Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Cəfərov Orxan Sumbat oğlu ja***@gmail.com ID: 7945
Nəzərinizə çatdırımki bizim qarşılaşdığımız problemlərdən biri idxal zamanı yaranan statik dəyərin çox olmasıdır. İdxal etdiyimiz mala görə gömrük dəyəri həddindən artıq hesablanır. Belə olan halda həm gömrükdə artıq rüsum ödəmiş oluruq, həm də ödədiyimiz ədv məbləğləri şəxsi hesab vərəqəmizdə arta arta yığılıb qalır. Biz isə heç cür ondan istifadə edə bilmirik. Artıq ödəməmizə görə də bizə bildirilir ki, satışımızı artırmalıyıq, anbarımızda malın dəyəri az olduğu üçün satışı artırdığımız zaman mal qalığımız mənfiyə gedir. Bununla bağlı gömrük və vergi orqanlarına dəfələrlə müraciət etsək də hec bir cavab ala bilməmişik. Bu məsələ ilə bağlı biz nə edə bilərik?
03/04/2023 Oxunub: 160 Orta qiymət: 1

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Gömrük qanunvericiliyinə dair aidiyyəti üzrə Dövlət Görük Komitəsinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Zeynalov Vüsal Mübariz oğlu vu***@yahoo.com ID: 7944
Salam. Bakalavr pilləsi üzrə ixtisası "050628-Proseslərin avtomatlaşdırılması mühəndisliyi", magistratura pilləsi üzrə isə ixtisası "060628-Enerji menecmenti" olan vətəndaş DVX-də "Vergi müfəttişi" olaraq əmək fəaliyyəti ilə məşğul ola bilərmi?
03/04/2023 Oxunub: 73 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqənin keçirilməsi ilə bağlı elan olmadığından, müsabiqənin tarixi ilə bağlı informasiyanın verilməsi imkan xaricindədir.  

Dövlət vergi orqanlarına işə qəbulla bağlı əlavə məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən əldə edə bilərsiniz.  

Həmçinin bildiririk ki, müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hüseynov Hüseyn Habil hh***@gmail.com ID: 7942
Mən 01.01.2022 tarixindən Vətən müharibəsi veteranı hesab edilirəm. Bilirik ki, veteranlara vergi güzəşti tətbiq edilir. DSMF-a vergi çıxılarkən əməkhaqqı məbləğı 400 manat azaldılır ki, bunun da 14%-i 56 manat edir. Lakin məndən asılı olmayan səbəblərdən veteran olduğumu təsdiq edən sənədi mühasibatlığa əvvəldən təqdim edə bilməmişəm. İndi təqdim etdikdə mənə bildirilir ki, güzəşt bu andan etibarən tətbiq ediləcək. Lakin mən bildiyimə görə Vergi Məcəlləsində 102.8-ci maaddəyə görə (maaddənin nömrəsində yanılmış ola bilərəm) veteranlıq statusu əvvəldən olduqda, lakin sənəd gec təqdim edildikdə də güzəşt veteranlığın başladığı tarixdən və ya əmək müqaviləsinin qüvvəyə mindiyi tarixdən tətbiq edilir. Mən müəllim olduğum üçün müqaviləm həmişə olub. İndi xahiş edirəm bu məsələyə aydınlıq gətirin ki, kim haqlıdı?
03/04/2023 Oxunub: 81 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müharibə veteranı vəsiqəsi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsas iş yerinə təqdim edilməlidir.

Göründüyü kimi, sorğunuzda qeyd olunan arayış vergi güzəşti hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısında qeyd olunmuşdur. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən Sizin müharibə veteranı statusunuz yarandığı halda, müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sevinc Mustafayeva Eyyub se***@gmail.com ID: 7940
Salam. Mənim adıma VÖEN varmı? Mənim adımdan şəxsiyyət vəsiqəm ilə kimsə VÖEN aça bilər?
01/04/2023 Oxunub: 73 Orta qiymət: 5

Bildiririk ki,  Mustafayeva Sevinc Eyyub qızı adına VÖEN müəyyən edilməmişdir. Saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ni əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mirzəyev Elvin Azad oğlu el***@mail.ru ID: 7931
Salam, mən ABB ƏDV geri almaq üçün qeydiyyatdan keçmişdim, lakin hal-hazırda o nömrə aktiv deyil və nömrəni dəyişmək istəyirəm, necə edə bilərəm?
31/03/2023 Oxunub: 81 Orta qiymət: 1

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankına) müraciət etməyiniz tövsiyə olunur. 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Fuad Sadıqov Bədrəddin fu***@gmail.com ID: 7922
VÖEN bağlandığı halda mənə gəlir vergisi ilə bağlı bəyannamənin təqdim olunması tələb edilir. Mən nə etməliyəm?
30/03/2023 Oxunub: 165 Orta qiymət: 0

Bildiririk ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Daha ətraflı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə əldə edə bilərsiniz.   

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 30-cu, 149-cu və 221-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şahin Aslanov Zahid sa***@gmail.com ID: 7921
Salam Hörmətli Vergi Əməkdaşları! Bildiyimiz kimi VM-nin 175.4-cü maddəsinə əsasən əvəzləşməyən ƏDV məbləğləri yaranır müəssisələrdə , bilmək istərdim ki, həmin əvəzləşməyən ƏDV məbləğləri malın maya dəyərinə daxil edilərək Mənfəət bəyannaməsində gəlirdən çıxılan xərclərə aid edilirmi?
30/03/2023 Oxunub: 199 Orta qiymət: 5

Bildiririk ki, əvəzləşdirilməsi mümkün olmayan ƏDV məbləğinin gəlirdən çıxılması vergi məbləği üzərinə əlavə edilən müvafiq malın (işin, xidmətin) təyinatından asılı olaraq və Vergi Məcəlləsinin 108-ci, 109-cu və X fəslin digər aidiyyəti maddələri əsas götürülməklə gəlirdən çıxıla bilər.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əhmədov Elsevər Mədət oğlu el***@mail.ru ID: 7721
Salam, mənim atam Əhmədov Mədət Hümbət oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. Eyni zamanda Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 01.01.1994-cü il tarixdən Əhmədov Mədət Hümbət oğlu Şəhid, onun ailəsi isə Şəhid Ailəsi hesab edilir. ƏSAS: SHXÇDX-nin Kəpəz rayon şöbəsi üzrə şəhid olmuş ehtiyatda olan zabitlərin qeydiyyat kitabı səhifə 87 sıra sayı 10. Sualım belədir ki, Vergi Məcələsinin ( 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının--400 manat azadolma) və ( 102.1-1. şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır) bu iki maddəsində nəzərdə tutulan hər iki azadolma mənə aiddirmi? Yekunda mənim muzdlu işlə əlaqədar vergiyə cəlb olunan gəlirimin 1200 (800+400) manat olan hissəsi vergidən azaddırmı?
29/03/2023 Oxunub: 283 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qeyd olunanlara əsasən, sorğuda qeyd olunan halda şəhid adını almış şəxsin övladına 800 manat güzəşt tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Afiq Fərzəiyev Akif af***@gmail.com ID: 7914
1. Salam, bir neçə il öncə adıma VÖEN açdırmışdım. Sonradan lazım olmadığı üçün bağlatdırdım. Hal-hazırda adıma aktiv VÖEN olub-olmadığını necə öyrənə bilərəm? Eşitdiyimə görə bağlanmış VÖEN beş il sonra avtomatik aktivləşir. Zəhmət olmasa bu barədə məlumat verəsiniz? 2. Adıma VÖEN olub-olmadığını necə öyrənməliyəm?
29/03/2023 Oxunub: 120 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ini əldə edə bilərsiniz.

Müraciətiniz barədə ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elnarə Muxtarova Rövşən yu***@gmail.com ID: 7912
Salam. 1-ci qrup əlilə qulluq edən şəxslərin maaşından vergi tutulması azaddır?
29/03/2023 Oxunub: 127 Orta qiymət: 5

Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti:
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əhmədova Əsli Kamal qızı as***@gmail.com ID: 7910
Salam. Mən bilmək istəyirdim ki, şəhid ailə üzvləri üçün nəzərdə tutulan vergi güzəştinin məbləği hal-hazırda nə qədərdir? Qanun nə zamandan qüvvədədir və idarələrdə bu yeni vergi güzəştinin tətbiqi üçün mühasibatlıq sisteminə düşməsi vacibdirmi?
28/03/2023 Oxunub: 130 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Eyni zamanda əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin Vergi Məcəlləsinin 102-ci maddəsində sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci və 102.8-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağayeva Səbinə Sənan sa***@gmail.com ID: 7909
Salam. Analıq məzuniyyətinə 14 gün əlavə haqqında iş yerinə təqdim etdiyim sənədin üzərindən 5 həftə keçir, amma məbləğ ödəniş olunmayıb. Necə şikayət edə bilərəm?
28/03/2023 Oxunub: 113 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz daha məqsədəuyğundur

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədova İlahə ma***@gmail.com ID: 7907
Əgər A şirkəti hüquqi şəxs və B isə fiziki şəxdirsə və bunlar arasında icarə müqaviləsi bağlanırsa, A şirkəti B şəxsinə ÖMV daxil müqavilədə misal olaraq 300 manat ödədiyini göstərir. Yəni, 263 manat fiziki şəxsə, 37 man fiziki şəxsin əvəzindən vergiyə ödəyir. Bu zaman mənfəət vergisi bəyan olunanda bəyannamədə icarə xərci hissəsində hüquqi şəxs ÖMV ilə birgə ödənişi yeni 300 manat silməlidir yoxsa ÖMV-siz məbləği 263 man?
28/03/2023 Oxunub: 150 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Sorğunuzda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait  icarəyə verən şəxsə ödənilməlidir.

Odur ki, mahiyyət etibarı ilə icarı haqqının tərkib hissəsi olan ödəmə mənbəyində tutulan vergi də daxil olmaqla icarə haqqının məbləği Vergi Məcəlləsinin 108-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yəni gəlirin əldə olunması ilə bağlı olduğu halda gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 99.3-cü, 108-ci və 124-cü maddələri.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyeva Esmira Məmmədyar qızı e.***@rambler.ru ID: 7903
Sualım belədir: biz cari vergi ödəmələrinin hesablanması haqqında rüblük arayış təqdim edirik. ƏDV-yə keçəndən sonra bu arayış verilməlidir?
27/03/2023 Oxunub: 133 Orta qiymət: 5

Bildiririk ki, gəlir (mənfəət) vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.

Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü təqvimdə istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.

Əsas: Vergi Məcəlləsinin 149-cu və 151-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fuad fu***@gmail.com ID: 7902
Salam, mən VÖEN-i bağlatmışdım, ancaq indi yenidən bərpa etmək istəyirəm. Əgər bərpa olduqdan sonra hər ay hesabat göndərməliyəmmi? Baxmayaraq ki, işlədəcəyim ticarət obyektinin işə düşməsinə 2-3 ay var, lakin sənədləşmə işləri üçün (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) üçün indidən VÖEN aktiv olmalıdır. bu halda VÖEN-i bərpa etdirsəm yenə də hər ay hesabat göndərməliyəmmi?
27/03/2023 Oxunub: 129 Orta qiymət: 0

Bildiririk ki, fəaliyyətinizi aktivləşdirmək üçün vergi orqanına müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz. 

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya vergi orqanı tərəfindən verilən kod-parol olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Eyni zamanda bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və Vergilər Nazirliyi Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağayeva Lalə İman qızı fn***@azercell.com ID: 7901
Salam. Bildiyimiz kimi ezamiyyətə gedən işçilər tərəfindən imzalanmış avans hesabatı təqdim edilir. Bu hesabata da tesdiqedici sənədlərin əsli əlavə edilməlidir: - yerli ezamlarda ezamiyyə çıxış vərəqəsi, mehmanxana qəbzi, nəqliyyat qəbzi/bileti; - xarici ezamlarda passportun qeydiyyat vərəqəsin surəti/aviabilet minik talonları, mehmanxana ödənişləri, viza ödəniş qəbzi, taksi qəbzləri. Sualım bundan ibarətdir ki, qeyd olunan bütün sənədlərin uçotda yalniz scan (yəni elektron) versiyasi olarsa vergi orqanları tərəfindən yoxlama zamanı təsdiqedici sənədlər kimi qəbul olunacaqmı?
27/03/2023 Oxunub: 290 Orta qiymət: 1

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazisi daxilində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin  müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Həmçinin, ölkədaxili və xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilmişdir. 

Bunlarla yanaşı işəgötürən tərəfindən ezamiyyəyə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar .2012-ci il tarixdə 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” ilə tənzimlənir.

Qeyd olunan Qaydalarla tanış olmağınız, əlavə sual yaranarsa, ezamiyyənin rəsmiləşdirilməsinə dair izahatın verilməsi üzrə səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsi 108.4-cü maddəsi, Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı və Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Sübhan Məmmədov Musa oğlu (169.3) su***@gmail.com ID: 7900
Salam, mən 23.02.2023 tarixində "Zoom" kompaniyasına ödəniş etdim. Ödəniş edən zaman mənə bir lisenziya lazım idi, bilmədən on lisenziya almışam və həmin vaxt kartımdan 1994.72$ çıxdılar. Mənə mesaj gəldi ki, 613.44 manat vergi cıxıldı. Sonra mən "Zoom"-a mesaj yazıb 10 lisenziyanı bir lisenziyaya çevirdim və onlar doqquz lisenziyanın pulunu mənə qaytardılar, ancaq vergi qayıtmadı. Mən ABB banka zəng etdim, onlar da dedilər ki, ancaq onu Vergilər Nazirliyi ilə həll edə bilərsiniz. Ona görə sizə müraciət edirəm. Xahiş edirəm, bu işə baxasınız və mənə məlumat verəsiniz.
27/03/2023 Oxunub: 213 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılır. ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Umud İsmayılov Saday um***@mail.ru ID: 7895
Mənim adıma VÖEN olub, şifrəsini unutmuşam. Necə bilə bilərəm onu? Borcum var ya yoxdur, bilmək istərdim.
24/03/2023 Oxunub: 104 Orta qiymət: 1

Bildiririk ki, İsmayılov Umud Saday oğlu vergi ödəyicisi kimi uçotdadır (VÖEN 3200464222). Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti müvəqqəti dayandırılmışdır və ödənilməmiş vergi borcu müəyyən edilməmişdir. 

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. 

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Əli Vəlizadə Allahverdi va***@gmail.com ID: 7894
Salam. İşçiyə maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verilən maddi yardım sığortaolunan və sığortaedən tərəfindən DSMF, icbari və işsizlik üzrə sosial tutulmalara cəlb olunurmu?
24/03/2023 Oxunub: 291 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Sorğunuzda qeyd olunan maddi yardımın vergi və məcburi dövlət sosial sığorta haqlarından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından ümumi qaydada gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları hesablanır.

Bunlardan əlavə, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

İşsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır. 

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir. Sığortaedən tərəfindən ödənilən işsizlikdən sığorta haqqı ilə sığortaolunanın ödədiyi işsizlikdən sığorta haqqı məbləğləri fərqli məbləğlər ola bilər.

Həmçinin bildiririk ki, əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər sığortaedən nə sığortaolunan üzrə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunan gəlirlərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 109.3-cü və Əmək Məcəlləsinin 157-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Bayraməli Suliyev Dilan sb***@yandex.ru ID: 7892
Türkiyəyə səfər edəcəm, oradan dönən zaman özümə televizor alıb gətirəcəm. Onun ücün rüsum ödənilirmi? Ödənilirsə məbləğ nə qədərdir? Əvəlcədən təşəkkürlər.
21/03/2023 Oxunub: 119 Orta qiymət: 1

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

1/5 (1 Orta qiymət)
Qiymət ver: