƏDV qeydiyyatında olan vergi ödəyicisi tərəfindən qeyri-rezidentə aparılan ödəmələr üzrə yaranan ƏDV öhdəliyinin onun şəxsi hesab vərəqəsində olan artıq ödəmə hesabına ödənilməsi zamanı ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Əsas: Vergi Məcəlləsinin 87-ci və 169-cu maddələri.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Cavanşir Həsənov ca***@gmail.com ID: 7877
VÖEN hesabım - 7201273182 mən fəaliyyətimi dayandırmışam və hesabatı təqdim edib VÖEN-i 5 illik bağlatmışam, amma telefona mesaj gəlir ki, sizin borcunuz var. Hesabat təqdim edilməyib, izahat verərsiniz xahiş edirəm.
13/04/2023 Oxunub: 265 Orta qiymət: 5

Bildiririk ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Məlumat üçün bildiririk ki, Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən Həsənov Cavanşir Mübariz oğlunun (VÖEN 7201273182) 13 aprel 2023-cü il tarixinə 21 manat 94 qəpik ödənilməmiş vergi borcu mövcuddur. 

Daha ətraflı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə, eyni zamanda gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) əldə edə bilərsiniz.   

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 30-cu, 149-cu və 221-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Sevinc Sarıyeva Fərman Sa***@gmail.com ID: 8010
Salam. Vergi Məcəlləsinin 164.1.2- ci maddəsinə əsasən maliyyə xidmətlərindən ƏDV tutulmur. Faktorinq maliyyə xidmətinin bir növü hesab oluna bilərmi? Faktorinqin maliyyələşdirmənin bir üsulu olduğunu nəzərə almaqla Vergi Məcəlləsinin 13.2.14- cü maddəsini geniş təfsir etməklə faktorinqin ƏDV dən azad olduğunu demək olar? Əgər faktorinq əməliyyatından nəticədə mənfəət vergisi tutulursa, faktorinq müqaviləsinin tərəfləri olan faktor və müştəri bu vergini hansı qaydada ödəyir? Vaxt ayırıb cavabladığınız üçün təşəkkürlər.
13/04/2023 Oxunub: 198 Orta qiymət: 5

Bildiririk ki, qanunvericiliyə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq xidməti üzrə əldə olunan gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Belə ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.

Bununla yanaşı müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur. 

Qeyd olunan fəaliyyət zamanı göstərilən xidmətlər ƏDV-dən azad olunsa da, ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.14.2-ci, 104.1-ci, 164.1.2-ci və Mülki Məcəllənin 655-ci maddələri 

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Pərvin Məmmədov Ərəstun oğlu pa***@gmail.com ID: 8009
Bildirmək istəyirik ki, biz mikro sahibkarlıq subyekti olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə mühasibat xidməti göstərmək istəyirik. “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARININ 3.7. Maddəsinə və Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 3.5 Maddəsinə əsasən mühasibat uçotu (Peşəkar Mühasib Sertifikatının əldə edilməsi müddətləri iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri - 2023-cü il 30 dekabradək müəyyən edilən) subyektlərinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxsin baş mühasib vəzifəsini tutmaq hüququ verən sertifikata malik olan ən azı iki peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır, həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarına əsasən Peşəkar Mühasib Sertifikatının əldə edilməsi müddətləri iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri - 2023-cü il 30 dekabradək müəyyən olunub. Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 3.5-ci Maddəsi həmin qanunun 3.4-cü maddəsinə istinad etməsinə əsasən bu halda, orta sahibkarlıq subyektinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxs üçün də 2 nəfər peşəkar mühasiblə əmək müqaviləsi bağlanılması 2023-cü il 30 dekabradək müəyyən edilməsi nəzərdə tulubdurmu, yəni, Peşəkar Mühasib Sertifikatının əldə edilməsi müddətləri iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri - 2023-cü il 30 dekabradək müəyyən edilsini nəzərə alaraq, mikro sahibkarlıq kommersiya subyekti olaraq müəssisəmiz Peşəkar Mühasib Sertifikatını əldə edən əməkdaş olmadan 2023-cü il 30 dekabradək mikro, kiçik və orta sahibkarlıq subyektinə müqavilə əsasında mühasibat xidməti göstərməsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhdudiyyət varmı?
13/04/2023 Oxunub: 111 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələ Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmədiyi üçün aidiyyəti üzrə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mustafayev Elçin el***@gmail.com ID: 8008
Salam. Mən fərdi sahibkar kimi fəaliyyət göstərirəm və illik Gəlir Vergi Bəyannaməsi tərtib edərək vergi orqanlarına təqdim edirəm. Qeyd etmək istəyirəm ki, mənim heç bir işçim yoxdur və mən tək çalışıram. İl ərzində vergilər, sosial sığorta və tibbi sığorta öhdəliklərimi ödədikdən sonra mənim bank hesabımda əlavə pul vəsaiti qalır. Sualım belədir: Mən sahibkarlıqla bağlı bank hesabımdan bütün vergiləri ödədikdən sonra şəxsi məqsədləriə görə üçüncü tərəfə pul vəsaiti ödəyə bilərəmmi? Məsələn şəxsi istifadəyə görə - mebelə, televizora, telefona, şəxsi kommunal borclarıma görə sahibkarlıqla bağlı bank hesabımdan ödənişə hansısa bir məhdudiyyət qoyulubmu? Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.
13/04/2023 Oxunub: 118 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 

Bu baxımdan fərdi sahibkar vergi öhdəliklərini yerinə yetirdikdən və müvafiq rəsmiləşdirmə apardıqdan sonra sərəncamında qalan pul vəsaitlərini öz şəxsi istehlak məqsədləri üçün istifadə etmək hüququndadır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbadov Ramil Nayıb ni***@gmail.com ID: 8007
Salam. Torpaq aktının hüquqi sahibi vəfat edib, ancaq payçılar ona VÖEN açdırmaq istəyir. Həmin akta VÖEN açmaq olar?
13/04/2023 Oxunub: 115 Orta qiymət: 5

Bildiririk ki, torpaq mülkiyyətçisi vəfat etdikdə vərəsəlik əsasında paylar yenidən müəyyən edilməklə yeni mülkiyyət hüququnu təsdiq edən sənəd alınmaqla, müvafiq ərizə və sənədlərlə birlikdə torpağın yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət edilməlidir.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Xalid Qəhrəmanov qa***@mail.ru ID: 7954
Salam, mən MTK dan yeni tikiləcək binadan mənzil almaq istəyirəm. Necə edim ku, ƏDV-ni geri alıa bilim?
12/04/2023 Oxunub: 154 Orta qiymət: 4

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Bölmədə qeyd olunanlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Orxan Abdullayev Nadir oğlu ab***@yahoo.com ID: 8001
A şirkəti komisyonçu qismində tapşırıq müqaviləsinə əsasən, bəzi məhsulların ölkəyə idxal edilməsini planlaşdırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (“MM”) 777.1–ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan - A şirkəti) başqa şəxsin (vəkalət verənin - B şirkəti) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Belə ki, təchizatçılarla müqavilələr bağlayarkən A şirkəti (1) öz adından və vəkalət verənin (sifarişçinin) hesabına və ya (2) vəkalət verənin adından və hesabına çıxış edə bilər. İdxalla bağlı tapşırıq və oxşar müqavilələr çərçivəsində A şirkəti öz adından çıxış edəcək. Belə ki, A şirkəti idxal müqavilələri öz adından bağlayaraq, məhsulların sifarişdə göstərilmiş keyfiyyətə və kəmiyyətə uyğun gətirilməsini təmin edəcək və onların idxal gömrük rəsmiləşdirilməsini həyata keçirərək sifarişçiyə (vəkalət verənə) təqdim edəcək. A şirkəti tərəfindən sifarişçinin xeyrinə əldə edilmiş və idxalı ƏDV-dən azad olan məhsulların idxal rəsmiləşdirilməsini öz adına həyata keçirərək sonradan sifarişçiyə (vəkalət verənə) təqdim etməsi əməliyyatı tərəfimizdən tətbiq edilir. İdxalı əlavə dəyər vergisindən azad olan məhsulların idxalı zamanı A şirkəti ƏDV ödəmədiyi üçün həmin məhsulları sifarişçiyə ƏDV-siz ötürülməsi nəzərdə tutulub. Tapşırıq müqaviləsi əsasında idxal ediləcək malların vəkalət alandan (A şirkəti) sifarişçiyə (B şirkəti) ötürülməsi üçün xüsusi elektron qaimə-faktura növü nəzərdə tutulmayıb. Qeyd edilənləri nəzərə alaraq, məhsulların idxalı zamanı komisyonçu qismində vəkalət verənə yeni növ elektron-qaimə fakturanın əlavə edilməsini təklif edirik.
12/04/2023 Oxunub: 201 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 164.1.11-ci, 164.1.15-ci, 164.1.16-cı, 164.1.20-164.1.25-ci, 164.1.33-cü və 164.1.35-ci maddələrinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi vergi tutulan əməliyyat sayılır.

Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan idxalı ƏDV-dən azad olunan malların Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi vergi tutulan əməliyyat sayılır.

Bundan əlavə, sorğunuzda qeyd olunan halda vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 164-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cavahir Dəmirova Ellaz mu***@gmail.com ID: 7998
Vergi xidmətinə yenidən qəbul test müsabiqəsi nə zaman planlaşdırılır?
11/04/2023 Oxunub: 56 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqənin keçirilməsi ilə bağlı elan olmadığından, müsabiqənin tarixi ilə bağlı informasiyanın verilməsi imkan xaricindədir.  

Dövlət vergi orqanlarına işə qəbulla bağlı əlavə məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən əldə edə bilərsiniz.  

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Umair Zaheer Um***@gmail.com ID: 7997
Salam. "Sizin (VOEN:1406270092) dövlət büdcəsinə 10.04.2023 tarixinə 20.49 manat vergi borcunuz vardır" - deyə bildiriş gəlib mənə. Bu ödənişi necə edim? Xüsusi kodla ya başqa yolla? Təşəkkürlər.
11/04/2023 Oxunub: 94 Orta qiymət: 0

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrənizdən istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə və ya həmin bölmədə göstərilmiş “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

Bu keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə vergi və digər ödənişlərin təsnifat kodları ilə tanış ola bilərsiniz. 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver: